Xalqımız qədim milli bayramı – Novruzu qeyd edir
Ağappaq qarın altından sapsarı novruzgülü çiçəyi, kolun dibindən gömgöy bənövşə boy göstərir. Gün vurduqca sinəsindən buğ qalxan ana torpağın qırışığı açılır. Ağaclar tumurcuq tutur, çöllər, düzlər ilmə-ilmə, naxış-naxış yaşıl don geyir. Qaranquş təzəcə puçurlayan budağa qonub nəğmə oxuyur.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanda Novruz bayramı təntənə və sevinclə qarşılanır. Ölkəmizin hər yerində, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Novruz tonqalları qalanır. Tonqal ətrafına toplaşan sakinlər yurdumuza qədəm qoyan baharın onlara böyük ümidlər gətirəcəyini gözləyirlər.
Təbiət oyanır, təbiət canlanır. Hər səhər dan yerində Günəş qırmızı tonqal qalayır. Havalar isindikcə hər yerdən yazın ətri gəlir. Dağlarda buz bağlamış çaylar, şəlalələr əriyərək sazlı-sözlü aşığa çevrilir, qönçələr, çiçəklər yavaş-yavaş açmağa başlayır. Dolan buludlardan səpilən yaz yağışları düz-dünyaya nur ələyir, göylər yeddi rəngli xalı toxuyur. Hər yerdə yazın qədəmləri duyulur. Boşqablarda, nəlbəkilərdə cücərdilən yamyaşıl səməni yazın gəlişindən soraq verən əlamət sayılır.
Bu il yaz fəsli martın 20-si saat 18:45-də Azərbaycana daxil olacaq. Həmin vaxt gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.
AZƏRTAC xalqımızın qədim milli bayramı olan Novruz bayramın tarixini, onun yaddaşımızdakı yeri və qarşılanması ənənələrini xatırladır.

Türk xalqlarının ən qədim bayramı
Novruzun tarixi qədim minilliklərə gedib çıxır. Qədim türk və Şərq xalqlarının dünyagörüşündə mühüm yer tutan Novruz zaman keçdikcə müxtəlif mədəniyyətlərin təsiri ilə zənginləşib. Azərbaycan torpağında isə Novruz xalqın milli-mənəvi kimliyinin ayrılmaz hissəsinə çevrilib.
Novruz Azərbaycan xalqının ən qədim və ən sevimli bayramı, mənəvi dəyərlərin, adət-ənənələrin və birlik ruhunun təntənəsidir. Novruz sözü fars dilindən tərcümədə “yeni gün” deməkdir. Həmin vaxtlardan yazın gəlişi, gecə-gündüz bərabərliyi kimi qeyd olunur. İnsanlar təbiətin yenilənməsini öz həyatlarının da yenilənməsi kimi qəbul edib, baharın ilk gününü yeni başlanğıcların rəmzinə çeviriblər. Qırğızlar onu Nooruz, özbəklər Növroz, başqırd türkləri Nevruz, tatarlar Navruz, çuvaşlar Naurus, Krım türkləri Nevrez, Qərbi trakiyalılar Mevris adlandırıblar.
Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər qədimdir. Elmdə Novruzun mənşəyinə dair iki fikir mövcuddur. Onlardan birində Novruz türklərin ən qədim təbiət bayramı hesab olunur. Çin mənbələrində hunların martın 21-də bahar şənlikləri təşkil etdikləri barədə qeydlər var. Uyğur türklərinin də müasir adətlərlə eyniyyət təşkil edən yaz mərasimləri olub. Qobustan qayaüstü rəsmlərində isə daha qədim çağlara aid ilin dəyişməsi ayini təsvir olunub. Türklərin “Ərgənəkon” dastanında əski yurda dönüş yazın ilk günü ilə əlaqələndirilir.
İkinci istiqamət əsasən İran əfsanələrindən törəyən mərasimlər toplusudur. XI əsrin yazılı abidələrində, xüsusilə Firdovsinin “Şahnamə”sində “Novruz”dan bəhs edilir. Farslarda məhz həmin zamandan sonrakı çağlara aid ədəbiyyatlarda ondan geniş danışılır.
Novruz bayramı Əhəmənilər dövründə eramızdan əvvəl 350-ci ildən qeyd olunsa da, tarixi kökləri zərdüştlükdən əvvələ gedib çıxır. Bayramın bütün əlamətləri — tonqal qalamaq, səməni cücərtmək, Kosa-Keçəl tamaşaları, günəşi çağırış, qodu ilə qapıları döymək, umu-küsülüyə son qoymaq, dünyadan köçənləri yad etmək, yumurta boyamaq, yumurta döyüşdürmək, yeddi növ nemətdən xonça hazırlamaq, evdə, həyət-bacada təmizlik işləri görmək, ocaqda qazan qaynatmaq, papaq atmaq, bacadan xurcun sallamaq, ocağın başına toplaşmaq, qulaq falına çıxmaq təbiət-insan qarşılaşmasının rituallaşması və bayramlaşmasıdır.

Novruzun qarşılanması
Xalqımızın yaddaşında Novruz bayramı yalnız bir təqvim hadisəsi deyil, bütöv bir həyat tərzidir. Baharın gəlişi ilə insanlar qəlblərində ümid, sevinc və yeni başlanğıclar arzusu hiss edirlər. Bu günlərdə insanlar evlərini təmizləyir, həyətlərini səliqəyə salır, sanki köhnə ilin bütün ağrı-acılarını arxada qoymağa çalışırlar.
Novruzun gəlişi bir neçə həftə əvvəl hiss olunmağa başlayır. Xalq təqviminə görə bayramdan əvvəl su, od, yel və torpaq çərşənbələri qeyd olunur. Xüsusi adət və mərasimlərlə qarşılanan həmin çərşənbələrin hər biri qədim insanların təbiət ünsürlərinə olan inamını əks etdirir. Su çərşənbəsi həyatın başlanğıcını, od çərşənbəsi istiliyi və işığı, yel çərşənbəsi hərəkəti və dirçəlişi, torpaq çərşənbəsi isə təbiətin oyanışını simvolizə edir.
Novruzun ən maraqlı və rəngarəng ənənələrindən biri tonqal qalamaqdır. Həyətlərdə tonqal yandırır, onun üzərindən tullanırlar ki, azar-bezar qovurulub yansın, ağrı-acı ilim-ilim itsin. Həmin qədim ritual bütün pisliklərdən uzaqlaşmağı, dərd-qəmdən arınmağı simvolizə edir. Tonqalın işığı sanki qaranlığı qovur, ümid və sevinc gətirir.
Bayram süfrəsi isə Novruzun ən gözəl simvollarından biridir. Süfrənin ortasında yaşıl cücərti – səməni qoyulur. Səməni həyatın yenilənməsinin, bolluq və bərəkətin rəmzi sayılır. Süfrədə müxtəlif şirniyyatlar – paxlava, şəkərbura, qoğal, badambura yer alır. Həmin şirniyyatların hər birinin öz mənası var. Məsələn, paxlava ulduz formasında hazırlanaraq kainatı və günəşi xatırladır, qoğal isə günəşin istiliyini simvolizə edir.
Novruz günlərində xalq arasında müxtəlif oyunlar və əyləncələr keçirilir. Uşaqlar qapılara papaq atır, yumurta döyüşdürür, şən mahnılar oxuyurlar. Həmin tədbirlər yalnız əyləncə deyil, həm də insanların bir araya gəlib birlik və həmrəylik nümayiş etdirməsinin gözəl nümunəsidir.
Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi var. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
Prezident İlham Əliyev isə xalqa ünvanlanan Novruz təbrikində deyib: “Azərbaycan torpağında çox qədim köklərə malik Novruz bayramı ulu əcdadlarımızın indiki nəsillərə müqəddəs ərməğanıdır. Bu əziz bayram uzun əsrlərdən bəri milli təfəkkür tərzimizin ayrılmaz tərkib hissəsi olub, mədəni dəyərlərimizin təşəkkülünə xüsusi töhfə vermişdir. Novruz mərasimlərində xalqımızın nikbin dünyagörüşü, təbiətə sonsuz sevgisi, yüksək əxlaqi meyarları və gələcəklə bağlı ən işıqlı arzuları bütün zənginliyi ilə təcəssümünü tapır.
Novruz ənənələrini yad təsirlərdən qoruyaraq zamanın sınaqlarından uğurla çıxarması və dövrümüzədək yaşatması Azərbaycan xalqının öz şərəfli tarixi qarşısında xidmətlərindəndir. Ali bəşəri keyfiyyətlər və dərin mənəviyyat xəzinəsi olaraq dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alan Novruz bayramı bu gün də Vətənimizin hər bir guşəsində yüz illərin yaddaşında iz qoymuş adətlərə uyğun el şənlikləri ilə qarşılanır”.

Beynəlxalq səviyyədə qeyd edilən el bayramı
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində Novruzu UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil ediblər. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ini Beynəlxalq Novruz Günü elan edib.
Novruz dünyada 300 milyondan artıq əhalinin yeni ilin başlanğıcı kimi qəbul etdiyi bayramdır. Artıq 3 min ildir ki, onu Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə və digər regionlarda qeyd edirlər.
Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramıdır.
Yazın gəlişini müjdə verən Novruz bayramı təbiətin oyanışı, həyatın yenilənməsi və ümidlərin təntənəsidir. O, xalqımızın qədim köklərini, zəngin mədəniyyətini və milli ruhunu ifadə edən mənəvi körpü, yaddaşlarda yaşayan əbədi bir həyat fəlsəfəsidir.
0 Rəy