Ter-Petrosyan Paşinyanın partiyasını parlamentin sədrini istefaya göndərməyə çağırıb

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan parlamentin sədri Alen Simonyanın istefasına təşəbbüs göstərilməsi ilə bağlı tələb irəli sürüb.

APA xəbər verir ki, Ter-Petrosyan bu barədə sosial şəbəkə hesabında bildirib.

O, bunu küçə insidenti ilə əsaslandırıb.

Ter-Petrosyan qeyd edib ki, Simonyanın vətəndaşa sözün əsl mənasında tüpürməsi bağışlanılmazdır, bu insidenti iyrənc adlandırıb.

Ter-Petrosyan hesab edir ki, spikerin davranışı dövlətin reputasiyasına böyük zərbə vurub və bu, yalnız onun istefası bahasına bağışlanıla bilər.

“Simonyanın istefaya göndərilməsi beynəlxalq ictimaiyyət qarşısında xalqımızın şərəfini bərpa etməyin yeganə yoludur. “Vətəndaş müqaviləsi” partiyası öz nüfuzunu qorumaq üçün bu addımı atmağa borcludur”, - Ter-Petrosyan vurğulayıb.

Ermənistan parlamentinin spikeri Alen Simonyan isə sabiq prezidentin onun istefası ilə bağlı tələbinə cavab verib və Ter-Petrosyanı müzakirələr aparmaq üçün parlamentə dəvət edib.

Alen Simonyan öz növbəsində qeyd edib ki, Levon Ter-Petrosyan tərəfindən onun istefaya göndərilməsinə təşəbbüs göstərilməsini tələb edəcəyini gözləməyib.

Parlamentin sədri Ter-Petrosyana 2008-ci ilin 1-2 mart hadisələrini xatırladıb:

“Prezident-tarixçi yaxşı bilməlidir ki, hansı səhvlər bağışlanılmazdır və ölkə liderləri bu səhvlərin əvəzini necə ödəyirlər”, - Simonyan bildirib.

Simonyan həmçinin Ter-Petrosyanı kimin və nə vaxt dövlətə ən çox ziyan vurduğunu müzakirə etmək üçün parlamentə dəvət edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin