Yezidi kürdlər Ermənistan hökumətinə yarınmağa məcbur edildi...

“Ermənistan hökuməti öz siyasətində milli azlıqlara xüsusi diqqət yetirir...”-AĞ YALAN

Mayın 16-da Ermənistan təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan Yezidi Milli Birliyinin prezidenti Xdr Hajoyan (Tamoyan) və yezidilərin ruhani lideri Şeyx Bro Hasanyanın başçılıq etdiyi yezidi icmasının nümayəndə heyətini qəbul edib.

Ermənistanda yezidi kürdlərin yaşadığı kəndlərdən biri...

Moderator.az xəbər verir ki, bu haqda “Aykakan Jamanak” məlumat yayıb.

Qonaqları salamlayan nazir erməni və yezidi xalqlarının dostluğunun və birliyinin çoxəsrlik tarixə malik olduğunu vurğulayıb. “Bizim bir dövlətimiz, vətənimiz var. Ermənistan hökuməti öz siyasətində milli azlıqlara xüsusi diqqət yetirir. bütün problemlərimizi, ağrılarımızı və sevinclərimizi ortaq olaraq dərk edirik. Biz bütün problemlərin həlli yolu ilə getməyə hazırıq”.

Təhsil və mədəniyyət naziri məlumat verib ki, yezidilərin məskunlaşdığı ən böyük icma olan Alagözdə uşaq bağçası tikilir və bu bağça ətraf qəsəbələrin uşaqlarına da xidmət göstərəcək. Eyni icmada güləş məktəbinin tikintisi nəzərdə tutulur. 

Janna Andreasyan onu da bildirib ki, bu yaxınlarda ER hökumətinin qərarı ilə universitetə qəbul proseduruna əlavə edilib ki, bu da milli azlıqların ali təhsil sahəsinə daxil olması tendensiyası ilə bağlıdır. Müvafiq peşələr üzrə ödənişli sistem üzrə ən azı keçid balı olan və imtahanlarda daha yüksək bal toplamış milli azlıqların nümayəndələrinə üstünlük verilməklə, bu səviyyə üzrə ayrılmış 7-yə qədər pulsuz yerin yenidən bölüşdürülməsinə imkan verəcək.

Qəbula görə minnətdarlıqlarını bildirən qonaqlar Ermənistan hökumətinin milli azlıqların ən böyük icmasına(əslində ölkədə yeganə milli azlıq olan) daimi diqqətini vurğuladılar.

“Siz dəfələrlə yezidi icmalarını ziyarət etmisiniz və icmamızın problemlərini diqqət mərkəzində saxlayırsınız, buna görə minnətdarıq. Ermənistan yezidiləri milliyyət kimi tanıyan ilk ölkədir. Digər mühüm nailiyyət ondan ibarətdir ki, Ermənistan bizim uşaqlarımıza yezidi dilini öyrənmək imkanı verib. Bu, bütün dünyada nadir və müstəsna bir haldır. Biz bu nümunəni dəfələrlə beynəlxalq platformalara gətiririk və beynəlxalq tanınmağa doğru gedirik”, -  deyə Yezidilərin Milli Birliyinin prezidenti Xdr Hajoyan bildirib.

Beləliklə, Ermənistandakı yezidi kürdlərin nümayəndələri Ermənistan hökumətinə yarınmağa məcbur edilib. Halbuki, bu yaxınlarda Ermənistan parlamenti deputatlarından birinə istinadla verdiyimiz məlumata görə, ölkədə yezidi kürdlərin yaşadığı kəndlər çox acınacaqlı durumdadır. Buna misal olaraq Hakko kəndindəki vəziyyət göstərilib(bax://moderator.az/az/ekskluziv/627019/ermenistandaki-yezidi-kurdleri-bele-acinacaqli-durumda-yasayir-foto/ )... Yezidilərin haqlarının tapdanmasına bir çox digər misallar da göstərmək olar...

Xatırladaq ki, 1988-ci ildən, yəni Qərbi Azərbaycandakı soydaşlarımız öz dədə-baba yurdlarından zorla deportasiya edildikdən sonra Ermənistan dünyanın ən monoetnik dövlətlərindən biri olaraq qalır və burada milli azlıqlar ölkənin ümumi əhalisinin 2 faizindən çoxunu təşkil etmir. Rəsmi məlumata görə, əhalinin 98,1%-ni ermənilər, 1,2%-ni kürdlər (müsəlman və yezidi), 0,4%-ni ruslar və qalan 0,3%-ni isə assuriyalılar, yunanlar (Qafqaz yunanları), yəhudilər, gürcülər və s. təşkil edir. Ermənistanda 10 milli azlıq yaşayır ki, onlardan ən böyüyü yezidi kürdlərdir. Onalrın sayı  təxminən 35-36 mindir. Qalan milli azlıqlar isə barmaqla sayılası olduğundan əslində yezidi kürdlər faktiki olaraq Ermənistanda yeganə milli azlıq hesab olunmalıdır... 

Sultan Laçın

Rəylər

Aşağıdakı məlumatları qeyd edin