Köçəryanın adamı Paşinyanı hədələdi

Ermənistanda keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi revanşist müxalifətlə baş nazir Nikol Paşinyan arasında qarşıdurma yenidən kəskinləşib. Köçəryanın siyasi düşərgəsini təmsil edən deputat Artur Xaçatryan Paşinyanı diktatura qurmaqda ittiham edərək onun hakimiyyət daxilindəki tərəfdarlarına da xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan oktyabrın 14-də keçirdiyi mətbuat konfransında danışıb.

Erməni deputat Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsi ilə bağlı komissiya yaratmaq təşəbbüsünü tənqid edərək bunu erməni milli kimliyinə zərbə adlandırıb. Onun sözlərinə görə, kilsə erməni kimliyinin əsas dayaqlarından biridir.

Xaçatryan Paşinyanı kilsəyə və katolikosa qarşı mübarizədə konkret faktlar əvəzinə mediada yayılan materiallardan istifadə etməkdə günahlandırıb.

Revanşist deputat çıxışında Qarabağ məsələsinə də toxunub. O, Paşinyanın 2020-ci il müharibəsi və keçmiş danışıqlar prosesi ilə bağlı sənədləri açıqlamaq vədini yerinə yetirmədiyini iddia edib.

Xaçatryan xüsusilə Paşinyanın vaxtilə Robert Köçəryanı Meğrinin Qarabağ müqabilində verilməsi planında ittiham etməsini xatırladıb. Onun iddiasına görə, baş nazir Ki-Uest danışıqları ilə bağlı sənədlər əvəzinə öz məqaləsini dərc edib.

Qeyd edək ki, Xaçatryanın təmsil etdiyi Köçəryan düşərgəsi Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsini qəbul etmək istəməyən revanşist siyasi qüvvələrdəndir. Bu dairələr Qarabağ mövzusundan Ermənistan hakimiyyətinə qarşı mübarizədə siyasi vasitə kimi istifadə edirlər.

Deputat həmçinin Ermənistan hökumətini Qarabağdan könüllü köçmüş ermənilərin siyasi tələblərini müdafiə etməməkdə günahlandırıb. O, hakimiyyətin diqqəti əsasən sosial-iqtisadi məsələlərə yönəltməsindən narazılığını bildirib.

Xaçatryan Ermənistanda diktatura formalaşdığını iddia edərək bunun Paşinyanın öz ətrafı üçün də təhlükəli olduğunu söyləyib.

Deputat hakimiyyət nümayəndələrini də xəbərdar edib:

“Onları məyus edəcəyəm: heç birinin toxunulmazlığına təminat yoxdur. Paşinyanın diktatorluq meyillərini cilovlamaq elə onların öz maraqlarına uyğundur”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin