Ağalı sakini: Adətən qarın yağması çətinlikləri də özü ilə gətirər, amma kəndimizdə elə olmadı REPORTAJ

 

 

 

 

 

Ölkə ərazisində bir neçə gündür davam edən qarlı hava şəraiti Zəngilanda da hər yeri ağ örpəyə bürüyüb. Rayon ərazisində qarın hündürlüyü 25 santimetrdən çox olub.

Zəngilana ezam olunan AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 13-ü axşam saatlarından rayona, o cümlədən Ağalıya qar yağmağa başlayıb. Çox keçmədən intensivləşən yağıntı qısa müddətdə hər tərəfi bəmbəyaz edib. Ağalı kəndi səhəri hər tərəfi qış yorğanına bürünmüş mənzərə ilə açıb.

Kənd sakini Şəhla Hacıyeva sonuncu dəfə Zəngilanda qarı məcburi köçkünlük həyatından əvvəl görüb. 23 yaşında ailəsi ilə birlikdə doğma kəndini tərk etməli olub. İndi isə onlar üçün Ağalıda firavan həyat başlayıb. Deyir ki, sübh çağı pəncərədən baxıb qarı görəndə, uşaqlıq illərində yaşadığı o sevincli günlər yadına düşüb.

O, 1970-ci ildə bu kənddə doğulub boya-başa çatıb, burada ailə həyatı qurub. 1993-cü ildə isə işğal nəticəsində doğma yurdundan didərgin düşüb. 30 il yurd həsrəti ilə yaşasa da, nəhayət qəhrəman Ordumuzun sayəsində doğma kəndinə qovuşub. Şəhla xanım deyir ki, kəndə qayıtdıqdan bir neçə gün sonra burada işlə də təmin edilib.

“Şəhidlərimizin qanı sayəsində azad olan yurd yerlərimiz bizim üçün həm də müqəddəsdir. Ötən ilin noyabrında ailəmlə birlikdə kəndimizə köçdük, 4 otaqlı evlə təmin olunduq. Bizim üçün hər cür şərait yaradılıb. Burada Həmrəylik Gününü, Yeni ili qeyd etdik. 2024-cü ilin ilk ayında isə ilk qar sevincini yaşadıq. Adətən qışda qarın yağması çətinlikləri də özü ilə gətirər, amma kəndimizdə elə olmadı. Nə istilik sistemində, nə də elektrik enerjisinin verilişində fasilə yaranmadı. Yadıma gəlir, əvvəllər bu kənddə qarın yağmasına ancaq uşaqlar sevinərdi, çünki qışın sərt üzü bir çox çətinliklər yaradırdı. Amma indi Ağalı tam müasir “ağıllı kənd” layihəsi əsasında qurulub deyə, hansısa çətinlik yaşamadıq. Yeni evlər inşa olunub, yollarımıza asfalt, səkilərimizə piltə daşlar döşənib, küçələrimiz də işıqlandırılıb”, - deyən Şəhla Hacıyeva yaradılan şəraitdən razılıqla danışır.

Çiçək Gəraylı da əslən Ağalıdandır. 1996-cı ildə dünyaya göz açıb, ata-baba yurdu haqqında valideynlərindən eşidib və bu yerlərin xəyalı ilə böyüyüb. İndi Çiçəyin xəyalları gerçəkləşib, çünki artıq Ağalıda yaşayır: “Bir aydan sonra Ağalıda məskunlaşmağımızın bir ili tamam olacaq. Burada ötən hər gün bizim üçün unudulmaz an kimi yadda qalıb. Kəndə köçəndən bir neçə gün sonra Novruz bayramını qeyd etdik, uşaqlarımız üçün məktəbimizdə ilk zəng səsləndi, həmçinin Zəngilan Şəhəri Gününü, Zəfər bayramını, Bayraq gününü, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili qalib xalq olaraq doğma yurdumuzda qeyd etdik. Bu, həqiqətən də böyük sevincdir”.

Amma bu arzu Çiçək üçün uzun illər xəyal olub. Deyir ki, yanvarın 14-də səhər tezdən pəncərədən ətrafa baxanda, özünü sanki nağıllar aləmində hiss edib. “Qarın yağması da bizim üçün bayram oldu. Çünki Ağalı ilə bağlı arzularımdan biri də kəndimizdə qarın sevincini yaşamaq idi. Uşaqlarımızın da sevincinin həddi-hüdudu yox idi. Kəndə yağan qar bizlərə sevinc bəxş etdi. Bir an olsun belə qışın soyuğunu, çətinliyini yaşamadıq. Çünki kənddə bizlər üçün hər şərait yaradılıb, evlərimiz istiliklə təchiz edilib. Mənfi 6 dərəcə soyuq olmasına baxmayaraq, sularımız da donmadı”, - deyir həmsöhbətimiz. Ağalıya köçdükdən sonra burada ilk qar sevincini yaşamaq onun da həyatında unudulmaz xatirə olaraq qalacaq.

Ailəsi ilə birlikdə Ağalıya qayıdanlardan biri də Sevinc İsmayılovadır. Onun ailəsi 7 nəfərdən ibarətdir. “Şərqi Zəngəzurun hər bir qarışı bizlər üçün doğmadır, çünki bu torpaqlar şəhidlərimizin qanı ilə yoğrulub”, - deyən Sevinc xanım bildirir ki, dövlətimiz tərəfindən kənddə onlar üçün hər şərait yaradılıb, indi onlar burada firavan həyat yaşayırlar. Uşaqları da məhz vətənpərvər ruhda tərbiyə edir, qəhrəmanlarımızı onlara tanıdırlar.

Ağalıda qarın yağması ilə kiçikdən-böyüyə hər kəs sanki uşaqlıq günlərinə qayıdaraq, o sevincli anları yaşayıb. Elə həmsöhbət etdiyimiz sakinlər də bu fürsəti əldən verməyib, uşaqlarla birgə qartopu oynayıblar.

1 / 20

 

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin