“Xankəndində bayrağımızın ucaldılması 35 illik yaralarımıza çox şəfaverici məlhəm qoydu...”

“Ermənilərin son iki əsrdə Azərbaycan xalqına vurduğu dərin yaralar hələ uzun müddət sağalmayacaq. Buna, yəqin ki, hələ on illər lazımdır. Fəqət, cənab Prezident, Ali Baş Komandan Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənddə və s. üçrəngli dövlət bayrağımızı ucaltmasıyla bizim  35 illik yaralarımıza çox şəfaverici bir məlhəm qoydu”.

Bunu Moderator.az-a açıqlamasında Xankəndində böyüyüb boya-başa çatmış, şəhid Milli Qəhrəman, polkovnik Şirin Mirzəyevin xanımı, sabiq parlament üzvü Flora Qasımova söyləyib.

“Neçə illərdir bizim xeyrimiz də, şərimiz də - nədən danışsaq, gəlib çıxırdı Xankəndi, Xocalı... söhbətlərinə... Allah şəhidlərimizin ruhunu şad eləsin! Şəhid analarının qarşısında baş əyirəm. Qazilərimizin əllərindən öpürəm. Allaha şükürlər  olsun ki, məhz şəhid və qazilərimizin qəhrəmanlığı, fədakarlığı sayəsində bizim bu 30-35 illik həsrətimizə son qoyuldu”, - deyə davamında keçmiş Xankəndi sakini söyləyib.

"Böyüyüb boya-başa çatdığım Xankəndinin Azərbaycanla, tariximizlə bağlı olan hər küçəsi, hər guşəsi mənim üçün əzizdir. Amma bu doğma şəhərimizə ilk olaraq ayaq basacağım gün Spandaryan 2 A ünvanındakı evimizi axtarıb, uşaqlıq, gənclik xatirələrimi,  atalı-analı xoş günlərimizi xatırlayacam. Yəqin, inşallah, həmin küçəyə Azərbaycan şəhidlərindən birinin adı verilər... Şirin Mirzəyevin ata evi isə Vesna küçəsində idi. Əlbəttə ki, oraya da baş çəkəcəm”,- deyə şəhid Milli Qəhrəman xanımı diqqətə çatdırıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin