Kreml İrəvana qarşı aqressivləşir: Şoyqudan Paşinyana alçaldıcı mesaj

Ermənistanda 7 iyun parlament seçkiləri yaxınlaşdıqca Rusiya rəhbərliyinin və Kremlə yaxın siyasi dairələrin Baş nazir Nikol Paşinyan əleyhinə ritorikası daha da aqressivləşir.

Musavat.com xəbər verir ki, son günlər intensivləşən bu kampaniyaya Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da qoşulub.

Moskvada KTMT Təhlükəsizlik Şuraları katiblərinin toplantısında çıxış edən Şoyqu Ermənistan rəhbərliyini açıq şəkildə hədəfə alaraq bildirib ki, problemləri “birgə həll etmək” əvəzinə İrəvan “təhdid mənbəyindən qorunmağa çalışır”. O, Ermənistan rəhbərliyinin seçiminə görə məsuliyyət daşıdığını xüsusi vurğulayıb.

Şoyqunun bu açıqlaması Rusiyanın Paşinyanın Qərb və Avropa yönümlü siyasətindən ciddi narahatlığının növbəti göstəricisi kimi qiymətləndirilir. Kreml hesab edir ki, Ermənistanın KTMT-dən uzaqlaşması, Avropa İttifaqı və ABŞ-la strateji yaxınlaşması Rusiyanın Cənubi Qafqazdakı dominant mövqeyinə birbaşa təhlükə yaradır.

Son illərdə Paşinyan hakimiyyəti KTMT-də iştirakını faktiki olaraq dondurub, təşkilatın tədbirlərində iştirakdan imtina edib və hətta Ermənistanın gələcəkdə KTMT-dən tam çıxmasının mümkünlüyünü açıq şəkildə bəyan edib.

Musavat.com-a yaxın ekspertlər hesab edirlər ki, seçkilər yaxınlaşdıqca Ermənistan daxilində Rusiyayönümlü siyasi koalisiyalar və Kreml dairələri Paşinyana qarşı təzyiqi daha da artıracaq. Moskva Paşinyanın yürüdüyü kursu təkcə geosiyasi xəyanət kimi deyil, həm də Ermənistanda illərlə formalaşdırdığı təsir mexanizmlərinə ciddi zərbə hesab edir.

Kreml artıq açıq şəkildə Ermənistan cəmiyyətinə mesaj verir: İrəvan Qərbə yaxınlaşdıqca Rusiya ilə münasibətlər daha sərt və qarşıdurmalı mərhələyə keçəcək. Bu isə 7 iyun seçkilərini Ermənistanın gələcək geosiyasi istiqamətini müəyyənləşdirəcək ən kritik siyasi qarşıdurmalardan birinə çevirir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin