Ermənistan Rusiyaya meydan oxuyur - Moskvadan vacib REAKSİYA

Son zamanlar Ermənistan və Rusiya arasında münasibətlərin gərginləşdiyi müşahidə edilir. Hər iki tərəfin rəsmiləri qarşılıqlı ittihamlar səsləndirir, bir-birini günahlandırır. Bir neçə gün əvvəl Ermənistan Baş nazir Nikol Paşinyan ölkəsinin Rusiyadan çox da asılı olmadığını bildirib.

 

Münasibətlərin gərginləşməsi fonunda Ermənistan və ABŞ ordularının birgə hərbi təlimlər keçirəcəyi açıqlanıb.  "Reuters" agentliyinin məlumatına görə, 11-20 sentyabrda keçiriləcək təlimdə ABŞ tərəfdən 85, Ermənistan tərəfdən 175 hərbçi iştirak edəcək. Məlumata görə, təlimdə iştiak edəcək amerikalı hərbçilər Kanzas Milli Qvardiyasının üzvləri olacaq və ağır silahlardan istifadə etməyəcək. Ermənistan tərəfi təlimlərin məqsədinin hərbçilərin beynəlxalq sülhməramlı missiyalarda iştirak etməyə hazırlamaq olduğunu bildirib.

 

Təlimlərin miqyasının kiçik olmasına baxmayaraq, Kreml manevrləri diqqətlə izləyəcəyini açıqlayıb. Moskva müxtəlif kanallar və ekspertlərlə İrəvana xəbərdarlıq edib.

 

İki ölkə arasında münasibətlərin gərginləşməsi nə ilə nəticələnəcək?

 

 

Rusiyalı ekspert, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitiki Mixail Neyjmakov Modern.az-a bildirib ki, hazırda iki ölkə arasında münasibətləri gərgin adlandırmaq olar:

 

“Rusiya və Ermənistanın siyasi xadimləri arasındakı mübahisə təbii ki, iki ölkə arasında münasibətlərin çətin olaraq qaldığını göstərir. Eləcə də bunu Nikol Paşinyanın xanımı Anna Akopyanın Kiyevdə keçirilən birinci xanımlar və cənablar sammitində iştirakı bir daha sübut edir. Digər tərəfdən, Rusiya və Ermənistan rəsmiləri arasında mübahisələrin əksəriyyətini yeni adlandırmaq olmaz. Məsələn, Moskvanın İrəvandan izahat tələb etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusunun ratifikasiyası üçün Ermənistan parlamentinə göndərilməsi uzun müddətdir davam edən prosesin tərkib hissəsidir. Bildiyiniz kimi, Ermənistan hökuməti müvafiq qanun layihəsini 2022-ci il dekabrın sonunda təsdiqləyib.

 

Yəni bu sənədin qəbuluna hazırlıq hələ əvvəldən başlanılıb. Nikol Paşinyanın İtaliyanın “La Repubblica” nəşrinə verdiyi açıqlamada “yalnız bir mərkəzlə əlaqə yaratmaq özlüyündə strateji səhvdir” deməsi də əslində prinsipial olaraq yeni heç nə ifadə etmir. Yəni Moskva ilə İrəvan arasında münasibətlərdə indi danışıqlar üçün mürəkkəb mərhələdir”.

 

Ekspert Ermənistan və Qərb yaxınlaşmasına da münasibət bildirib.

 

“İrəvanla Vaşinqton arasında müdafiə sahəsin də qarşılıqlı fəaliyyət bu gün başlamayıb. Məsələn, 2023-cü ilin yazında ABŞ-ın Avropadakı Ordu Komandanlığının nümayəndə heyəti Ermənistana, daha sonra isə Ermənistan nümayəndələri ABŞ Müdafiə Nazirliyinə səfər edib. Aydındır ki, Cənubi Qafqaz ölkələrinin müdafiə nazirlikləri ilə təmaslar Vaşinqton üçün maraqlıdır. ABŞ-Ermənistan arasında bu cür təmaslar Moskvada da ruh yüksəkliyi yaratmır. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Vaşinqtonun regionda ənənəvi taktikası həm Bakıya, həm də İrəvana münasibətdə məsafə saxlamaqdır. Bununla da Moskvanın nəbzini ölçmüş olur”, - deyə o qeyd edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin