Avropa Ermənistana qapılarını açdı – O sənəd imzalandı…
Avropa Parlamentinin sədri Roberta Mezzola və İrlandiyanın Avropa işləri və müdafiə naziri Tomas Birn Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri tətbiq edən qanunvericilik aktını imzalayıblar. Musavat.com-un xəbərinə görə, mərasimdə Avropa Parlamentində Ermənistan üzrə məruzəçi Boqdan Zdroyevski də iştirak edib.

Qaydalar iki il müddətinə geniş çeşiddə Ermənistan mallarına gömrük rüsumlarının ləğvini nəzərdə tutur. Güzəştlər emal olunmuş kənd təsərrüfatı məhsulları, tekstil və ayaqqabı da daxil olmaqla 300-dən çox məhsul qrupuna şamil edilir. Sənəd həmçinin Aİ istehsalçıları üçün qoruyucu mexanizmlər müəyyən edir.
Qaydalar Aİ-nin rəsmi jurnalında dərc olunacaq və həmin günün ertəsi qüvvəyə minəcək. Qanunvericilik proseduru sürətləndirilmiş prosedur çərçivəsində 2 iyul - 7 oktyabr tarixləri arasında həyata keçirilib.
Qərar xüsusilə Rusiyanın 2026-cı ildə erməni məhsullarına tətbiq etdiyi ticarət məhdudiyyətlərinin təsirini yumşaltmaq və Ermənistanın ixracını şaxələndirmək məqsədi daşıyır.
Ermənistanın ixracında Rusiya hələ də böyük çəkidədir. 2024-cü ildə Ermənistan ixracının 24%-i Rusiyaya, Aİ-yə isə cəmi 4,7%-i gedib. İdxalda isə Rusiyanın payı 55%, Aİ-nin payı 9,4% olub. Xüsusilə diqqətçəkən məqam odur ki, Aİ tədbiri Ermənistanın Rusiyaya ixrac etdiyi təzə meyvə, tərəvəz və bitkilərin təxminən 99%-ni, içki və spirtli məhsullarının isə 91%-dən çoxunu əhatə edə biləcək məhsul qruplarına toxunur.
2026-cı ildə Rusiyanın meyvə-tərəvəz, çiçək, balıq və alkoqol daxil olmaqla bir sıra erməni məhsullarına məhdudiyyətlər tətbiq etməsi məhz bu məsələnin praktik əhəmiyyətini artırıb.
Burada əsas məsələ Aİ güzəşti ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ/EAEU) üzvlüyünün bir-birinə necə uyğunlaşacağıdır. Ermənistan Aİİ-də qalırsa, Aİ ilə ticarətin genişlənməsi mümkündür, amma bunun hüquqi və iqtisadi məhdudiyyətləri var. Hazırkı Aİ tədbiri Ermənistanın Aİİ-dən çıxmasını tələb etmir.
Əgər Ermənistan şirkətləri iki il ərzində Aİ bazarında alıcılar, logistika kanalları və istehsal standartları formalaşdırsalar, sonradan Rusiya bazarına qayıtmaq ehtiyacı əvvəlki qədər yüksək olmaya bilər. Beləliklə, Aİ güzəşti Aİİ-ni hüquqi baxımdan dərhal zəiflətmir, amma Ermənistanın Aİİ daxilindəki iqtisadi çəkisini və Rusiya bazarından asılılığını dolayı şəkildə dəyişə bilər.
Emil Salamoğlu
0 Rəy