İrəvan KTMT-ni tərk edir, Rusiya bazası isə qalır
Rusiya Ermənistandan Gümrüdə yerləşən Rusiya hərbi bazasının ölkədən çıxarılması ilə bağlı heç bir müraciət almayıb.
Musavat.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə açıqlamasında bildirib.
“Ermənistan tərəfdən Gümrüdə dislokasiya olunmuş Rusiya hərbi bazasının çıxarılması ilə bağlı müraciət almamışıq”, – deyə rusiyalı diplomat vurğulayıb.

Qaluzinin sözlərinə görə, Moskva hələ də Gümrüdəki Rusiya hərbi bazasını Ermənistanın və bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının mühüm elementi hesab edir.
Burada maraqlı məqam ondan ibarətdir ki, Ermənistan hakimiyyəti son illərdə Rusiya ilə hərbi-siyasi münasibətləri kəskin şəkildə soyutsa da, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının çıxarılması ilə bağlı Moskva qarşısında rəsmi tələb irəli sürməyib. Rusiya xarici işlər nazirinin müavini Qaluzinin açıqlaması İrəvanın real siyasəti ilə siyasi ritorikası arasında ziddiyyət olduğunu bir daha təsdiqləyir.
Bu açıqlama İrəvanın son illərdə Rusiya ilə hərbi-siyasi münasibətlərdən uzaqlaşması fonunda xüsusilə diqqət çəkir. Ermənistan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını faktiki dondursa da, Gümrüdəki Rusiya bazasının çıxarılması üçün Moskvaya rəsmi müraciət etməyib.
Yəni Paşinyan hakimiyyətinin Rusiya ilə hərbi münasibətlərə dair sərt siyasi ritorikası hələlik konkret hüquqi-siyasi addımla müşayiət olunmur.
Bu mənzərə fonunda KTMT-nin Qazaxıstanda “Rubej-2026” hərbi təlimlərinə başlaması da diqqət çəkir. Sentyabrın 14-də Koktal poliqonunda təlimlərin aktiv mərhələsinə start verilib və manevrlər sentyabrın 18-dək davam edəcək.

Təlimlərdə Rusiyanın, Qazaxıstanın, Qırğızıstanın və Tacikistanın hərbi kontingentləri iştirak edir. Ümumilikdə təxminən 1500 hərbçi və 300-dən çox hərbi və xüsusi texnika, o cümlədən 115 müxtəlif təyinatlı pilotsuz uçuş aparatı cəlb olunub. Rusiya kontingentini Mərkəzi Hərbi Dairənin 201-ci qvardiya hərbi bazasının hərbçiləri təmsil edir.
“Rubej-2026” çərçivəsində üzv dövlətlərdən birinin ərazisinə qanunsuz silahlı birləşmələrin daxil olması və onların məhv edilməsi üzrə döyüş əməliyyatlarının hazırlanması və aparılması məşq edilir. KTMT rəsmiləri bildiriblər ki, təlimlər müasir silahlı münaqişələrin xarakterində baş verən köklü dəyişikliklər nəzərə alınmaqla keçirilir. Xüsusilə yüksək dəqiqlikli silahların, pilotsuz uçuş aparatlarının və kəşfiyyat vasitələrinin kütləvi tətbiqi yeni döyüş üsullarına uyğun hazırlığı zəruri edir.
Yeri gəlmişkən, Ermənistan parlamentinin sədri Ruben Rubinyan İctimai Televiziyaya verdiyi müsahibəsində deyiub ki, KTMT artıq Ermənistanın təhlükəsizliyini təmin edən bir faktor deyil.
0 Rəy