Qarabağda qurulan model: Təhlükəsizlikdən iqtisadi inteqrasiyaya gedən yol – TƏHLİL
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq prosesinə artıq yalnız postmünaqişə mərhələsinin tərkib hissəsi kimi baxmaq kifayət etmir. Müşahidə olunan dinamika göstərir ki, bu ərazilərdə paralel olaraq daha geniş miqyaslı – regional transformasiya prosesi gedir və bu proses Cənubi Qafqazın gələcək inkişaf istiqamətlərinə birbaşa təsir göstərir.
Strateji baxımdan Qarabağ bu gün Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşdığı məkandır. Əgər əvvəllər region münaqişə zonası kimi tanınırdısa, indi burada kommunikasiya xətlərinin açılması, iqtisadi layihələrin genişlənməsi və dialoq imkanlarının artması müşahidə olunur. Bu dəyişiklik təsadüfi deyil, bu, məqsədyönlü şəkildə qurulan bir modeldir. Şərq–Qərb və Şimal–Cənub istiqamətlərinin kəsişməsi bu ərazilərin təkcə coğrafi deyil, həm də funksional əhəmiyyətini artırır. Bu kontekstdə Qarabağı təhlükəsizlik gündəliyindən iqtisadi inteqrasiya mərhələsinə keçidin əsas mərkəzlərindən biri kimi qiymətləndirmək olar.
Region sıfırdan qurulan yeni model əsasında inkişaf etdirilir

İqtisadi müstəvidə isə region faktiki olaraq sıfırdan qurulan yeni model (greenfield economy) əsasında inkişaf etdirilir. Qarabağ və Şərqi Zəngəzur bu yanaşmaya uyğun olaraq formalaşdırılır və bu, ənənəvi bərpa layihələrindən fərqli olaraq daha çevik və uzunmüddətli nəticələr vəd edir. Yaşıl enerji, logistika, kənd təsərrüfatı və turizm kimi sahələr burada əsas istiqamətlər kimi müəyyənləşdirilib. Bu yanaşma regionu həm xarici investorlar üçün daha proqnozlaşdırılabilən bazara çevirir, həm də ölkə daxilində yeni iqtisadi artım nöqtəsi formalaşdırır.
Sosial aspektdə “Böyük Qayıdış” prosesi də öz mahiyyətinə görə fərqlənir. Bu proses yalnız əhalinin doğma yurdlarına qayıdışı deyil, eyni zamanda, yeni yaşayış modelinin qurulmasıdır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, rəqəmsal idarəetmə və müasir infrastruktur insanların həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib. Təhlükəsizlik, məşğulluq və sosial təminat kimi amillər bu modelin əsas dayaqlarını təşkil edir.
Təhlükəsiz və sabit coğrafiya

Məsələ ilə bağlı Milli Məclisin deputatı Tural Gəncəliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, bu gün dünyanın diqqətinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa prosesinə yönəlməsi təsadüfi deyil. “Burada həyata keçirilən işlər təkcə fiziki infrastrukturun qurulması deyil, eyni zamanda, yeni təhlükəsizlik və sabitlik coğrafiyasının formalaşdırılması deməkdir. Bu həm də regional və beynəlxalq tərəfdaşlara açıq mesajdır. Azərbaycan bu əraziləri əməkdaşlıq və inkişaf platformasına çevirmək niyyətindədir. Bu gün artıq beynəlxalq tərəfdaşlar tərəfindən həm humanitar, həm də investisiya xarakterli layihələrin həyata keçirilməsi bunun bariz nümunəsidir. Qarabağ və Şərqi Zəngəzurun coğrafi mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Bu ərazilər Orta Dəhliz və Zəngəzur dəhlizi kimi beynəlxalq nəqliyyat marşrutlarına yaxın yerləşir və bu layihələrin reallaşması ilə regionun qlobal nəqliyyat-kommunikasiya xəritəsində rolu daha da artacaq. Zəngəzur dəhlizi tam funksional olduqda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşməsi təmin ediləcək və bu, eyni zamanda, beynəlxalq nəqliyyat layihələrinin tamamlanması baxımından yeni geosiyasi və geoiqtisadi reallıq yaradacaq”.
Deputat diqqətə çatdırıb ki, həyata keçirilən tədbirlər insanların kütləvi və ləyaqətli qayıdışı üçün möhkəm zəmin formalaşdırır. Artıq sənaye müəssisələrinin, təhsil ocaqlarının yaradılması və iqtisadi fəaliyyətin genişləndirilməsi yaxın gələcəkdə yüz minlərlə insanın bu ərazilərə qayıdışını təmin edəcək.

“Qarabağ və Şərqi Zəngəzur yalnız iqtisadi deyil, həm də turizm, müalicəvi və bərpaolunan enerji potensialı baxımından böyük imkanlara malikdir. Bütün bu amillər onu göstərir ki, bu bölgə yaxın gələcəkdə təkcə regionda deyil, daha geniş coğrafiyada cəlbedici mərkəzə çevriləcək. Son beş ildə əldə olunan nəticələr Azərbaycanın bu ərazilərdə apardığı siyasətin nə qədər uğurlu olduğunu sübut edir. Qarabağ və Şərqi Zəngəzurun gələcəkdə Böyük Qafqaz və bütövlükdə Avrasiya məkanında mühüm rol oynayacağı artıq şübhə doğurmur”.
Nəticə olaraq demək olar ki, Qarabağ və Şərqi Zəngəzurda baş verənlər təkcə Azərbaycanın daxili inkişaf layihəsi deyil. Bu, daha geniş mənada regionun gələcək modelinin formalaşmasıdır. Əgər bu proses planlaşdırıldığı kimi davam edərsə, Cənubi Qafqaz uzun illərdən sonra ilk dəfə olaraq münaqişə bölgəsi deyil, əməkdaşlıq və inkişaf məkanı kimi tanına bilər.
Müxbir – Səbinə Əlizadə
0 Rəy