Paşinyanın yeni seçki planı - TƏKBAŞINA...

“Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı ilə planlaşdırılan parlament seçkilərinin ləğvi üçün zəmin yaradır. Söhbət səsvermə prosesinin özünün deyil, seçkilərin özünün ləğvindən gedir. Səsvermə yenə də baş tuta bilər, amma vətəndaşlar səs vermək və seçilmək hüququndan məhrum ediləcək və prosesin özü formal və saxta olacaq”.

Musavat.com-un məlumatına görə, bu barədə “Hrparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, Paşinyan Samvel Karapetyanı, Qaqik Tsarukyanı və Robert Köçəryana qarşı “Rusiyanın adamları” kimi təbliğinə göstəriş verib. İddia edilir ki, Paşinyan ailəsinə məxsus olan “Haykakan Jamanak” Karapetyanın Putinin əmrlərinə əməl etməməsi halında cəzalandırılacağını bəyan edir. Eyni təbliğat Ermənistan İctimai Televiziyasında DA aparılır. “Hrparak” yazır ki, Paşinyanın planı sadədir: Ona qarşı birləşən qüvvələr eləcə də Ermənistan bloku ən böyük ictimai dəstəyə malik və seçkilərdə çoxluq qazanmaq və yeni hökumət qurmaq potensialına malik partiyaları Rusiyadan idarə olunmaqda ittiham etmək və “Ermənistanın suverenliyini və müstəqilliyini qorumaq adı altında” seçkilərdə iştirak etmələrini yasaqlamaq.

 

Müxalif qüvvələrin Vladimir Putin ilə əlaqələndirilməsi Ermənistan siyasətində yeni deyil. Bu iddialar ətrafında yaranan informasiya mühiti Ermənistan daxilində seçkiqabağı siyasi mübarizənin nə qədər kəskinləşdiyini göstərir. Müxalif qüvvələrin Vladimir Putin ilə əlaqələndirilməsi Ermənistan siyasətində yeni deyil. Bu səbəbdən iddia olunan ssenari ölkədəki real siyasi gərginlik fonunda tamamilə qeyri-real da sayılmır. Onların mediada dövriyyəyə buraxılması belə göstərir ki, Ermənistan seçkilərə doğru ciddi siyasi qarşıdurma mərhələsinə daxil olur. Bu mərhələdə informasiya kampaniyaları real siyasi proseslər qədər təsirli alətə çevrilir. Əsas sual isə budur: bu ittihamlar real planın ifşasıdır, yoxsa seçki öncəsi təbliğat mübarizəsinin növbəti epizodu?

Deputat Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında mövzu ilə bağlı maraqlı açıqlamalar verib. Millət vəkilinin sözlərinə görə, “Hrparak” nəşrinin iddiaları göstərir ki, baş nazir Nikol Paşinyan müxalifəti “Rusiyanın adamları” kimi təqdim etməklə onları seçki meydanından sıxışdırmaq planı hazırlayır:

“Bu iddialar ciddi müzakirə doğurur. Lakin məsələyə yalnız daxili siyasi texnologiya kimi baxmaq yetərli deyil. Çünki Ermənistan siyasətində “Rusiya faktoru” real və sistemli təsir mexanizmi kimi mövcuddur. Ermənistan uzun illərdir təhlükəsizlik, enerji və iqtisadiyyat baxımından Rusiyadan asılı vəziyyətdə saxlanılıb. Bu asılılıq təkcə hərbi bazalar və ya iqtisadi layihələrlə məhdudlaşmayıb, siyasi elita və oliqarx şəbəkələri vasitəsilə də möhkəmləndirilib. Bu kontekstdə Kremlin Cənubi Qafqaz siyasəti açıqdır. Rusiya regionda idarəolunan qeyri-sabitlik, zəif və Moskvadan asılı olan hakimiyyət narrativi ilə çıxış edir. Güclü hakimiyyət və demokratik legitimlik Rusiyanın modelinə uyğun gəlmir. Çünki demokratik legitimlik xarici təsir mexanizmlərini zəiflədir”. E.Mirzəbəyli qeyd etdi ki, məhz buna görə də Ermənistanda Rusiyaya yaxın siyasi və biznes dairələrinin aktivliyi təsadüfi deyil: “Robert Köçəryan kimi fiqurların Moskva ilə sıx əlaqələri hər kəsə bəllidir. Eyni zamanda Qaqik Tsarukyan və Samvel Karapetyan kimi şəxslərin iqtisadi və siyasi dayaqları da Rusiyadakı kapital və əlaqələr üzərindən formalaşıb.  

Elçin Mirzəbəyli partiyasından XARİC EDİLDİ

Bu reallıq Ermənistan cəmiyyətində sirr deyil. Müxalifətin Moskva ilə əlaqələndirilməsi ritorikası isə Ermənistan siyasətində yeni deyil. Ancaq bu faktı avtomatik olaraq “təbliğat” adlandırmaq da düzgün olmazdı. Ermənistanın enerji sektorundan təhlükəsizlik arxitekturasına qədər bir çox sahədə Rusiyanın dominant mövqeyi var. Belə şəraitdə Kremlin seçkiöncəsi proseslərə təsir göstərmək cəhdləri inandırıcı görünür. Rusiya üçün əsas məqsəd Ermənistanın Qərbə inteqrasiyasını məhdudlaşdırmaq və regionda davamlı sülh prosesinə maneə yaratmaqdır. Çünki Azərbaycan-Ermənistan münasibətlərində real və davamlı sülhün əldə olunması Moskvanın monopoliyasını zəiflədir”. E.Mirzəbəylinin fikrincə, Paşinyan hakimiyyəti üçün əsas problem daxili legitimlik və təhlükəsizlik balansıdır: “Bir tərəfdən o, Qərblə əməkdaşlığı genişləndirmək və Rusiyadan asılılığı azaltmaq mesajları verir, digər tərəfdən isə ölkə daxilində Moskva ilə sıx əlaqələri olan güclü siyasi və iqtisadi qruplarla üz-üzədir. Əgər “Hrparak”ın iddia etdiyi kimi, Paşinyan müxalifəti “suverenliyə təhlükə” adı altında seçkidən kənarlaşdırmağa çalışarsa, bu, seçkilərin legitimliyini şübhə altına ala bilər. Regionun son onilliklərdə yaşadığı münaqişələr, qeyri-sabitlik mühiti təsadüfi deyil. Kremlin post-sovet məkanında tətbiq etdiyi model – nə tam müharibə, nə də tam sülh – təsir rıçaqlarını qorumağa hesablanıb.

Demokratiyaların möhkəmlənməsi və dövlətlərin real suveren qərarvermə imkanları bu modelə uyğun gəlmir. Bu baxımdan, Ermənistan daxilində gedən prosesləri yalnız Paşinyanın siyasi manevri kimi təqdim etmək birtərəfli yanaşma olar. Əsas struktur problem Rusiyanın uzun illər formalaşdırdığı asılılıq sistemidir. Seçkilər ətrafında yaranan gərginlik də həmin sistemin sarsılması fonunda baş verir. 2026-cı il seçkiləri təkcə hakimiyyət - müxalifət rəqabəti deyil, Ermənistanın geosiyasi istiqamətinin müəyyənləşməsi baxımından dönüş nöqtəsi ola bilər”. Deputat hesab edir ki, Moskvayönlü qüvvələr yenidən dominant mövqe qazanarsa, Ermənistanın suveren qərarvermə imkanları daha da məhdudlaşa bilər: “Beləliklə, əsas suallar dəyişmir: Ermənistan gələcəyini xarici təsir mexanizmlərindən azad, demokratik institutlara söykənən model üzərində qura biləcəkmi, yoxsa Cənubi Qafqaz yenidən geosiyasi rəqabətin girovuna çevriləcək? Bu sualın cavabı isə təkcə İrəvan üçün deyil, regionun bütövlükdə davamlı sülh perspektivi üçün həlledici sayıla bilər”.

E.Paşasoy,

Rəylər

Aşağıdakı məlumatları qeyd edin