Vüqar Kərimov: Qarabağ və Şərqi Zəngəzurda flora növlərinin qorunması üçün mühafizə sahələri yaradılır
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisi zəngin təbii faydalı resurslara, habelə geniş kurort-rekreasiya potensialına malikdir. Bu ərazilərin meşə, su və torpaq ehtiyatları aqrar sahə, emal sənayesi və turizmin inkişafı üçün böyük imkanlar yaradır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Xankəndidə keçirilən “Qarabağda Dayanıqlı İnkişaf Məqsədləri anı: Gələcək üçün Azərbaycan–BMT tərəfdaşlığı” mövzusunda yüksəksəviyyəli strateji dialoqda çıxışı zamanı deyib.
Vüqar Kərimov bildirib ki, işğaldan azad olunan ərazilərdə biomüxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bəsitçat Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa edilib. Bir neçə gün əvvəl Azərbaycan Prezidentinin Sərəncamı ilə 88 min 418 hektar ərazidə Qarabağ Milli Parkı yaradılıb. Bu tədbirlər həm regional, həm də qlobal səviyyədə təbii irsin və biomüxtəlifliyin qorunmasına, ekosistemlərin bərpasına xidmət edir.
O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda ölkəmizin “Qırmızı Kitab”ına daxil edilmiş flora növlərinin qorunmasının təmin edilməsi məqsədilə mühafizə sahələrinin yaradılması üçün ərazilər müəyyən edilib və bu istiqamətdə müvafiq işlər işlər həyata keçirilir.
“Qeyd olunan tədbirlər ölkəmizin ətraf mühitin mühafizəsi, meşə ehtiyatlarının bərpası və iqlim dəyişmələrinin təsirlərinin azaldılması istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətin tərkib hissəsidir. Bu istiqamətdə səylərin BMT təsisatları ilə birgə davam etdirilməsi ekoloji dayanıqlığın gücləndirilməsinə və gələcək nəsillər üçün sağlam ətraf mühitin qorunmasına böyük töhfə verəcəkr”, - deyə nazir müavini bildirib.
Müxbir – Tahir Ağaməmmədov
0 Rəy