Özbəkistan səfiri: Qarabağda bərpa və tikinti işlərində iştirakımız başlayıb

Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib, dəstəkləyir. Hazırda Qarabağda görülən bərpa və tikinti işlərində iştirakımız başlayıb.

APA xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov Bakı Dövlət Universitetində Azərbaycanda Özbəkistanın Elm və Mədəniyyət günlərinə həsr olunmuş tədbirdə jurnalistlərə açıqlamasında deyib.

“Özbəkistan Prezidentinin təşəbbüsü ilə qardaş Azərbaycan xalqına hədiyyə olunan məktəbin tikintisini misal çəkmək olar, çünki bu çox dərin fəlsəfi məna kəsb edir. İnsanın təhsil alması üçün bilik lazımdır, bilik insana güc verir ki, o, problemlərini həll etməkdə kömək edir. Həmin bilik və bacarıqlar sayəsində öz ölkəsinin maraqlarını da müdafiə edə biləcək, imicini yüksəyə qaldıracaq. Ümid edirik ki, həmin məktəbdə təhsil alacaq şəxslər qardaş xalqlar arasında möhkəm dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün öz səylərini göstərəcək və Azərbaycanın maraqlarını bütün dünyada müdafiə edəcək.

Biz hər zaman bu işləri, təhsil və elm sahəsində birgə əməkdaşlığı davam etdirməyə hazırıq. Azərbaycanın ali təhsil müəssisələrinin Özbəkistanda filialların açılması, birgə təhsil müəssisələrinin yaradılması üçün dəvət edirik. Həmin təhsil müəssisələrinin Daşkənddən başqa digər yerlərdə, Buxara, Səmərqənd və digər şəhərlərdə açılması nəzərdə tutulur. Hazırda Özbəkistanda xeyli sayda ali təhsil müəssisələrinin açılmasını görürük və azərbaycanlı qardaşlarımıza da şərait yaradırıq ki, onlar bu məsələ üzərində çalışsınlar. Mən özüm Azərbaycanda bir sıra ali təhsil müəssisələrində - Bakıda, Gəncədə (Azərbaycan Dövlət aqrar Universiteti) görüşlərdə olmuşam. Həmin universitetlərin kadrları yüksək vəzifələrdə çalışır və görürük ki, həmin təhsil müəssisələrində yüksək səviyyəli mütəxəssislər hazırlanır. Biz də istəyərdik ki, Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri birlikdə çalışsın, birgə elmi araşdırmalar aparsın və əgər onlar birgə təhsil müəssisələrinin və yaxud birgə kursların yaradılması ilə bağlı ortaq razılığa gəlsələr, biz onların hamısına kömək edəcəyik”, – səfir qeyd edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin