Vətən Müharibəsi Qəhrəmanının anası Prezidentə məktub YAZDI

Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin anası Nənəxanım Ağayeva Prezident İlham Əliyevə məktub yazıb.

Modern.az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Mən, Vətən Müharibəsi Qəhrəmanının anası kimi, bu təşəkkür məktubumu Sizə – xalqımızın qalib Liderinə, işğala son qoyan, torpaqlarımızı azad edən, başımızı ucaldan, şəhidlərimizin və başımıza gətirilən bütün müsibətlərin qisasını döyüş meydanında alan Müzəffər Ali Baş Komandana tükənməz sevgi və böyük hörmətlə yazıram.

Sizin ahıllara göstərdiyiniz diqqət və qayğı, onlara qoyduğunuz hörmət, valideyn sözünə bəslədiyiniz ehtiram gənc nəsillər üçün bir örnəkdir. Siz ata vəsiyyətini yerinə yetirərək, siyasi iradə, güc, qətiyyət və uzaqgörənlik nümayiş etdirərək Azərbaycanı birləşdirmisiniz, üçrəngli bayrağımızın bütöv vətənimizdə dalğalanmasına nail olmusunuz.

Mənim oğlum Vüqar Ağayev də Sizə olan sarsılmaz və böyük inamı ilə “dəmir yumruğ”unuz ətrafında birləşən və cəbhəyə atılan minlərlə Vətən oğullarından biri olmuşdur. Azərbaycan Ordusunun mayoru olan oğlum Vətən müharibəsi zamanı, noyabrın 1-də şəhidlik zirvəsinə ucalıb. Sizin müvafiq sərəncamlarınızla oğluma göstərdiyi xüsusi xidmətlərinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, o, “Vətən uğrunda", “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.

Hörmətli Prezident, bizə, ümumilikdə şəhid ailələrinə göstərdiyiniz böyük diqqət və qayğıya, mənzil-məişət şəraitimizin yaxşılaşdırılmasına görə Sizə təşəkkür edir, xalqımız, Vətənimiz və Azərbaycanın gələcəyi üçün göstərdiyiniz böyük fədakarlıqlarda yorulmazlıq və şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Ağayeva Nənəxanım Neymət qızı,
Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin anası”.


Vüqar Əhməd oğlu Ağayev 1973-cü ilin martın 4-də Qubadlının Xanlıq kəndində, hərbçi ailəsində dünyaya gəlib. 
Orta məktəbi bitirdikdən sonra atası kimi həyatını Ordu ilə bağlayıb, ali təhsilli peşəkar hərbçi olub.
Birinci Qarabağ Müharibəsində iştirak edən Vüqar Ağayev mayor rütbəsinə qədər yüksəlib.
Xidmətlərinə görə dəfələrlə təltif olunub, medallara layiq görülüb. 2016-cı ildə Ordudan tərxis olunub.

Vüqar Ağayev İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Müharibənin ilk günlərindən şəhidliyinə qədər ən ağır döyüşlərdə iştirak edib. O, 2020-ci il noyabrın 1-də ddoğma Qubadlı rayonunun Çardaqlı kəndi istiqamətində qəhrəmancasına şəhid olub. Nəşi bir gün sonra, noyabrın 2-də İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra ən yüksək fəxri adla - “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunub.
Qəhrəman bir sıra orden və medallara da layiq görülüb.

Şəhidə həsr olunmuş “Torpaqdan torpağa” və “Vətənin Vüqarı” sənədli filmləri çəkilib.

Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbinə Vətən müharibəsi Qəhrəmanı  Vüqar Ağayevin adı verilib. Ailəli idi, Pərvin və Yeganə adlı övladları yadigar qalıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin