Ağalıda “Novruz mühazirəsi” keçirilib

Martın 10-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Zəngilan rayonu Ağalı kəndində “Novruz mühazirəsi” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli bu tarixi günə görə şəhidlərimizə, Ali Baş Komandana borclu olduğumuzu söyləyib. Bildirib ki, 44 günlük zəfərə aparan yol Aprel döyüşləri ilə başlasa da, Polad Həşimovun şəhidlik zirvəsi bizi zəfərə yaxınlaşdırdı.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov nazirliyin təşkilatçılığı ilə 2016-cı ildən “Novruz mühazirələri”nin keçirildiyini xatırladıb. Otuz səkkiz il sonra ilk dəfə Ağalıya gəldiyini deyən Firudin Qurbanov tədbirin şagirdlər üçün önəmli olduğunu qeyd edib. Bildirib ki, gənclərin əldə etdiyi təhsil, bilik və vərdişlər ölkənin gələcək inkişafında onların rol oynamasına imkan yaradacaq. Nazir müavini Böyük Qayıdışda, aparılan quruculuq işlərində gənclərin aktiv iştirak etməli olduqlarını vurğulayıb.

Daha sonra Tarix İnstitutunun direktoru professor Kərim Şükürov “Qələbədən Böyük Qayıdışa” mövzusunda mühazirə söyləyib. Professor mühazirədə 44 günlük müharibədə ölkəmizin əldə etdiyi Qələbə haqqında geniş məlumat verib, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, Prezident İlham Əliyevin bu siyasəti davam etdirməsi nəticəsində ölkəmizin zəfərə nail olduğunu qeyd edib.

Kərim Şükürov institutun nəşr etdirdiyi kitablardan Ağalı məktəbinə bağışlanacağını, növbəti illərdə kənddə mühazirələrin artırılacağını deyib.

Milli Məclisin deputatları Aydın Mirzəzadə və Ceyhun Məmmədov “Novruz mühazirələri”nin Ağalıda təşkil olunmasının vacibliyindən söz açıblar. Bildiriblər ki, bu tarixin cəmiyyət üçün olduqca böyük əhəmiyyəti var. Ağalı daha da inkişaf edəcək, burada daha irimiqyaslı layihələr həyata keçiriləcək.

Aydın Mirzəzadə Vətən müharibəsinə həsr etdiyi kitabları Ağalı kənd məktəbinə bağışlayıb.

Sonda qonaqlar məktəb heyəti ilə tonqal ətrafına toplaşıb, xatirə şəkli çəkdiriblər.

Tədbirdən sonra qonaqlar Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Ağalı kəndində ağac əkiblər.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin