Şuşanın tarixi
1747-ci ildə İran şahı Nadir Xorasanda öldürüldükdən sonra onun qılınc gücünə yaratdığı dövlət dağıldı. Mərkəzi hakimiyyət zəiflədi. Səfəvilər dövlətinin ərazisində 20-yə qədər xanlıqlar yarandı. Ərazicə ən böyük xanlıqlardan biri də Qarabağ xanlığı idi. Bu xanlığın əsasını Pənah Əli xan qoymuş və onun mərkəzi şiş uclu dağlar əhatəsində yеrləşən Pənahabad sonralar Qala, Şişə və nəhayət Şuşa adlandırılmışdır. Əsrlər boyu bu şəhər Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri olmuş və onun tarixi Azərbaycan dövlətinin tarixinin ayrılmaz bir hissəsidir.
Pənah xan 1693-cü ildə Cavanşir elinin Sarıcalı oymağında varlı bir ailədə anadan olmuşdur. Pənah xanın əsil-nəsibi Cavanşir elindəndir. Bu tayfa Bəhmənli elinin bir qolu olan Sarıcalı oymağındandır. Bunların ata-babaları Cavanşir eli arasında məşhur, adlı-sanlı, çörəkli, mal-dövlət və ehsan sahibi olmuş adamlar idi. Pənah xanın atasına İbrahimxəlil ağa, babasına isə Pənahəli bəy deyərmişlər. Bunların hər ikisi Sarıcalı – Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, döyüşlərdə, xüsusilə Nadir şahın apardığı müharibələrdə igidlik göstərmişlər.(Qarabağnamələr. 1-ci kitab. “Yazıçı” B., 1989. səh. 110)
Bəzi tarixçilər Cavanşir elinin, xüsusilə Pənah xanın Çingiz xanın nəslindən olduğunu iddia edirlər. Qarabağ tarixçisi Mir Mehdi Xəzani özünün “Kitabi-Tarixi-Qarabağ” əsərində Pənah xanın Hülakü xanın (1256-1265) nəvəsi Arqun xanın (1284-1291) nəslindən olması haqqında ehtimal edir. (Qarabağnamələr. 2-ci kitab. “Yazıçı” B., 1991. səh. 105)
Bəzi tədqiqatçılar Cavanşir tayfalarının mənşəyini aydınlaşdırarkən Rzaqulu xan Hidayətin “Rövzətüs səfa” əsərinə istinad edirlər. Bu əsərdə deyilir ki, Oşirxan Oğuz xanın dördüncü öğlu Yıldız xanın oğludur. Bunlar Ovşar və əfşarlar adlanırlar. Cavanşir tayfası Hülakü xanın 120 minlik ordusunun tərkibinə daxil olmuşdur. Onlar Əmir Teymurun hökmranlığı dövründə ikinci dəfə Rumdan geri qayıdaraq Türküstan, Qəndəhar, Kabil və İrana dağılırlar. Bu tayfanın bir qolu Səfəvilər döründə (I Şah Abbas) İbrahimxəlil ağanın başçılığı ilə Qarabağda və Aranda qalmışdı. Nadir şahın hökmranlığı (1736-1747) dövründə bu qolun başçısı İbrahimxəlil xan idi. Şah onları Sərəxsə köçürmüşdü. Nadirin öldürülməsindən sonra Cavanşir tayfasının bir hissəsi Sərəxsdən Qarabağa qayıtmışdı. (Cş Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. “Yazıçı” B., 1986. səh. 112) O dövrdə Qarabağda Cavanşir tayfasından başqa Otuzikilər, Kəbirli və Əfşar tayfaları da mövcud idi.
Pənah xan gənc yaşlarından İran şahı Nadirin ordusunda xidmət etmiş, onun bir çox hərbi səfərlərində iştirak edərək qəhrəmanlıq göstərmişdi. Nadir şah Pənah xanın igidliyini və istedadını nəzərə alaraq onu ordularından birinə sərkərdə təyin etmişdi. Lakin bir neçə il keçdikdən sonra Pənah xanın paxılığını çəkən bir neçə saray əyyanları Nadir şaha xəbər verirlər ki, guya Pənah xan Şahı öldürüb İran taxtına sahib olmaq istəyir. Nadir şah bu xəbərə inanıb Pənah xanın qardaşını öldürür. Vəziyyəti belə görən Pənah xan şah sarayından qaçır. Pənah xan bir neçə vaxt yaxın adamları ilə birlikdə Qəbələ, Şəki və Dağıstan mahallarını dolaşdıqdan sonra öz doğma vətəninə qayıdır.
Nadir şahın ölümündən sonra Pənah xan Qarabağda Cavanşirlər, Otuzikilər və s. türk tayfalarının köməyindən istifadə edib Qarabağ xanlığının əsasını qoyur.
Qarabağ ərazisi yaradılarkən onun ərazisi geniş idi. Bir çox tədqiqatçıların və tarixçilərin yazdığına görə o zaman xanlığın ərazisi Cənub tərəfdən Xudafərin körpüsündən “Sınıq körpü”yə (Qırmızı körpü) qədər, şərq tərəfdən Kür çayının araz çayı ilə birləşən Cavad kəndinə qədər uzanırdı. Qərb tərəfdən isə hündür Qarabağ dağları ilə əhatə olunub, uzunluğu 275 verst, eni isə 200 verst sahəni əhatə edirdi. Şimal tərəfdən isə Qarabağ Gəncə ətrafına, yəni Goran çayına qədər uzanırdı. Bunlardan əlavə Mil və Muğan düzlərinin bir hissəsi də Qarabağ düzənliklərinə qarışırdı. Zəngəzur, Sisyan, Qapan, Naxçıvan sərhəddi və Ordubadın Əylis kəndinə qədər geniş sahələr Qarabağın inzibati ərazi bölgüsünə aid idi.
Pənah xan Qarabağın qüdrətini artırmaq, onun ərazisini genişləndirmək üçün Mehri, Güney mahallarını Bərgüşada qədər Qaradağ hakiminin əlindən alıb özünə tabe etdi. Zəngəzur mahalını Təbriz bəylərbəyindən aldı. Bundan başqa Kolanılıların məskəni olan Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtər çayı sahillərindəki yerləri də aldı.
Bundan başqa Naxçıvan elindən olub, bir minbaşıya tabe olan, Kəngərli eli, Gürcüstandakı Dəmirçi Həsənlilər eli, eyni zamanda Cinni tayfası da Qarabağ xanına pənah gətirdi. Qarabağ xanlığını qonşu xanlıqların hücumundan qorumaq üçün Pənah xan Kəbirli mahalında Bayat qalasını tikdirdi. Qalanın tikilişi 1748-ci ildə başa çatdı. Xan öz ailə və qohumlarını, əyanları qalaya köçürtdü. Bundan əlavə ətraf kəndlərin əhalisi, habelə Təbriz, Ərdəbil vilayətlərinin bir çox sənətkarları öz ailələri ilə birlikdə gəlib Bayat qalasında yerləşdilər.
Pənah xanın Qarabağda şöhrət qazanmasını görən Şəki və Şirvan xanları təşvişə düşərək Pənah xana qarşı hərbi ittifaq bağladılar. Şəki xanı Hacı Çələbi, Şirvan xanlığından qüvvə alıb Bayat qalasını mühasirəyə alsa da, qalanı ala bilmədi. Müttəfiqlər böyük itki verərək geri çəkildilər. Tarixçi Mirzə camalın dediyinə görə Hacı Çələbi xan geri qayıdaraq demişdi: “Pənah xan bir xan idi. Biz gəldik, onunla dava elədik və bir iş də görə bilmədik. Biz indi onu şah edib qayıdırıq”
Pənah xan ona qarşı olan arası kəsilməyən hücumları nəzərə alaraq, xanlığın mərkəzini strateji cəhətdən Bayat qalasından möhkəm olan Şahbulaq (Ağdam yaxınlığında) adlanan yerə köçürtdü. Pənah xan xanlıq mərkəzini Şahbulağa köçürtdükdən sonra bir neçə il Xaçın məlikləri ilə mübarizə etməli oldu. Xaçın məliki yerli feodallarla birləşib Qarabağ xanı ilə müharibəyə başladılar. Pənah xan bu dəfə də düşmənə ağır zərbə vurub, onları özünə tabe etdi.
Bu qələbədən sonra Pənah xanın şöhrəti hər yana yayıldı. Şəki, Şirvan, Gəncə, İrəvan, Naxçıvan, Təbriz və Qaradağ xanlıqları Pənah xanın yanına elçi göndərib onunla dost və müttəfiq olmaq istədiklərini bildirdilər.
Pənah xana öz xanlığını idarə etmək və xarici düşmənlərin hücumlarından qorunmaq üçün həmişəlik olaraq möhkəm bir qala, mərkəz lazım idi. Belə bir qala yeri tapmaq üçün xanın bir neçə nəfər bilici və məlumatlı adamı dağ silsilələrini gəzib indiki Şuşa şəhərinin yerləşdiyi yeri tapırlar. O zaman bu yer meşə ilə örtülü idi. Pənah xan öz yaxın adamları ilə təcili olaraq bura gəlir, meşənin ətrafını gəzərək üç tərəfdən möhkəm sıldırım qayalarla əhatə olunduğunu görür. Bu sıldırım qayalar müdafiə üçün çox əlverişli olub möhkəm və keçilməz təbii səngər idi. Xan təzə yerlə tanış olub hasarın çəkilməsi işinə sərəncam verir.
Beləliklə, 1752-ci ildə Qarabağın ən səfalı guşəsində, uca dağ qoynunda yeni qalanın bünövrəsi qoyuldu. Pənah xan Təbriz, Ərdəbil və başqa şəhərlərdən məşhur ustalar (bənnalar) gətirtdirdi və hasarın içərisində yeni binalar və özü üçün saray tikdirdi. Xan qalanın şimal və şərq hissəsini yüksək hasar ilə əhatə etdirdi. Hündür bürclər qoydurdu. Qalanın “İrəvan” və “Gəncə” adlı iki möhkəm qapısı var idi. Pənah xan Qarabağın Seyidli, Çuxur məhəllə, Köçərli, Saatlı, Merdinli, Qurdlar, Culfalar və başqa kəndlərindən əhalinin bir hissəsini qalaya topladı. Yerli əhali yeni salınmış şəhəri Pənah xanın şərəfinə olaraq “Pənahabad” adlandırdılar. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib. Bu qalaya hücum edən Məhəmməd Həsən xan Qacar(1757), Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar(1795) onu ala bilməmişdilər.
Pənah xanın hakimiyyəti illərində onun səyi və qayğısı nəticəsində Pənahabad (Şuşa) şəhəri böyük bir ticarət mərkəzi oldu. Şəhərdə tikinti işləri sürətlə genişlənirdi. Şəhərdə əhalini su ilə təmin etmək üçün bir neçə quyu qazıldı. Şəhərdə bazar meydançası, məscid, hamam, mədrəsə və s. inşa edilmişdi. XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Şuşada olmuş səyyahların verdiyi məlumatlara görə o zaman şəhərdə 2 minə qədər ev və 10 mindən yuxarı adam yaşayırdı. (F.Əliyev Yeni salınmış şəhərdəki tikinti işləri, xüsusilə meydançalar, evlər və küçələr, Azərbaycanın Bərdə, Gəncə, Şamaxı kimi qədim şəhərlərindəkindən seçilirdi. Şuşanın küçələri nisbətən geniş, evlərin damı isə başqa müsəlman şəhərlərinin evləri kimi yastı deyil, bucaq şəklində idi.
Pənah xanın ölümündən sonra onun oğlu İbrahimxəlil xan 1760-cı ildən 1806-cı ilədək Qarabağın hakimi oldu. İbrahim xan öz dövrünün bacarıqlı və siyasətcil dövlət xadimlərindən biri idi. Onun dövründə Qarabağ xanlığı daha da gücləndi. Onun nüfuzu və hökmü Naxçıvan, Gəncə, Şəki, Şirvan və Azərbaycanın bir sıra cənub xanlıqlarına da yayılmışdı. (Firidun Şuşinski. “Şuşa”. Bakı. Gənclik. 1998)
. XIX əsrin əvvəllərinə aid statistik məlumatlar göstərir ki, xristian əhali yalnız Şuşada deyil, həm də bütün Qarabağ xanlığında əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ilə aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Qarabağ xanlığında yaşayan 20035 ailədən 15729-nu azərbaycanlı, 4366-nı isə xristian (alban mənşəli) ailələri təşkil edirdi.
Göründüyü kimi, XIX əsrin əvvəllərinə qədər Qarabağda, o cümlədən Şuşada yaşayan əhalinin mütləq əksəriyyətini azərbaycanlılar (türklər) təşkil edirdi. Rusiya ilə Qarabağ xanlığı arasında 4 may 1805-ci il Кürəкçay müqaviləsinin imzalanması ilə Rus imperiyasının tərkibinə daxil olan Qarabağ ərazilərinin xristianlaşdırılması siyasətinin əsasını qоyuldu. Bölgədə alban mənşəli xristian əhalinin erməniləşmə prosesinin başa çatması və ermənilərin (hayların) sayının sürətlə artması Rusiyanın 1828-ci ildə Qacarlarla (İranla) Türkmənçay və 1829-cu ildə isə Osmanlı Türkiyəsi ilə imzaladığı Ədirnə müqavilələrindən sonra baş verdi. Cənubi Qafqazın işğalını başa çatdıran çar Rusiyası burada öz mövqelərini möhkəmləndirmək üçün ermənilərdən istifadə etmək qərarına gəldi. Adları çəkilən müqavilələrin şərtlərinə əsasən ermənilərin İrandan və Osmanlı Türkiyəsindən Cənubi Qafqaza, əsasən tarixi Azərbaycan torpaqlarına (Qarabağ, İrəvan, Zəngəzur, Göyçə və s.) köçürülməsinə başlanıldı. Məhz bu kütləvi köçürmələrin nəticəsi idi ki, Türkmənçay müqaviləsindən keçən illər ərzində Cənubi Qafqazda ermənilərin sayı, təxminən 4,5 dəfə artmışdı. Кöçürmə siyasəti nəticəsində azərbaycanlıların (türklərin) sayı 64,8 %-ə еndi, еrmənilərin sayı isə 34,8 %-ə qalхdı. Rus qafqazşünası N.Şavrov yazırdı ki, “XX əsrin əvvəllərində Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyonu gəlmədir”.
Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olmuş və inkişaf etmişdir Rusiyanın Cənubi Qafqazda həyata keçirdiyi işğalçılıq və zorakı xristianlaşdırma siyasəti Şuşa şəhərinin həm inzibati statusuna, həm də demoqrafik vəziyyətinə ciddi təsir göstərirdi. Şəhər 1822-ci ildə Qarabağ xanlığı ləğv edildikdən sonra yeni yaradılmış Qarabağ əyalətinin, 1840-cı ildə isə Şuşa qəzasının mərkəzinə çevrildi.
Çar hökumətinin himayədarlığı ilə Şuşada ermənilər azərbaycanlıları (türkləri) sıxışdırmağa başladılar. 1905-ci ilin iyun ayının 13-də Qarabağda, Gəncə quberniyasının Karyagin qəzasında erməni-müsəlman toqquşmaları başladı. 1905-1906-ci illərdə Cənubi Qafqazda ən güclü ermənilərin yerli türk-müsəlman əhalisinə qarşı təcavüzü daşnak partiyasının Tiflis, Bakı şəhərlərindən sonra güclü təşkilatı olan Şuşa şəhərində olmuşdur. Ermənilər öz qarşılarına qoyduqları məqsədə çatmaq üçün durmadan səngərlər tikir, silahlanır, vilayətlərdən, şəhər və kəndlərdən Şuşaya canlı qüvvə gətirirdilər.
1905-ci il avqustun 16-da isə ermənilər azərbaycanlıların üzərinə hücuma keçdilər. Onlar Köçərli və Xəlfəli məhəllələrində yaşayan xeyli azərbaycanlı əhalisinə qarşı böyük vəhşiliklər törətdilər. (Şuşa-Qədim Azərbaycan diyarı. Bakı-2009) Ruslar ermənilərə böyük kömək göstərirdilər. Lakin Şuşalıların qəhrəmanlıqları nəticəsində onlar törətdikləri vəhşiliklərə baxmayaraq öz istəklərinə tam çata bilmədilər. Şəhər özünü qoruya bildi. Avqust ayının 17-də “Difai” partiyasının rəhbərliyi altında yaxşı təşkil olunmuş müdafiə və hücumdan sonra ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur oldular.
Şuşa müsəlmanlarına köməyə gələn şəhər ətrafı türk-müsəlman kəndlərinin silahlı dəstələri Tiflis və Gəncə şəhərlərindən və erməni kəndlərindən ermənilərə köməyə gələn yüzlərlə erməni silahlılarını məhv etdilər.. Şuşada döyüş üstünlüyünü saxlayan türk-müsəlman silahlı dəstələri avqust ayının 21-nə kimi erməni daşnak silahlı dəstələrini şəhərdən qovub çıxarmağa nail oldular. 1905-ci il avqust hadisələrində Şuşa şəhərində yüzə kimi türk-müsəlman erməni silahlıları tərəfindən öldürülmüş və iyirmiyə qədər müsəlman evi yandırılmışdır. 1905-ci il sentyabr ayının 10- dək Şuşada atəş səsləri kəsilmədi. Qafqaz canişini Voronsov-Daşkovun Şuşa şəhərinə gəlməsi ilə atəş dayandırıldı. Sentyabrın 14-də sülh elan olundu.
1918-20-ci illərdə də ermənilər Şuşa üzərinə dəfələrlə hücum edib onu yandırsa da şuşalılar qəhrəmanlıqla müdafiə olunaraq, böyük itkilər hesabına şəhəri ermənilərə təhvil vermədilər. Şəhərin müdafiəsində Şuşanın Axundu Hacı Molla Şükür Məhərrəmzadənin böyük xidmətləri olmuşdur.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması Qarabağa, o cümlədən, Şuşaya dinclik gətirmədi. Yüksək rütbəli sovet rəhbərliyinin himayədarlığı ilə Dağlıq Qarabağda rəhbər vəzifələrə sahib olmuş ermənilər indi öz məkrli siyasətlərini “sinfi mübarizə adı altında həyata keçirir, bölgənin azərbaycanlı (türk.) əhalisinə qarşı, sözün əsl mənasında, soyqırım və deportasiya siyasəti yeridirdilər. 1920-1937-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs etdirilmiş, güllələnmiş və təqiblərə məruz qalmışdı. Şəhərin bir çox bəyləri əhalinin gözü qarşısında güllələnmişdi. Azərbaycanlı ailələrin xeyli hissəsi erməni təqiblərindən xilas olmağın yeganə yolunu Şuşanı tərk edərək İrana və Türkiyəyə qaçmaqda görürdülər. Həyat keçirilən bu repressiyalar şəhərdə azərbaycanlıların sayının daha da azalmasına səbəb olmuşdu.
Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qalmışdı. 1921-ci ildə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi. Lakin bu qərar 1923-cü ildə dəyişdirilərək Vilayətin mərkəzi Xankəndi seçildi. Ermənilər Azərbaycana qarşı hazırladıqları planları Şuşadan həyata keçirməyin heç də asan olmayacağını başa düşüb bu qərarın həyata keçirilməsinə nail olmuşdular. 1923-cü ildə Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil edildi. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi statusdan – bütün Qarabağın mərkəzi statusundan məhrum edildi.
Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri onun qısa müddətə də olsa, rayon mərkəzi statusundan məhrum edilməsi oldu. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə qatıldı. Yalnız N.S.Xruşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edildi.
Şuşa şəhərinin yenidən dirçəldilməsi yalnız 1969-cu ildə H.Əliyevin Azərbaycana rəhbər təyin edilməsindən sonra mümkün oldu. 1977-ci ilin avqust ayında Azərbaycan SSR Nazirlər Soveti onun təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etdi. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün də xeyli iş görüldü. Bütün Azərbaycanda tar, kamança, ud, nağara və s musiqi alətləri istehsal edən yeganə Şərq Milli musiqi alətləri fabriki istifadəyə verildi.
Mənbə : Şuşa-Qədim Azərbaycan diyarı. Bakı-2009
Qarabağ yaddaş, Bakı, “MHS - poliqraf”, 2010, 192 səh.
0 Rəy