Qırğızıstan ilk dəfə öz milli peykini kosmosa göndərib
Qırğızıstan ilk dəfə öz milli peykini kosmosa göndərib.
"Report" Qırğızıstan Prezidentinin Administrasiyasına istinadən xəbər verir ki, buraxılış oktyabrın 1-də ABŞ-nin Kaliforniya ştatındakı Vandenberq bazasından SpaceX şirkətinə məxsus Falcon 9 daşıyıcı raketi ilə həyata keçirilib.
Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ-ya işgüzar səfəri çərçivəsində buraxılış mərasimində iştirak edib. Peyk digər kosmik aparatlarla birlikdə orbitə çıxarılıb. Onun idarə edilməsi Bişkekdəki mərkəzdən həyata keçiriləcək.
Peyk kənd təsərrüfatı torpaqlarının, buzlaqların, su obyektlərinin, meşələrin və otlaqların monitorinqi, həmçinin təbii ekosistemlərdə baş verən dəyişikliklərin izlənilməsi üçün nəzərdə tutulub. Onun məlumatlarından yeraltı sərvətlərdən qanunsuz istifadə, icazəsiz tullantı poliqonları və digər çirklənmə mənbələrinin müəyyənləşdirilməsi üçün istifadə olunması planlaşdırılır.
Bundan əlavə, peyk məlumatları quraqlıq, daşqın, torpaq sürüşməsi, sel və meşə yanğınları da daxil olmaqla təbii risklərin monitorinqində tətbiq ediləcək. Prezident Administrasiyasının qeyd etdiyi kimi, bu, potensial təhlükələrin daha operativ müəyyənləşdirilməsinə və mümkün zərərin azaldılması üçün tədbirlərin görülməsinə imkan verəcək.
0 Rəy