Azərbaycanlı məcburi köçkünlərdən türkiyəli köçkünlərə dəstək

Türkiyədə dəhşətli zəlzələ nəticəsində çoxsaylı dağıntıların və insan tələfatının olması,
on minlərlə ailənin evsiz-eşiksiz və maddi təminatsız qalması uzun illərdir məcburi
köçkünlükdən əziyyət çəkən həmvətənlərimizi də dərindən kədərləndirib. Onlar da
türkiyəli qardaş və bacılarımıza yardım göstərmək məqsədilə ölkəmizdə aparılan yardım
kampaniyasına qoşulublar.
Respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkün icmaları
müstəqil şəkildə səfərbər olaraq bu kampaniyada iştirak edirlər. Zərərçəkənlərə
göndərilməsi üçün yığılmış yorğan, döşək, digər müxtəlif yataq ləvazimatı və zəruri
avadanlıqlar Bakı şəhərindəki Heydər Əliyev adına İdman Konsert Kompleksində
yerləşən toplama məntəqəsinə təhvil verilib.
Təbii fəlakətlər də məcburi köçkünlüyü yaradan əsas səbəblərdəndir. Ermənistanın
işğalçılıq siyasəti nəticəsində Qarabağda və Şərqi Zəngəzurda ata-baba yurdunu,
minbir əziyyətlə tikdiyi evi, heç bir əşya götürmədən, tərk etməyə məcbur qalan
azərbaycanlı məcburi köçkünlər Türkiyədə təbii fəlakətin yaratdığı məhrumiyyətləri
yaxşı anlayır və bu hadisədən zərərçəkənlərə maddi dəstək göstərməyi öz mənəvi
borcları hesab edirlər.
Zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət, əzizlərinə səbr diləyir, yaralılara
tezliklə şəfa tapmağı arzulayırlar.
Səninləyik Türkiyə!

Rəylər

Aşağıdakı məlumatları qeyd edin