Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Şuşa
şəhərindəki 1 nömrəli tam orta məktəbdə "Böyük Qayıdış: Qarabağda yeni həyatın
başlanğıcı" adlı tədbir təşkil edib. Tədbir, həmçinin Azərbaycanın işğaldan azad
edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri haqqında
ictimaiyyətin daha ətraflı məlumatlandırılması və bu bölgələrdəki həyatın yenidən
canlanmasının nümayişi məqsədini daşıyıb.
Tədbir iştirakçıları əvvəlcə, Şuşa və digər işğaldan azad edilmiş ərazilərin yenidən
qurulması prosesini və Böyük Qayıdışın simvolik əhəmiyyətini əks etdirən
fotoşəkillərdən hazırlanmış sərgiyə baxıblar. Bu sərgi, həmçinin Böyük Qayıdışın
təkcə fiziki deyil, eyni zamanda emosional və sosial aspektlərini, insanların doğma
yurdlarına geri dönüşündəki heyrətamiz hekayələri sənət dili ilə nümayiş etdirir.
Tədbirdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin sədr müavini Fuad Hüseynov qaçqınların və məcburi köçkünlərin
dövlət qayğısı ilə əhatə olunduğunu, bu kateqoriyadan olan şəxslərin yaşayış
şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident
İlham Əliyevin xüsusi diqqət yetirdiyini, Birinci vitse-prezident xanım Mehriban
Əliyevanın onların problemlərinin həllinə daim həssaslıqla dəstək göstərdiyini
bildirib.
Dövlət Komitəsi sədrinin müavini həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin
rəhbərliyi ilə gerçəkləşən Böyük Qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi
Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin
edilməsidir. Böyük Qayıdışın təşkilinin, yalnız bir insanın və ya ailənin öz
torpağına qayıtması deyil, bütövlükdə Azərbaycanın gələcəyi üçün çox mühüm bir
addım olduğunu vurğulayan Fuad Hüseynov bu prosesin hər bir mərhələsinin,
ölkənin sosial və iqtisadi inkişafını sürətləndirəcəyini, həmçinin Qarabağ və Şərqi
Zəngəzurun regionunun inkişafına təkan verəcəyini diqqətə çatdırıb.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin
rəsmisi Elşad İskəndərov çıxış edərək, Böyük Qayıdışın əhəmiyyətini və bu
prosesin gələcək inkişafı barədə, Şuşanın və digər azad edilmiş ərazilərin bərpası
üçün həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Bu layihələrin yalnız
infrastruktur sahəsində deyil, həm də əhalinin sosial rifahının yaxşılaşdırılması,
mədəniyyətin və təhsilin inkişaf etdirilməsi, eləcə də yeni iş yerlərinin yaradılması
istiqamətində böyük rolu olduğunu qeyd edib.
Tədbirdə, Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov, Şuşa şəhər
1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova, Şuşa sakini Fəxrəddin
Səfərov və digər sakinlər də iştirak edərək, öz təcrübələrini və Böyük Qayıdışa
olan baxışlarını paylaşıblar. Sakinlər Şuşaya geri dönmək arzusunun onlar üçün
necə böyük bir sevinc və qürur mənbəyi olduğunu, eyni zamanda bu dönüşün
onların həyatında yeni bir səhifə açdığını vurğulayıblar.
shushainfo.com
0 Rəy