Ermənistan Hindistan və Fransadan belə silahlar alır - HESABAT
Ermənistan Hindistanla 1,5 milyard dollarlıq, Fransa ilə isə 250 milyon dollarlıq müdafiə müqavilələri imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Beynəlxalq Məsələlər Şurasının dərc etdiyi analitik hesabatda bildirilib.
Hindistan mediası da vaxtaşırı hərbi-texniki sövdələşmələr barədə məlumat verir, lakin müqavilələrin ümumi məbləği hələ dərc edilməyib. Eyni zamanda, rəsmi İrəvan heç vaxt Hindistanla sövdələşmələr barədə məlumatı təsdiqləməyib.
Mərkəzin məlumatına görə, söhbət Dehli ilə 2022-2023-cü illərdə, Parislə və 2023-2024-cü illərdə imzalanmış müqavilələrdən gedir.
Qeyd olunur ki, Ermənistan-Hindistan müqavilələri müxtəlif silahların tədarükünü nəzərdə tutur: 214 mm-lik “Pinaka” reaktiv yaylım atəşi sistemləri (MLRS), tank əleyhinə “Konkurs” raket kompleksləri, minaatanlar və müxtəlif döyüş sursatları.
Hesabata görə, İrəvan həmçinin 155 mm-lik ATAGS artilleriya qurğuları, özüyeriyən və yedəyə alınan haubitsalar, ZADS pilotsuz uçuş əleyhinə sistemlər və “Akash 1S” hava hücumundan müdafiə sistemləri alıb və ya alması planlaşdırılır. MR-SAM raketləri və “Akash-NG22” orta mənzilli hava hücumundan müdafiə sistemlərinin alınması da gözlənilir.
Fransaya gəlincə, 2023-cü ildə imzalanmış müqavilələrə əsasən, Paris artıq 24 ədəd “Bastion” yüngül zirehli texnikası və “Safran” istehsalı olan gecəgörmə cihazlarının partiyasını tədarük edib.
Bundan əlavə, Ermənistanın müdafiə silahları, o cümlədən yer-hava tipli raketləri aşkar edə bilən üç “GroundMaster 200” radarı əldə etməsi ilə bağlı müqavilələr imzalanıb.
Həmin il Ermənistanla “Mistral 3” zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılıb.
2024-cü ildə Paris və İrəvan arasında yeni müqavilələr imzalanıb və bu müqavilələr çərçivəsində Ermənistan Fransanın PGM şirkətindən müxtəlif modifikasiyalı hücum tüfəngləri və “Sezar” özüyeriyən artilleriya qurğuları almağa hazırlaşır.
Yeri gəlmişkən, Fransanın müdafiə naziri Sebastien Lecornu ötən il haubitsalardan danışıb.
“GroundMaster 200” radarları və “Mistral 3” sistemləri haqqında da rəsmi məlumatlar var idi.
0 Rəy