Türkiyə və Ermənistan sərhədi bu şərtlə AÇILACAQ

Türkiyə 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Ermənistanın müstəqilliyinin ilk dövrlərində Türkiyə Qars və Gümrü arasında dəmir yolunu açıb və hər iki ölkənin hökumətləri arasında diplomatik münasibətlərin qurulması üçün qeyri-rəsmi təmaslar baş tutub. Lakin 1993-cü ildə Azərbaycanın Kəlbəcər rayonunun işğalından sonra Ermənistanın təcavüzkar siyasətinə etiraz edən Türkiyə bu ölkə ilə birtərəfli qaydada dövlət sərhədlərini bağlayıb. 

 

Azərbaycanın 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsindən sonra regionda yaratdığı yeni reallıqlar fonunda Türkiyə və Ermənistan arasında sərhədlərin açılması və münasibətlərin normallaşması mövzusu gündəmə gətirilib.

 

Bu məqsədlə Türkiyə və Ermənistan tərəfindən xüsusi nümayəndələr təyin olunub. Ölkə rəsmiləri danışıqların birinci raundunu 2022-ci ilin yanvarında Moskvada, daha sonra Vyanada keçiriblər. Hər iki tərəf nəqliyyat əlaqələrinin iqtisadi dividentlər və daha çox sabitlik gətirəcəyi gözlənilən regional inteqrasiyaya yol açacaq normallaşmada maraqlı olduqlarını bəyan ediblər.

Son olaraq rəsmi İrəvanın Kahramanmaraş zəlzələsində çətin günlər yaşayan Türkiyəyə “dostluq əlini” uzatması, humanitar yardım üçün 30 ildir bağlı qalan sərhədlərin müvəqqəti açılması iki ölkə arasında münasibətlərin normallaşmasının sürətlənəcəyinə ümidləri artırıb. 

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) AKP-dən olan deputatı Şamil Ayrım Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhəd problemləri həll olunmadan normallaşma məqsədilə keçirilən görüşlər nəticə verməyəcək.  

 

“Bizim əvvəldən də bildiyimiz kimi, Ermənistan və Azərbaycan arasında münasibətlər normallaşmayana qədər iki biz Ermənistanla sərhədələri açmağı düşünmürük. Bununla bağlı dəfələrlə Türkiyə rəsmiləri də bildirib, bizim qərarımız qətidir. Əgər  Ermənistan sərhədələrin açılmasını gözləyirsə, əvvəlcə Azərbaycanla münasibətləri düzəltməlidir", - o qeyd edib.

Şamil Ayrım vurğulayır ki, hazırda Azərbaycan və Ermənistan arasına süülh müqaviləsinin  bağlanması istiqamətində işlər aparılır, Ermənistan bu təkliflərə müsbət cavab verməlidir:

 

"Əgər sülh müqaviləsi bağlanarsa, Türkiyə qısa müddət ərzində Ermənistanla sərhədləri açmağa hazırdır. Biz bunu dəfələrlə bildirmişik, yenidən bəyan edirik. Türkiyə tərəfi normallaşma prosesi çərçivəsində keçirilən görüşlərdə Azərbaycanla razılaşdırılmış addımlar atmır”.

 

Qeyd edək ki,  Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Türkiyə ilə sərhədlərin açılmasına hazır olduğunu bildirib. Kostanyan Türkiyənin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında konstruktiv rol oynadığını vurğulayıb.

 

"Ermənistan və Türkiyə arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi, xüsusən üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportlara malik şəxslər üçün sərhədlərin açılması həm Ermənistan-Türkiyə münasibətlərinə, həm də Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə müsbət təsir göstərə bilər", - o deyib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin