Nəhayət! 100 il sonra Kərkükü yenidən türk idarə edəcək

Kərkük Vilayət Məclisində keçirilən seçkilərdən sonra şəhərin yeni valisinin türkmən siyasi düşərgəsinə mənsub şəxs olması regionda ciddi rezonans doğurub.

Mehmet Səman Ağanın bu posta seçilməsi həm İraq daxilində, həm də beynəlxalq mediada geniş müzakirə olunur.

Türkməneli mediasında yayılan məlumatlara görə, Mehmet Səman Ağa İraq türkmənlərinin son illərdə yetişdirdiyi ən fəal və sistemli siyasi fiqurlardan biri hesab olunur.

 

 

 

 

O, 1982-ci ildə İraqın Kərkük şəhərində anadan olub. 1999-2004-cü illərdə Türkiyədə, Qazi Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində təhsil alıb. Eyni zamanda Kərkük Universitetinin kompüter proqramlaşdırılması ixtisasını da bitirib.

Siyasi fəaliyyətə erkən yaşlarda başlayan Mehmet Səman Ağa 1999-cu ildə Ərbildə fəaliyyət göstərən Türkməneli Tələbə və Gənclər Birliyində fəaliyyətə başlayıb. 2006-2008-ci illərdə həmin təşkilata rəhbərlik edib. Daha sonra İraq Türkmən Cəbhəsi (İTC) daxilində müxtəlif vəzifələrdə çalışıb – 2010-2019-cu illərdə Kərkük vilayət təşkilatına rəhbərlik edib, 2019-2022-ci illərdə isə qurumun sözçüsü və siyasi büro üzvü olub. 13 aprel 2025-ci ildə İTC-nin başqanı seçilib.

2026-cı il aprelin 16-da isə Kərkük Vilayət Məclisində keçirilən səsvermə nəticəsində Kərkük valisi seçilib. Bununla da o, 2003-cü ildən sonra bu vəzifəyə gələn ilk türkmən siyasətçi kimi tarixə düşüb.

Yeni valinin siyasi xətti açıq şəkildə türk milliyyətçi ideologiyasına yaxınlığı ilə seçilir. Onun Türkiyənin siyasi səhnəsində mühüm yer tutan Milliyyətçi Hərəkat Partiyası ilə ideoloji bağlılığı xüsusilə vurğulanır. Bu kontekstdə onun partiyanın lideri Dövlət Baxçalı ilə çəkilmiş fotosu da geniş müzakirə olunur və bu əlaqələr Ankara ilə siyasi koordinasiyanın göstəricisi kimi qiymətləndirilir. 

9ee2ae96-3ed4-4a71-b9a5-8679b10dfa5f.jpg (92 KB)

Qərb mediası, o cümlədən Reuters və Associated Press bu seçkini daha çox İraq daxilində etnik-siyasi balansın nəticəsi kimi təqdim edir. Bildirilir ki, kürd, ərəb və türkmən qrupları arasında aparılan uzun danışıqlardan sonra əldə olunan razılaşma bu nəticəni doğurub.

Türkiyə və türkmən mediasında isə hadisə “tarixi dönüş” kimi qiymətləndirilir. Vurğulanır ki, təxminən bir əsrdən sonra Kərkükdə türkmən siyasi xəttinə mənsub şəxsin valiliyə gəlməsi həm simvolik, həm də strateji əhəmiyyət daşıyır.

İraq daxilində reaksiyalar isə birmənalı deyil. Kürd siyasi dairələri bu qərara ehtiyatla yanaşır və Kərkükün mübahisəli statusunu önə çəkirlər. Ərəb qrupları isə daha çox sabitlik və idarəetmədə balansın qorunmasını əsas prioritet sayırlar. 

b2cbca18-6514-4a2e-8ba4-79bae0d10cea.jpg (116 KB)

Ekspertlər hesab edir ki, bu təyinat təkcə inzibati qərar deyil, eyni zamanda regionda enerji, təhlükəsizlik və geosiyasi təsir uğrunda mübarizənin yeni mərhələsinin başlanğıcıdır. Kərkükün zəngin neft ehtiyatları və strateji mövqeyi bu vəzifəni daha da həssas edir.

Beləliklə, milliyyətçi siyasi xəttə yaxın və Ankara ilə ideoloji bağlılığı olan bir türkün Kərkük valisi postuna gəlməsi Yaxın Şərqdə qüvvələr balansına təsir edə biləcək mühüm hadisə kimi qiymətləndirilir.(musavat.com)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin