İmişlidə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dekabrın 22-də İmişlidə vətəndaşların müraciətlərini dinləyib.
Dövlət Komitəsindən shushainfo.com-a verilən məlumata görə, sədrlə görüş zamanı əsasən İmişli, Beyləqan və Xocavənd rayon sakinləri müraciətlərini çatdırıblar.
Vətəndaşların müraciətlərində, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, “Böyük Qayıdış”la və digər şəxsi xarakterli məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib. Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun artırılmasının prioritet istiqamət olduğu, Birinci vitse-prezident Mehriban Əliyevanın həmin kateqoriyadan olanlara xüsusi diqqət və qayğı göstərdiyi onlara bir daha xatırladılıb. Qeyd edilib ki, hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə onların işğaldan azad edilmiş ərazilərə, doğma yurda qayıdışını sürətləndirmək, orada təhlükəsiz və layiqli həyat şəraiti yaratmaqdır. Qayıdış prosesinin uğurla davam etdiyi, mərhələli qaydada aparılan həmin prosesdə ilk növbədə müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanların köçürülməsinə üstünlük verildiyi onların diqqətinə çatdırılıb. Vətəndaşların qaldırdığı məsələlərin bir qismi yerində həll olunub.
Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.
shushainfo.com
0 Rəy