“Çətinlikləri yaşamağın özü də şərəf məsələsidir”

“Dünən 21 ailə, bu gün isə 22 ailə yenidən qurulan Füzuli şəhərinə köçürüldü. Ümumiyyətlə isə 147 keçmiş məcburi köçkün iki gün ərzində öz doğma vətənlərinə qayıtdı. Məlum olduğu kimi, ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti ilə işğaldan azad olunmuş torpaqlarımızda geniş bərpa-quruculuq işləri aparılır”. Bunu SİA-ya açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, ölkə rəhbərinin qeyd etdiyi kimi, Azərbaycanın heç kimdən yardım almadan öz imkanları hesabına qısa müddətdə böyük işlər həyata keçirilmişdir: “Geri dönən vətəndaşların rifahı və rahatlığı təmin olunması məqsədilə kommunikasiya xətləri bərpa edilmiş, müasir yaraşıqlı mənzillər inşa olunmuşdur. Bərpa-quruculuq işləri yüksək templə davam etməklə yanaşı eyni zamanda, evləri bərpa edilmiş keçmiş məcburi köçkünlərin də köçürülməsi prossesi uğurla həyata keçirilir. Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi bu prosesi uğurla aparır. Mənzillərlə təmin edilmiş geri vətənlərinə qayıdan keçmiş məcburi köçkünlər arasında mənzil bölgüsü püşkatma ilə həyata keçirilir. Püşkatma qaydalara uyğun və tam şəffaf şəraitdə keçirilir. İctimai Şura olaraq bu proseslər tərəfimizdən izlənilir və monitorinq olunur. Keçmiş məcburi köçkünlər öz doğma yurdlarına böyük həvəs və sevinclə qayıdırlar. Hər gün demək olar ki, Komitəyə qayıtmaq arzusu ilə yüzlərlə sakin müraciət edir. Təbii ki, onların da yaşayış məntəqələri bərpa edildikcə hər bir sakin öz vətənlərinə geri qaytarılacaqdır. Bizim bütün dağıdılmış yurdlarımız bərpa ediləcək və o torpaqlarda həyat qaynayacaqdır. Mən özüm də keçmiş məcburi köçkünəm. Biz torpaqlarımıza qayıtmalıyıq. Şəhər və kəndlərimizdə yaşamalıyıq. Bura bizim tarixi torpaqlarımız, ata və babalarımızın yurdudur. Bu torpaqlar uğrunda şəhid olanların ruhunu şad edirik qayıdışımızla. Mənfur düşmənə bu torpaqların əsl sahibinin biz olmasını göstəririk qayıdışımızla. Ölkə rəhbərinin başlatdığı geniş bərpa-quruculuq işlərinə kömək etmiş olmalıyıq qayıdışımızla. Mən əminəm ki, qısa müddət ərzində biz daha kütləvi geri köç prosesini izləyəcəyik. Bu gün biz öz torpaqlarımızı təmamilə azad etmişik təhlükəsizlik təmin olunub. Ərazilərin minalardan təmizlənmə prosesi gedir. Geri qayıtmalı yurdlarımızın sönən işıqlarını yenidən yandırmalıyıq. Müvəqqəti bəzi çətinliklər bizləri çəkindirməməlidir. Bu çətinlikləri yaşamağın özü də şərəf məsələsidir”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin