Avstraliyadakı icmamız Ermənistanın zorakı hərəkətlərinə sərt etirazını bildirib

Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktı Avstraliyada yaşayan soydaşlarımızın böyük etirazına səbəb olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Avstraliya Azərbaycanlıları Assosiasiyası, Avstraliya-Azərbaycan Türk Dostluq Birliyi, Kvinslenddə Azərbaycanın Milli Assosiasiyası, Viktoriya-Azərbaycan Mədəniyyət Mərkəzi adından Avstraliyanın xarici işlər naziri Penni Vonqa, İnsan haqları komissarı Lorreyn Finlaya, Viktoriya liberallarının lideri Con Pesuttoya və digər beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərdə Azərbaycan Ordusu əsgərlərinin – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun, eyni zamanda 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana əsir düşmələri səbəbinə aydınlıq gətirilib. Azərbaycanlı hərbçilərə qarşı törədilmiş qeyri-insani hərəkətlərə diqqət cəlb edilib, bu cinayətkar insident beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib.

Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3 min 890 nəfər azərbaycanlıya qarşı zorakılıq aktlarını araşdırmasının və hüquqi qiymət verməsinin vacib olduğu vurğulanıb. Ermənistanın mühüm beynəlxalq aktlar, o cümlədən Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi bir daha bildirilib.

Hərbçilərimizə işgəncə verilməsi faktını hiddətlə pisləyən Azərbaycan əsilli avstraliyalılar yerli hökuməti və beynəlxalq təşkilatları Ermənistan hökumətinin və bu cinayəti törətmiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verməyə, azərbaycanlı hərbi qulluqçuların dərhal və qeyd-şərtsiz azad olunmasını təmin etməyə çağırıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin