İşğaldan azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.

Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu dəfə Ağdərə, Ağdam, Xocalı, Xocavənd, Laçın və Zəngilan rayonlarında daha 86 şəxsə proqram çərçivəsində mal və materiallar təqdim edilib.

Verilmiş aktivlər hesabına onlar qoyunçuluq, keçiçilik və arıçılıq üzrə kiçik bizneslərini yaradıblar.

Proqramın iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

Ümumilikdə işğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlərdən artıq 1048 şəxs özünüməşğulluq proqramı çərçivəsində öz kiçik ailə təsərrüfatlarını qurub.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin