Türkiyə-Ermənistan münasibətlərində nə baş verir?

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə iki ölkə arasında normallaşma prosesi, xüsusilə ticarət və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Ərdoğan Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan müsbət dinamikanın davam etdirilməsində maraqlı olduğunu bildirib.

O, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində Ankara ilə İrəvan arasında inkişaf edən əməkdaşlığın normallaşma prosesinə töhfə verdiyini vurğulayaraq Paşinyanı Türkiyədə keçiriləcək COP31 Liderlər Zirvəsinə dəvət edib. Görüşdə Azərbaycanın Ermənistanla sülh prosesində əldə olunan irəliləyişlər də müsbət qiymətləndirilib. Türkiyə Prezidenti ilə Ermənistan baş nazirinin görüşünün Ankara-İrəvan münasibətlərinin gələcək istiqaməti baxımından nə vəd etdiyi, eləcə də Azərbaycan-Ermənistan sülh prosesinin Türkiyə-Ermənistan normallaşmasına təsiri maraq doğurur.

Türkiyə Böyük Millət Məclisinin(TBMM) hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü olduqca mühümdür:

"Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın Baş nazir Nikol Paşinyanla görüşünü münasibətlərin normallaşdırılması istiqamətində siyasi iradəni gücləndirən mühüm görüş kimi qiymətləndirirəm. Prezidentimizin xüsusilə ticarət və nəqliyyat məsələlərinə diqqət çəkməsi qarşıdakı dövrdə irəliləyiş əldə edilə biləcək əsas istiqamətləri də göstərir. Konkret olaraq, xüsusi nümayəndələr arasında aparılan işlərin davam etdirilməsi, sərhəd-keçid məntəqələri ilə bağlı hazırlıqların tamamlanması, ticarətin asanlaşdırılması və sahibkarlar arasında əlaqələrin genişləndirilməsi gözlənilə bilər. Ermənistan tərəfinin görüşlə bağlı açıqlamasında tarixi Ani körpüsünün birgə bərpasına da yer verilməsi göstərir ki, mədəni irs sahəsində əməkdaşlıq da qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edə bilər. Xarici İşlər Nazirliyi may ayında birbaşa ticarətlə bağlı bürokratik hazırlıqların tamamlandığını açıqlamışdı. Bu dəyişiklik üçüncü ölkələr üzərindən daşınan malların sənədlərində son təyinat və ya göndərilmə ölkəsi kimi Türkiyə və ya Ermənistanın göstərilməsinə imkan verir. Quru sərhədinin açılması ilə bağlı işlər isə ayrıca davam etdirilir. Mənim gözləntim siyasi dialoqun qarşılıqlı etimadı möhkəmləndirən və vətəndaşlarımızın həyatında özünü göstərən konkret nəticələr verməsidir. Lakin bununla bağlı açıqlanmış dəqiq təqvim olmadığı halda sərhədin açılması üçün konkret tarix söyləmək düzgün olmaz".

Ş.Ayrım vurğulayıb ki, Azərbaycan-Ermənistan sülh sazişi hələ də sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması baxımından əsas məsələdir:

"Mənim qənaətimcə, Azərbaycanla Ermənistan arasında davamlı və icrası mümkün olan sülhün təmin edilməsi Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əsas məsələlərdən biridir. Cənubi Qafqazda baş verən prosesləri bir-birindən ayrı şəkildə qiymətləndirmək mümkün deyil. Türkiyə-Azərbaycan qardaşlığı və müttəfiqliyi bizim üçün əsasdır. Ermənistanla münasibətlərin inkişafına da Azərbaycanın təhlükəsizliyini və suverenliyini, eləcə də regionda davamlı sülhün təmin olunması məqsədini nəzərə alaraq yanaşırıq. Bu baxımdan Ermənistan Konstitusiyası ilə bağlı məsələnin də həllini tapması vacibdir. Ermənistan Konstitusiyasının giriş hissəsində istinad edilən Müstəqillik Bəyannaməsində Qarabağla bağlı ifadələr Azərbaycan tərəfindən ərazi bütövlüyünə qarşı iddia kimi qiymətləndirilir. Cənab İlham Əliyev də bu konstitusion istinadın dəyişdirilməsini yekun sülh sazişinin imzalanması üçün zəruri hesab etdiklərini açıq şəkildə bildirib. Mən də hesab edirəm ki, davamlı sülh möhkəm hüquqi təminatlara əsaslanmalıdır. Buna görə də həmin bəyannaməyə edilən konstitusion istinadın, eləcə də Türkiyə üçün həssaslıq doğuran “Qərbi Ermənistan” kimi ifadələrin yaratdığı fikir ayrılıqlarının aradan qaldırılmasını vacib hesab edirəm. Qonşu ölkələrin suverenliyinə, mövcud sərhədlərinə və ərazi bütövlüyünə hörmət heç bir şübhəyə yer qoymayacaq şəkildə təmin edilməlidir. Sülh sazişinin imzalanması və onun müddəalarının həyata keçirilməsi Türkiyə-Ermənistan sərhədinin açılması və diplomatik münasibətlərin qurulması üçün daha əlverişli şərait yarada bilər. Bu proses çərçivəsində ticarət, nəqliyyat və insanlar arasında əlaqələr sahəsində qarşılıqlı etimadı möhkəmləndirən addımların davam etdirilməsini də vacib hesab edirəm".

Parlamentari vurğulayıb ki, Zəngəzur dəhlizi Türkiyənin Naxçıvan üzərindən Azərbaycanın əsas hissəsi ilə nəqliyyat əlaqəsini gücləndirə bilər:

"TRIPP-in əsas əhəmiyyəti Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən nəqliyyat yolunun yaradılmasını nəzərdə tutmasıdır. Layihənin açıqlanan çərçivəsi müvafiq ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət prinsipinə əsaslanır. Bu yolun fəaliyyətə başlaması Türkiyənin Naxçıvan üzərindən Azərbaycanın əsas hissəsi ilə nəqliyyat əlaqəsini gücləndirə bilər. Xəzər üzərindən keçən marşrutlarla birlikdə nəzərdən keçirildikdə, Mərkəzi Asiya ilə ticarətimiz üçün də əlavə imkan yaranacaq. Mən bunu Orta Dəhlizin imkanlarını və alternativ marşrutlarını genişləndirə biləcək mühüm fürsət hesab edirəm. Xüsusilə İğdır və Qars üçün yeni imkanlar yarana bilər. Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu layihəsinin bu regional şəbəkəyə qoşulması logistika, anbarçılıq, ixrac və məşğulluq baxımından yeni investisiyalara yol aça bilər. Regiondakı istehsalçıların bazarlara çıxışı asanlaşacaq, Türkiyə şirkətləri üçün isə infrastruktur, daşımalar və xidmət sahələrində yeni əməkdaşlıq imkanları yaranacaq. Əlbəttə, iqtisadi faydalar infrastrukturun tamamlanmasından, təhlükəsiz və sabit keçidin təmin edilməsindən, eləcə də gömrük prosedurlarının səmərəli təşkilindən asılı olacaq. Məqsədimiz region ölkələrinin qarşılıqlı fayda əldə edəcəyi və sülhün iqtisadi əməkdaşlıqla möhkəmlənəcəyi bir nəqliyyat sistemi yaratmaqdır. Belə bir inkişaf Türkiyənin Avropa ilə Asiya arasındakı ticarət və logistika əlaqələrində rolunu da gücləndirə bilər".

Şamil Ayrım Nikol Paşinyanın COP31-ə dəvət edilməsini siyasi dialoqun davam etdirilməsi baxımından da əhəmiyyətli olduğunu söyləyib:

"Mən bu dəvətin beynəlxalq iqlim əməkdaşlığı ilə yanaşı, siyasi dialoqun davam etdirilməsi baxımından da əhəmiyyətli olduğunu düşünürəm. Prezidentimiz görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində inkişaf edən əməkdaşlığın normallaşma prosesinə töhfəsini vurğulayaraq cənab Paşinyanı COP31 Liderlər Zirvəsinə dəvət edib. Bu yanaşma göstərir ki, ortaq məsələlərin müzakirəsi üçün bir araya gəlmək ikitərəfli münasibətlərdə qarşılıqlı etimadın yaranmasına da kömək edə bilər. İqlim dəyişikliyi, su ehtiyatları və ətraf mühitin qorunması kimi məsələlər region ölkələri arasında konkret əməkdaşlıq üçün əlverişli sahələrdir. Mən bu dəvəti təmasların davam etdirilməsinə və dialoqun genişləndirilməsinə yönəlmiş iradənin göstəricisi kimi qiymətləndirirəm. İştirakın baş tutması halında yeni görüşlər üçün də imkan yarana bilər. Liderlər səviyyəsində təmasların davam etdirilməsi normallaşma prosesində qarşıya çıxan məsələlərin həllinə kömək edə bilər. Bununla belə, bu dəvəti sərhədin açılması və ya diplomatik münasibətlərin qurulması ilə bağlı artıq qərar verilməsi kimi şərh etmək düzgün olmaz. Bu addımlar normallaşma prosesinin gedişindən və regionda sülh istiqamətində baş verən inkişaflardan asılı olaraq ayrıca nəzərdən keçiriləcək".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin