Azad torpaqlarda quruculuq işləri genişlənir

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam rayonunda olublar. Dövlət başçısı 62 yaşının tamam olduğu gün Ağdamda quruculuq işlərinin gedişi ilə tanış olub, açılış və təməlqoyma mərasimlərində iştirak edib.

 

Yeni şəhər yoldan başlayır

 

Prezident Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanış olub. Məlumat verilib ki, baş plana əsasən, şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Ağdamın  daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun (müvafiq olaraq 2-dən 8-dək hərəkət zolağı) salınması nəzərdə tutulub. Bu yolların birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissəsi müsbət ekspertiza rəyi alıb.

Magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yol 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılacaq.

Prezident İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib. Yolun təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Başlanğıcını Bərdə şəhərindən götürən avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. İlk 14 kilometrlik hissə Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, hər iki rayonun 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

 

Ağdamda yeni yaşayış komplekslərinin təməli atılıb

 

Prezident və birinci xanım Ağdam şəhərində salınacaq dördüncü və beşinci yaşayış komplekslərinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Ümumi sahəsi 14 hektara yaxın olan dördüncü yaşayış kompleksində tikiləcək binalarda ümumilikdə 1080 mənzil (36 birotaqlı, 363 ikiotaqlı, 484 üçotaqlı, 197 dördotaqlı) olacaq.

Ümumi sahəsi 12 hektar olan beşinci yaşayış kompleksinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Burada tikiləcək binalarda ümumilikdə 1115 mənzil (25 birotaqlı, 314 ikiotaqlı, 552 üçotaqlı, 224 dördotaqlı) olacaq.

 

Mərkəzi park necə olacaq?

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhər Mərkəzi parkının təməlinin qoyulması mərasimində də iştirak ediblər.

Məlumat verilib ki, park 5 hektar ərazini əhatə edəcək və dörd zonaya ayrılacaq. Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Burada həmçinin su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət göstərəcək. Ağdamın məşhur “Çay evi” də Mərkəzi parkın ərazisində yenidən inşa olunacaq.

 

“İmarət” Kompleksində təmir-bərpa işləri ilə tanışlıq

 

Prezident və birinci xanım Ağdam şəhərində “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Ağdam rayonunda işğal zamanı erməni vandalizminə məruz qalan tarixi məkanlardan biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yer aldığı “İmarət” Kompleksidir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi ərazisindəki qəbiristanlıqda Pənahəli xanın, oğlu İbrahimxəlil xanın və nəvəsi Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarı olub. Qarabağ xanlarının nəslindən olan digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Ağdam şəhəri işğal olunduqdan sonra türbə və qəbirüstü abidələr də ermənilər tərəfindən dağıdılıb.

Prezident İlham Əliyevin tapşırığı ilə “İmarət” Kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb. Xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlət başçısına təqdim olunub və işlərə başlanılıb. Kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Kompleksdəki tarixi qəbiristanlıqda mövcud beş türbə qalığı tədqiqat sahəsinə daxil edilib. Ərazidə arxeoloji tədqiqatların aparılması məqsədilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu bu ilin aprelində Ağdam şəhərinə mütəxəssislərdən ibarət ekspedisiya göndərib. Kompleksin tam bərpası üçün vəsaitin Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılması nəzərdə tutulur.

 

Daha üç kəndin təməli...

 

Dövlət başçısı Ağdam rayonunun Baş Qərvənd kəndinin təməlqoyma mərasimində iştirak edib. Kəndin ümumi ərazisi 476 hektardır. Kənddə 6057 nəfərin məskunlaşması və 1495 fərdi evin tikilməsi nəzərdə tutulub.

Layihənin birinci mərhələsi üçün 202 hektardan çox torpaq sahəsi ayrılıb. Bu mərhələdə kəndə 851 ailənin köçürülməsi planlaşdırılır. Onlar üçün inşa ediləcək evlərin 170-i ikiotaqlı, 425-i üçotaqlı, 213-ü dördotaqlı, 43-ü isə beşotaqlı olacaq.

Kənddə uşaq bağçası, məktəb, kollec binaları, kollektiv istirahət və təhsil obyektləri, inzibati bina, klub icma mərkəzi, tibb məntəqəsi, aptek, mehmanxana, bazar və bir sıra xidmət müəssisələri yaradılacaq.

Prezident Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməlini qoyub. Ümumi ərazisi 178 hektar olan kənddə layihə üzrə ümumilikdə 418 fərdi ev tikiləcək. Birinci mərhələdə kənddə 150 fərdi evin tikilməsi planlaşdırılır.

Dövlət başçısının iştirakı ilə Ağdamın Qiyaslı kəndinin də təməli qoyulub. Kəndin ümumi ərazisi 400 hektara yaxındır. Ümumilikdə 1323 fərdi evin tikilməsi nəzərdə tutulub. Birinci mərhələdə 656 fərdi ev tikiləcək.

Xatırladaq ki, daha öncə dövlət başçısı tərəfindən Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinin təməli qoyulub. Bu kəndlərdə söküntü və şaquli planlaşdırma işləri yekunlaşdırılıb və fərdi yaşayış evlərinin inşasına start verilib.

***

Prezident “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışı və Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimlərində  də iştirak edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin