Paşinyan istədiyi 20 milyonu aldı - BƏS SONRA?

Macarıstan da daxil olmaqla, Avropa İttifaqına üzv 27 dövlət Ermənistana Avropa Sülh Fondundan 20 milyon avro yardım ayrılmasını təsdiqləyib. Qərar Aİ Şurasının iclasında qəbul edilib.

Xatırladaq ki, Ermənistan fonda yardım üçün müraciət etsə də, Budapeşt onu bloklayıb. Daha sonra Macarıstan Avropa Sülh Fondu çərçivəsində Ermənistana vəsait ayrılmasına razılıq verib. Bu, Ermənistanın Avropa Sülh Fondundan ikinci dəfə dəstək alması deməkdir. Birinci dəfə Ermənistana 10 milyon ayrılıb. Bu dəfə məbləğ ikiqat artırılıb və prioritet Ermənistanın müdafiə qabiliyyətini gücləndirmək - logistika və tibbi avadanlıq, eləcə də zəruri texniki təlim təmin etməkdir. Vəsait növbəti 35 ay üçün nəzərdə tutulub. Qeyd edək ki, Avropa Sülh Fondu 2021-ci ildə yaradılıb. Fondun dünyada münaqişələrin qarşısını almaq və ehtiyacı olan ölkələrə ölümcül olmayan hərbi yardımın tədarük edilməsi üçün yaradıldığı bildirilir.

Avropa İttifaqı Türkiyəyə 400 milyon avro - YARDIM AYIRACAQ | FED.az

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Aİ-nin bu qərarı nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan tam əsaslandırılmış görünür. Ermənistanın uzun illər Azərbaycanın ərazilərini işğal etməsi, hazırda qüvvədə olan Konstitusiyasında qonşu ölkələrə ərazi iddiasının mövcud olması fonunda Aİ-nin bu addımı ədalətli, obyektiv yanaşma deyil:

“Eyni zamanda, bu qərar beynəlxalq hüquqa selektiv yanaşmanı nümayiş etdirir və regionda sülh prosesinə müsbət yox, mənfi təsir göstərə bilər. Bu yardım qərarı sülhdən çox geosiyasi maraqların diktə etdiyi siyasi addımdır. Avropa İttifaqı özünü beynəlxalq hüquqa, ərazi bütövlüyünə və dövlətlərin suverenliyinə hörmət edən birlik kimi təqdim edir. Lakin Ermənistan 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayıb. Bu işğal BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə açıq şəkildə pislənib, Ermənistanın mövcud Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları hələ də qalmaqdadır. Belə bir ölkəyə “Avropa Sülh Fondu” adı altında maliyyə yardımı ayrılması, istər-istəməz suallar doğurur. Sülh fondu kimə və nəyə xidmət edir – sülhə, yoxsa siyasi maraqlara? “Sülh Fondu”nun siyasi alətə çevrildiyi artıq çoxdan məlumdur”.

Ekspert vurğulayıb ki, Aİ-nin qərarında rəsmi izaha görə, yardım Ermənistanın “müdafiə qabiliyyətinin gücləndirilməsi” və “sabitliyin təmin edilməsi” məqsədi daşıyır. Amma əslində 20 milyon vəsait silahlanmaya və hərbi infrastrukturun möhkəmləndirilməsinə yönəldilə bilər və böyük ehtimalla yönəldiləcək: “Deməli, Aİ-nin Ermənistana yardım qərarı sülhə xidmət etmir. Sülhə xidmət etməli olan fondun faktiki olaraq yeni gərginlik riskləri yaratması paradoksaldır. Verilən yardım sülhə stimul deyil, müharibəyə təşfiqdir”.(Musavat.com)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin