Erməni kilsəsi Rusiyanın “5-ci kolonu” rolunda – Bakıdan iki fərqli baxış

Sentyabrın 18-ində Ermənistanın Armavir vilayətinin birinci instansiya məhkəməsinin hakimi Serj Ruşanyan bütün ermənilərin katolikosu II Qaregin və altı yepiskop barəsində cinayət işinə baxacaq. Musavat.com bildirir ki, daha əvvəl hakim Serj Ruşanyan cinayət işini İrəvana göndərib. O, bu qərarını II Qareginə qarşı irəli sürülən ittihamın təsvirində ehtimal olunan əməlin törədildiyi yerin göstərilməməsi ilə əsaslandırıb. Öz növbəsində İrəvan ümumi yurisdiksiya məhkəməsinin hakimi Vaaqn Malikyan məhkəmə aidiyyəti məsələsinin həlli üçün işi Kassasiya Məhkəməsinə göndərib, bu məhkəmə isə cinayət işinə Armavir vilayət məhkəməsində baxılmalı olduğuna qərar vermişdi.

Xatırladaq ki, II Qaregin və Erməni Apostol Kilsəsinin üzvləri dini rütbədən məhrum edilmiş Masiatsotn yeparxiyasının sabiq rəhbəri Arman Saroyanın iddiası üzrə təminat tədbirinin tətbiq edilməsi barədə məhkəmə qərarının icrasına mane olmaqda ittiham edilirlər.

II Qaregin və onu təltif edən yeganə MÜSƏLMAN DÖVLƏTİ

Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ermənistan Apostol Kilsəsinə qarşı təzyiqlərlə bağlı sərt açıqlaması Moskva - İrəvan qarşıdurmasının daha bir istiqamətini gündəmə gətirib. Musavat.com-un məlumatına görə, Zaxarova bildirib ki, kanonik kilsəyə qarşı təqiblərdə iştirak edənlər “lənətlənəcək”. O, kilsəyə qarşı təzyiqləri “allahsızlıq” adlandırıb və belə addımların “əsrlər boyu lənətə çevriləcəyini” deyib. Moskvanın Ermənistan kilsəsini müdafiə etməsi təsadüfi görünmür. Son illərdə Paşinyan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında münasibətlər kəskinləşib. II Qaregin isə hökumətin siyasətinə qarşı çıxan əsas dini fiqurlardan birinə çevrilib. Kilsə rəhbərliyinin Paşinyanın istefasını tələb edən proseslərdə iştirakı da Moskvanın mövqeyi ilə müəyyən mənada üst-üstə düşüb. Rusiya rəsmiləri dəfələrlə İrəvanın II Qareginə və kilsəyə münasibətini tənqid ediblər. Rusiyadakı erməni Apostol Kilsəsi strukturları ilə Eçmiədzin arasında da uzun illərdir əlaqələr mövcuddur.

Bu səbəbdən Ermənistan hakimiyyəti və ona yaxın çevrələr kilsəni Rusiyanın təsir kanallarından biri kimi təqdim edir, hətta “beşinci kolon” adlandırırlar. Lakin bu ifadəni təsdiqlənmiş fakt kimi təqdim etmək olmaz. II Qaregin və kilsə rəhbərliyi Rusiyanın siyasi proksisi olduqları barədə ittihamları rədd edir.Paşinyan Ermənistanın xarici siyasətində Moskvanın təsirini azaltmağa və Qərblə əlaqələri genişləndirməyə çalışdığı bir vaxtda kilsənin Rusiya ilə ənənəvi əlaqələri onun siyasi əhəmiyyətini artırır. Kilsə-Paşinyan mübarizəsində kim qazanacaq? Kreml kilsəni qorumaq üçün nələr edə bilər?

Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ

Deputat Aydin Mirzəzadə Musavat.com-a bildirdi ki, Rusiya - Erməniston münasibətləri bu, iki ölkəyə aid olan məsələdir: “Azərbaycan bu məsələyə qarışmır. Bizim Rusiya ilə ayrı, Ermənistonla ayrı münasibətlərimiz var. Bizi ancaq hər biri ilə ayrı, özümüzəməxsus münasibətlərimiz maraqlandırır. Onlar isə qoy öz münasibətlərini özləri müəyyənləşdirsinlər”. A.Mirzəzadənin fikrincə, biz marağındayıq ki, hər ikisi ilə ayrılıqda yaxşı münasibətlərimiz olsun: “Biz marağındayıq ki, Rusiya ilə mehriban qonşuluq münasibətlərimiz daima qalsın və möhkəmlənsin, birgə əməkdaşlıq sahələrimizi axtaraq tapaq, dünyada sülhün möhkəmlənməsi üçün birgə fəaliyyət göstərək. Ermənistanla münasibətlərimiz isə normal qonşuluq münasibətlərinin qurulmasına yönələn siyasətimizdir. Ermənistanla sülh müqaviləsi paraflanıb. Ermənistanın qarşısında konstitusiyasından Azərbaycana ərazi iddiasının götürülməsi məsələsi ilə bağlı mövqeyimizi irəli sürmüşük və bunu gözləyirik. Bu addım atılandan sonra isə sülh müqaviləsi imzalanacaq, Ermənistonla iki dövlət arasında olan münasibətlərin maksimum daha çox münasibətlərini sərgiləməyə çalışacağıq”.

Siyasi şərhçi Tural İsmayılov isə bildirdi ki, Erməni Apostol Kilsəsi ilə Nikol Paşinyan hakimiyyəti arasında qarşıdurmaya yalnız dini müstəvidən yanaşmaq mümkün deyil: “Bu qarşıdurmanın arxasında Ermənistanın siyasi kursu, Rusiyadan uzaqlaşma prosesi və ölkə daxilində ənənəvi təsir mərkəzlərinin gələcəyi ilə bağlı ciddi mübarizə dayanır. Moskvanın son günlər kilsəni açıq şəkildə müdafiə etməsi də göstərir ki, Rusiya üçün məsələ artıq sadəcə dini institutun müdafiəsi deyil. Ən diqqətçəkən məqam Moskva Patriarxlığının Ermənistan Apostol Kilsəsinə münasibətidir. Rusiya Pravoslav Kilsəsinin yüksək səviyyəli nümayəndələri son dövrlərdə dəfələrlə II Qareginlə görüşüb, ona Patriarx Kirillin salamlarını çatdırıb və kilsəyə qarşı dövlət müdaxiləsini “qəbuledilməz” adlandırıblar. Daha maraqlısı isə II Qareginin Moskva Patriarxına göstərilən dəstəyə xüsusi təşəkkür etməsidir. Bu münasibətlər artıq adi dini dialoqdan daha geniş siyasi məna daşıyır”.

T.İsmayılov bütün bunları təsadüf saymır: “Əlbəttə, bütün bunları “Erməni Apostol Kilsəsi Rusiyanın filialıdır” kimi təqdim etmək düzgün olmaz. Lakin kilsənin Rusiyadakı strukturları, rəhbər şəxslərin Moskva ilə əlaqələri, Rusiyadakı erməni dini icmaları və Kremlin kilsəyə siyasi dəstəyi ortada olan faktlardır. II Qareginin qardaşı Yezras Nersisyanın Rusiyadakı erməni kilsə yeparxiyasına rəhbərlik etməsi də bu əlaqələrin miqyasını göstərən mühüm nümunələrdəndir. Rusiya ilə kilsə rəhbərliyi arasında bu qədər sıx əlaqə olduğu halda, Moskvanın kilsəni Ermənistan daxilində özünə yaxın təsir kanallarından biri kimi görməsi təəccüblü deyil”.

Tural İsmayılov: “Avropa İttifaqının missiyası Ermənistan ərazilərinin  növbəti dəfə peşkəş edilməyidir”

Ekspert qeyd etdi ki, burada Paşinyanın narahatlığının siyasi məntiqini də anlamaq mümkündür: “Ermənistan hökuməti Rusiyanın ölkə daxilində əvvəlki təsir imkanlarını azaltmağa çalışdığı bir vaxtda həmin təsirin siyasi, dini və ictimai kanallarla qorunmasını istəmir. Kilsənin ayrı-ayrı rəhbərlərinin Paşinyanın istefasını tələb edən proseslərdə fəal iştirakı isə bu narahatlığı daha da gücləndirib. Yəni söhbət artıq yalnız din xadimlərinin hakimiyyətə münasibətindən getmir; kilsə müəyyən mərhələdə Ermənistanın siyasi mübarizəsinin birbaşa iştirakçısına çevrilib”. T.İsmayılov vurğuladı ki, Moskvanın kilsəni müdafiə etməsinin səbəbi də burada görünür: “Rusiya Ermənistan daxilində özünün əvvəlki siyasi təsir imkanlarının zəiflədiyini görür. Belə şəraitdə dövlət strukturlarından kənarda qalan, cəmiyyətin tarixi yaddaşında ciddi yeri olan və Rusiya ilə əlaqələri qorunan institutların əhəmiyyəti artır. Kilsə də bu baxımdan Moskva üçün mühüm sosial və ideoloji dayaq rolunu oynaya bilər. Ona görə Ermənistan hakimiyyətinin kilsə daxilində Rusiyaya bağlılığın qarşısını almağa çalışmasını yalnız “dinə qarşı mübarizə” kimi təqdim etmək də birtərəfli yanaşmadır. Dövlətin suverenliyi baxımından hər hansı xarici gücün ölkə daxilində siyasi təsir imkanlarını qoruması ciddi məsələdir. Eyni zamanda bu mübarizənin kilsənin müstəqilliyinə və dini həyatına dövlət müdaxiləsinə çevrilməsi də ayrıca riskdir. Burada əsas prinsip kilsənin Rusiyanın siyasi təsir alətinə çevrilməməsi ilə dövlətin dini institutu öz siyasi nəzarətinə almaq cəhdinin bir-birindən fərqləndirilməsidir”.

Siyasi şərhçi hesab edir ki, Kremlin bundan sonra kilsəni daha açıq müdafiə etməsi mümkündür: “Diplomatik bəyanatlar, Moskva Patriarxlığının dəstəyi, Rusiyadakı erməni dini və ictimai strukturlarının fəallaşdırılması və kilsə məsələsinin Paşinyan hakimiyyətinə qarşı siyasi gündəmdə saxlanılması Moskvanın istifadə edə biləcəyi əsas vasitələrdir. Lakin Rusiyanın birbaşa müdaxiləsi Paşinyana əlavə siyasi arqument də verə bilər. Nəticədə bu mübarizənin mahiyyəti bir şəxsin - II Qareginin taleyindən daha böyükdür. Söhbət Ermənistanın gələcək siyasi və geosiyasi istiqamətindən gedir. Paşinyan dövlət hakimiyyətini və xarici siyasət kursunu dəyişmək istəyir, kilsə isə ənənəvi nüfuzunu və siyasi təsir imkanlarını qorumağa çalışır. Moskva da bu qarşıdurmada kilsənin yanında dayanaraq Ermənistanda itirməkdə olduğu təsir imkanlarından ən azı bir hissəsini qorumağa cəhd göstərir. Bu səbəbdən erməni kilsəsinin Rusiya ilə münasibətlərinə yalnız dini əlaqələr kimi baxmaq artıq mümkün deyil”.

Elşad Paşasoy,

Rəylər

Aşağıdakı məlumatları qeyd edin