O, elə bir titula sahibləndi ki... - Şəhid Arəstənin DASTANI

23 oktyabr tarixi Vətən müharibəsinin şəhidi Arəstə Baxışovanın anım günüdür. Yaşasaydı, bu ilin 4 mayında 34 yaşı tamam olacaqdı...

O, cəmi 31 il yaşadı... Özünü dövlət, millət, Vətən üçün odun-alovun içinə atdı, qorxmadı, çəkinmədi... Onun savaşı müqəddəs haqq savaşı idi. O, “Vətən müharibəsinin ilk və yeganə hərbçi qadın şəhidi” kimi şərəfli titula sahibləndi. Elə bir titula ki, onunla əbədi olaraq xatırlanacaq...

“O, hamınızın ön cəbhədədəki qızı, bacısı, anası idi...”, - Şəhidin keçmiş döyüş yoldaşları, Arəstənin çiyinlərində atəş altından çıxarılan hərbçilər onu belə xatırlayırlar. Onun cəsurluğu döyüş yoldaşlarının hamısının dilində əzbərdir.

Arəstə Baxışova şəhadətə ucalmaqla Azərbaycan qadınının müharibədəki cəsarət simvoluna çevrildi. O, adını Vətən müharibəsinin tarixinə elə həkk etdi ki, kiçikdən böyüyə hamı xatırlaya bilsin...

Bu gün hamı onu fəxrlə, vüqarla, qürurla anır... Vətən müharibəmizin ilk və tək qadın şəhidi... Arəstə Baxışova dünya dürduqca, bu titulla yad olunacaq...
 

Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmazda anadan olub. Atası Kərim Baxışov Çernobıl qəzasının xilasedicilərindən olmuşdu. Anası Məktubə isə evdar qadındır.


Arəstə iki qardaşın bir bacısı idi. Onlar 4 yaşı olanda ataları dünyasını dəyişib.
 

Arəstə orta məktəbi yaxşı oxuduğu üçün ali təhsil almaq arzusunda idi, Tibb Universitetində təhsil alıb hərbi həkim olmaq istəyirdi, amma ailənin maddi durumu ilə bağlı bunu gerçəkləşdirə bilməmişdi. O, Biləcəri qəsəbəsindəki Şuşa şəhər 3 saylı məcburi köçkün məktəbində orta təhsilini başa vurub.

Məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji Kollecinin İngilis dili fakültəsinə qəbul olunub. Kolleci bitirəndən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına statist kimi işə düzəlib. İşləyə-işləyə kursa gedərək tibb təhsili alıb. Kursu başa vurandan sonra isə onu Beyləqandakı “N” saylı hərbi hissəyə operator vəzifəsində işləməyə göndəriblər.

Buna qədər Arəstə ailə də qurmuşdu, artıq iki övladı vardı. Ailə həyatı uğurlu olmadığından həyat yoldaşından ayrılmış, övladlarını anasının yanına qoymuşdu.


 



Arəstə Baxışova Beyləqanda hərbi hissədə işləməyə gedəndə övladlarını – indi 12 yaşı olan Zəhra ilə 13 yaşlı Mərdanı anasına həvalə etmişdi.

Arəstənin xidmət zamanı dəfələrlə təltif olunmağı onun hərb sahəsini təsadüfən sevib-seçmədiyini bir daha təsdiqləyir. Cəsur tibb bacısı hələ sağlığında III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, II dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdu.

2020-ci ildə Vətən müharibəsi başlayanda Arəstə anasına zəng edib könüllü olaraq cəbhəyə gedəcəyini bildirmişdi.

Arəstənin cəbhədəki vəzifəsi yaralı əsgərlərə ilk tibbi yardım göstərib onları döyüş bölgəsindən uzaqlaşdırmaq olub. Onlarla yaralı əsgər onun göstərdiyi düzgün ilk tibbi yardım sayəsində həyatda qalıb, ailəsinə qovuşub.


Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer Arəstə Baxışova Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanından tibbi yardım göstərib.
 

2020-ci il oktyabrın 23-də Qubadlı uğrunda döyüşlərdə növbəti dəfə yaralı əsgəri döyüş meydanından çıxaranda aldığı güllə yarasından şəhid olub.
 

Arəstə Baxışova Biləcəridəki Şəhidlər məzarlığında dəfn olunub.
 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin 12.05.2021-ci il tarixli Qərarına əsasən, Arəstə Baxışova ölümündən sonra İngiltərəli tibb bacısı Florens Naytinqeylin şərəfinə təsis edilən "Florens Naytingeyl medalı" ilə təltif edilib. 
 

Arəstə Baxışovanın ən böyük arzusu torpaqlarımızı tamamilə azad görmək idi. O canını qurban etdiyi qələbənin sevincini görüb-dada bilməsə də, şübhəsiz ki, ruhu olub-bitənlərdən xəbərdardır. Yəqin ki, Qarabağın tamamilə azadlığa qovuşması artıq ona da əyandır. Cənnətdəki ruhun şad olsun, şəhid xanım!


A.Qorxmaz

Rəylər

Aşağıdakı məlumatları qeyd edin