Düşməni lərzəyə salan Xüsusi Təyinatlı Qüvvələr
30 aprel Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür.
Xüsusi Təyinatlı Qüvvələr 1999-cu ildə Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirakı ilə yaradılıb.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Azərbaycan xüsusi təyinatlıları, həmçinin Pakistan, ABŞ və digər ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edirlər. Sözügedən qüvvələrimiz ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar.
2016-cı ilin aprelində baş vermiş döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin bölmələri iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
Sonralar Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri daha da təkmilləşdirilib. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələr Hikmət Mirzəyev rəhbərliyilə keçid etmişdi.
II Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti qəhrəmanlığı ilə yaddaşlarda qaldı. Bu qüvvələr Cəbrayıl şəhərini və ətraf kəndləri düşməndən azad edib. Xüsusi təyinatlılar Şuşa şəhərinin azad edilməsində də müstəsna rol oynayıblar. 8 noyabr 2020-ci il tarixində İlham Əliyev general Hikmət Mirzəyevi Şuşanın azad edilməsi münasibətilə təbrik edib. Vətən müharibəsindəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin sayəsində əldə edilib. Bu müharibə bütün xüsusi təyinatlı birləşmələrin aktiv şəkildə istifadə edildiyi savaş hesab olunur. Hikmət Mirzəyev 44 günlük müharibə zamanı Cəbrayıl rayonunun və Şuşa şəhərinin azad olunması əməliyyatlarına şəxsən rəhbərlik edib. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi Zəfər paradı bir sıra məqamlarla yadda qalıb. Bu paradda Vətən müharibəsindəki müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək, xalqımıza Böyük Qələbənin sevincini yaşadan Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları da tribunanın önündən keçdilər. Üç kolondan ibarət parad heyətinə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyev başçılıq etdi.
Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ Müharibəsində iştirak etmiş 32 nəfər Vətən Müharibəsi Qəhrəmanı medalı ilə, 2 nəfər "Zəfər" ordeni ilə, 57 nəfər "Qarabağ" ordeni ilə təltif edilib.(modern.az)
Xüsusi Təyinatlı Qüvvələr 2023-cü il sentyabr ayında baş tutan bir günlük antiterror tədbirlərində də aktiv iştirak edib, Qarabağın separatçılardan təmizlənməsində müstəsna rol oynayıb. 2023-cü ildə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib, paradda XTQ də iştirak edib.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev 11.01.2024-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.
Düşməni lərzəyə salan Xüsusi Təyinatlı Qüvvələrin yaranması günü münasibətilə onları təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara sahibdir.
0 Rəy