Ağabəyim ağa

Mən aşiqəm, Qarabağ,
Qara salxım, qara bağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.

Bu misraların müəllifi təkcə Azərbaycanın deyil, yaşadığı ölkənin də tarix və ədəbiyyatında görkəmli yer tutan xanım Ağabəyim ağadır. Ağabəyim ağa – İbrahim xanın gəncəli Cavad xanın qızı Tuti Bəyimdən olan qızıdır.Ağabəyim ağa 1780-ci ildə Şuşada dünyaya gəlmiş, qayğısız uşaqlıq illəri keçirmiş və saray tərbiyəsi görmüşdü. Gözəl və istedadlı olmaqla yanaşı, atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi. Fitri istedadı, diplomat məharəti və bədii ustalığı dillər dastanı idi. Lakin onun firavan dövrü uzun sürmür. Şairə çox sevdiyi Qarabağdan həmişəlik olaraq ayrılır, özü istəməsə də yad bir diyarda ömür sürməli olur. Belə ki, Ağaməhəmməd şah Qacar Şuşada öldürüldükdən sonra İbrahimxəlil xan ədavəti aradan götürmək məqsədi ilə Qacarın cənazəsini böyük ehtiramla Tehrana göndərir. Fətəli şah İbrahim xanın bu hərəkətini məmnunluqla qarşılayır və adamlarını xələt və ənamla geri qaytarır. Ona hədiyyə olaraq qılınc göndərir və İbrahim xanla qohum olmaq niyyətini bildirir. Ürəyindən olmasa da İbrahimxəlil xan da bu təkliflə razılaşmalı olur. İbrahim xan xan qızı Ağabəyim ağanı 200-dən çox xidmətçisiylə birlikdə Qarabağdan Tehran sarayına göndərir.

İrana yola düşərkən şairə Qarabağ torpağına sonsuz məhəbbət əlaməti olaraq «Xorrəm onku be səri ku-ye to ça-ye darəd» (Xoş o kəsin halına ki, sənin qoynunda məskən salıb) misrası ilə başlayan farsca məşhur rübaisini yazır.
Fətəli Şah böyük tədarük görərək hörmət və izzətlə Ağabəyim Ağanın kəbinini kəsdirib, onu qadınlarının möhtərəmi və hərəmbaşısı edir.
Deyilənə görə, gözəl xanımlar Fətəli şahın hərəmxanasına daxil olanda ilk olaraq çox bahalı və zərif paltarlar olan otağa girməli, bu paltarlardan ürəkləri istəyən ən bahalısını seçməli və şahın hüzüruna bu paltarda getməli imişlər. Ağa bəyim ağa bilirmiş ki, şahın anasının paltarları da bu paltarlar arasındadır və qəsdən bu paltarı seçib geyinmişdi. Fətəli şah Ağa bəyim ağanı anasının paltarında görəndə özünü itirmiş, əhvalı dəyişmişdi.

Şah sarayında Ağabəyim Ağa ərəb və fars dilləri ilə yanaşı, ingilis və fransız dillərini də mənimsəyir. Bu dillərin vasitəsilə şərqin və Avropanın məşhur şarzadələri və kraliçaları ilə ünsiyyət qurmuşdu. 1811-ci ildə İngiltərə kralının İrana səfir təyin etdiyi Ser Orelin Fətəli şahla görüş zamanı etimadnaməsini təqdim edərkən Ağabəyim Ağaya kral və kraliça adından almas ənbəçə (arxalıq) bağışlamışdı.

Şah bir gün Ağabəyim ağaya böyük bir şeir dəftərini verib deyir ki, «Oxu, bəyənmədiyin şeirin üstünə barmağını qoyarsan». Ağabəyim ağa da şahın şeirlərini oxuyub, dəftəri çevirir və şəhadət barmağını qoyur üstünə. Şah qulaqlarına qədər qızarır.
Mirabbas Mirbağırzadə yazır: «Ağabəyim Ağa Qacar sarayında Ağabacı adlanırdı. Şah ona və məiyətinə böyük varidat və ömri-məaş ayırmışdı. Ağabacı xanım olduqca ləyaqətli, vüqarlı və əzəmətli xanım idi. Oxumuşdu, aqilə, kamilə və ədibə idi. … Fətəli şah Ağabəyim ağanın əqlü-kəmalını çox bəyənmişdi. Onunla qohum olduğundan hər zaman məmnun olduğunu söylərmiş».

Ağabəyim ağa gözəlliyi ilə ad qazandığı kimi, iti hafizəsi və yüksək nitq mədəniyyəti ilə də şöhrət qazanmışdı. O, İranın ictimai-mədəni həyatı ilə, siyasi məsələlərilə maraqlanan ilk qadınlardan olmuşdu. Həmçinin Rusiya-İran münaqişəsinin barışıqla nəticələnməsinə aid sənədlərdə onun da adı çəkilir.

Ağabəyim Ağa dövlətin xarici əlaqələri ilə bağlı və dövrün bir çox münəvvərləri ilə məktublaşmışdı. İran səfərinə çıxmış İngiltərə kralı Ağabəyim ağanın camalına və kamalına heyran olaraq öz əli ilə ona «Müqəddəs Georgi» ordeni təqdim edir. Ağabəyim ağa bu ödülü almış yeganə türk qadınıdır.

Ağabəyim Ağa sarayda cah-cəlal içərisində dolansa da, Vətən həsrəti onu sakit qoymurdu. Onun könlünü şad etmək, sevindirmək üçün Fətəli şah Tehranda Vətən bağı adlı möhtəşəm bir bağ saldırır. Şuşada bitən bütün ağac, gül-çiçəyi burada əkdirir ki, Ağabəyim doğma yerlərin havasını bu bağdan ala bilsin. Bəlkə onda könlü açılar. Hətta bağbanı da Şuşadan gətirirlər. Lakin Ağabəyim bağa seyrə çıxarkən çox qəmlənir. Dərindən ah çəkərək ağlayır. Bütün saray əhli bu vəziyyətə heyrət kəsilir. Çünki «Vətən bağı» elə Şuşanın bir parçası idi. Ağabəyim üzüntüsünü şeirində belə ifadə edir:

«Vətən bağı» al-əlvandır,
Yox üstündə Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül.

Mehdi Bamdad yazır: «Dəfələrlə belə olurdu ki, artıq yaşı ötmüş Ağabacı ağa otağa daxil olanda, Fətəli şahın diqqət mərkəzində olan cavan və yaraşıqlı xanımı Tacüd-dövlə ona hörmət əlaməti olaraq dərhal ayağa qalxır və Ağabacı ağa əyləşənə kimi ayaq üstə dururdu».
Tarixçilər yazır ki, Ağabacı ağa məğrur qadın idi və onun yanında ədəbsizliyə yol verilməsin deyə, çox vaxt imamzadə Qasim məqbərəsindəki hücrəsində tənha qalırdı. Sonralar Qumu ona verdilər. Həyatının sonuna yaxın Ağabəyim Ağa sarayı tərk edərək Qum şəhərində ona məxsus olan qəsrə köçmüş və bir hücrədə sakit yaşamışdı. Qarabağdan gətirdiyi, zəkalı və tanınmış şəxslərdən ibarət olan 200-dən artıq xidmətçi və nökər ona qulluq edirdi, Qumun vergisinin bir hissəsi də ona çatırdı.
Bəzi mənbələr Ağabacı Ağanın «Tuuti» təxəllüsü ilə də türkçə və farsca şeir də yazdığına işarə edir. Onun farsca şeirləri «Divani-Baci» adı ilə yayımlanıb. Yeri gəlmişkən ədiblərin bildirdiyinə görə, «Qarabağ şikəstəsi» də sözləri və musiqisi ilə birgə Ağabəyim ağanındır.
Daşaltı çayı üzərindəki qədim körpü də Ağabəyim ağanın adı ilə bağlıdır.

Ağabəyim ağanın Azərbaycan və fars dillərində bir çox mənzumələri olmuşdur:

Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim, ömrüm necə gəldi, necə getdi.

Azərbaycanın böyük qızı, şairə Ağabəyim ağa 1832-ci ildə Qum şəhərində vəfat etmişdir.Qum şəhərindəki xanədan sahiblərinə məxsus qəbristanlıqda dəfn olunub.

Səbuhi Şuşalı

Rəylər

Aşağıdakı məlumatları qeyd edin