Bülbülcan

Qədim Tiflisin Qolovinski (indiki Rustaveli ) prospekti həmişəki kimi qələbəlik idi. Birdən əynində vəznəli çuxa, atlas arxalıq, başında gümüşü papaq, çiynin də aynalı tüfəng, qolunun üstündə qızıl quş olan bir atlı gəlib keçdi. Adamlar ayaq saxlayıb heyrətlə ona tamaşa etməyə başladılar. İncə ayaqlı Qarabağ atının və onun üstündəki adamın gözəlliyi baxanları heyran edirdi. Bu adam kimdir? O, baş küçədən nə hünərlə belə keçib gedir? Axı, Qolovinski prospektində at sürməyə yalnız Qafqaz canişininin və onun ən yaxın adamlarının ixtiyarı var. Lakin buradan Koroğlu vüqarı ilə at sürən adamın Qafqaz canişini ilə heç bir yaxınlığı yox idi. Bu, Azərbaycan xanəndəsi Əbdülbaqi Bülbülcan idi. Bu küçədən at sürməyə cəsarət etmişdir?!.

Bu hadisənin çox maraqlı bir tarixi vardır: rus çarlarından III Aleksandr 1888-ci ilin payızında öz ailəsi ilə birlikdə Qafqaza səyahətə gəlmişdi. Çarın Tiflisə gəlişi münasibətilə Şəhərin ən gözəl güşəsi olan “Müctehid bağı”nda  böyük  şənlik təşkil edilmişdi. Çalan kim, oynayan kim, hamı təzə libasda idi. Əbdülbaqi Bülbülcan da öz dəstəsi ilə bu şənlikdə iştirak edirdi. Cabbar Qaryağdı oğlunun yazdığına görə həmin məclisdə çarın sağlığına badə qaldırılarkən, Bülbülcan elə bir zəngurə vurur ki,  III Aleksandr və arvadı onun səsinə heyran qalırlar. Bundan sonra III Aleksandr Qafqazı gəzditi müddətdə Bülbülcan onun məclislərində iştirak edir.

Çar qayıdıb Rusiyaya gedərkən Qafqaz canişininə tapşırır ki, Əbdülbaqinin nə arzusu olsa yerinə yetirsin. Canişin, Əbdülbaqinin çağırıb çarın tapşırığını ona bildirdikdə , Bülbülcan xahiş edir ki. Ona bir aynalı tüfəng bağışlasın və Qolovinski küçəsindən at sürməyə icazə versin . ( Bülbülcan nadir istedada malik bir xanəndə olmaqla bərabər, gözəl at minən və yaxşı ovçu idi) Qafqaz canişini onun xahişini yerinə yetirir. 

Əbdülbaqi Bülbülcan Kərbalayı Əli oğlu Zülalov 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Başqa xanəndələr kimi Əbdülbaqinin də bir sənətkar kimi yetişməsində “ Qafqaz konservatoriyası” adlanan Şuşanın musiqi həyatı həlledici rol oynamışdı.

1875-ci ilin əvvəllərində Əbdülbaqi Tiflis şəhərinə köçür. Zaqafqaziyanın mədəniyyət mərkəzi sayılan Tiflisdə xeyriyyə məqsədi ilə tez-tez konsertlər verilirdi. Həmin konsertlərdə yerli xanəndələr ilə birlikdə məşhur rus, italyan müğənniləri və musiqiçiləri də çıxış edirdilər.

Əbdülbaqi Tiflisdə ilk dəfə böyük tarzən Sadıqcanın müşayiəti ilə oxumuşdur. İlk çıxışından sonra onların adı nəinki Tiflisdə, bütün Gürcüstanda məşhurlaşır. Az vaxtda o, Tiflisdə yaşayan müxtəlif tərkibli əhalinin sevimli müğənnisi olur. Əbdülbaqi qısa müddət ərzində gürcü dilinidə mükəmməl öyrənir. O öz oxumaları ilə gürcü dinləyicilərini vəcdə gətirir. 

Az bir vaxtda Əbdülbaqi elə bir şöhrət qazanır ki, bütün Tiflisdə ona “Bülbülcan” deyirlər.

1900-cü ilin may ayında İran hakimi Müzəffərəddin şahın Tiflisə gəlməsi münasibəti ilə Saray bağında düzəldilən böyük məclisdə adlı-sanlı xanəndələr arasında Əbdülbaqidə vardı. Əbdülbaqi bu məclisdə elə bir məharətlə oxuyur ki, Müzəffərəddin şah heyran qalır. O, Əbdülbaqini xanəndəlik hünərinə görə “Şirin Xurşid” ordeni ilə təltif edir.

Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra Bülbülcan Bakıya gəlir və Şərq konservatoriyasında müəllimlik edir. 

Əbdülbaqinin bir çox layiqli və istedadlı şagirdləri olmuşdur. Cabbar Qaryağdıoğlu, Musa Şuşinski, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Vahab bəy, Molla Abbas, Seyid Şuşinski kimi məşhur xanəndələr ondan çox şey öyrənmişlər. Zülalovlar ailəsinin Azərbaycan incəsənət tarixində “istedadlar ailəsi” kimi tanınması təsadüfü deyildi. Əbdülbaqinin qızı, nəvəsi və qardaşı uşaqları: Əzizə xanım, Sona xanım, Əli və Qəmbər gözəl səsləri ilə Bülbülcanın nəcib ənənələrini layiqincə davam etdirmişlər. 

Bülbülcanın 70 illik xanəndəlik fəaliyyətini və Azərbaycan musiqisinin inkişafı tarixindəki xidmətlərini nəzərə alan Sovet hökuməti böyük sənətkarı əmək qəhrəmanı kimi yüksək ada layiq görmüş və ona şəxsi təqaüd təyin etmişdi. 

Böyük sənətkar Əbdülbaqi Bülbülcan 1927-ci ilin avqust ayında Bakıda 86 yaşında vəfat etmişdir. 

Firidun Şuşinski

Azərbaycan Xalq Musiqiçiləri

kitabı, Bakı Yazıçı 1985

shushainfo.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin