Ümummilli lider Heydər Əliyevin Şuşaya məhəbbəti və məcburi köçkünlərə qayğısı

Tarixdə elə şəxsiyyətlər var ki, adı vəəməlləri dünya durduqca yaşayacaq, fəaliyyətləri gələcək nəsillərə örnək olmaqla, ideyaları onların yolunda əbədi məşələ çevriləcəkdir. Xalqımızın böyük oğlu, Ümummilli liderimiz mərhum prezident  Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Ulu Öndərimizin hələ sağlığında əfsanəvi, xarizmatik liderə çevrilməsində həyatı üçün heç bir riskdən çəkinməməsi, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır.

Həqiqi lider olan nəhəng şəxsiyyətlərin tarixi qayıdışı nadir hadisədir, onun şahidi olmaq isə hər nəslin qismətinə düşmür. Bu mənada biz özümüzü xoşbəxt insanlar saya bilərik ki, zəmanəmizin böyük siyasi hadisələrindən birinin - Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışının canlı şahidləriyik.

İngiltərənin keçmiş baş naziri M.Tetçerin qənaətinə görə, Heydər Əliyev zəmanəmizin ən görkəmli siyasi xadimlərindən idi. Dünyanın ən məşhur dövlət xadimlərinin portretlərinin müəllifi, görkəmli rəssam Nikos Safronov Ulu Öndərin 80 illik yubileyi münasibətilə portretini çəkərkən bu qənaətə gəlmişdir ki, Heydər Əliyev tanrının yaratdığı möcüzədir, belə şəxsiyyətlər min ildə bir dəfə dünyaya gəlir.

Tale 1993-cü ildə Azərbaycan xalqını növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda  xalqın yeganə xilaskarı kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanırdı. Ümummilli liderimiz xalqın çağırışına müsbət cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır. Üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək, fədakarlıq, işgüzarlıq, mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik kimi fövqəl keyfiyyətlərdən məharətlə bəhrələnən Ulu Öndər xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtarmış, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi. Müasir Azərbaycan öz müstəqilliyini məhz Heydər Əliyevin sayəsində qoruyub saxladı.

Ümumiyyətlə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra Dağlıq Qarabağ münaqişənin aradan qaldırılmasına nail olmaq üçün göstərdiyi fəaliyyəti, ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli və eləcədə çoxtərəfli görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə görüşlərində, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin Ermənistan Prezidenti ilə təkbətək danışıqlarda göstərdiyi ardıcıl səylər Heydər Əliyevin siyasətinin mühüm və əsas hissəsini təşkil edirdi.

Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı həm də Azərbaycan torpaqlarının işğalının qarşısını aldı, atəşkəsə nail olundu, ölkəmizin ağır problemlərindən biri hesab edilən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə diqqət, dövlət qayğısı ilbəil artırıldı.

Heydər Əliyev müstəqil Azərbaycanı idarə etməyə başladığı ilk illərdən məcburi köçkünlərə qayğı göstərməyi bir an belə olsun unutmadı. O, hələ Moskvada  olarkən  Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəlməzdən əvvəl Azərbaycanda nə vahid idarəetmə, nə də düzgün siyasət var idi. Yerli əhali olduğu kimi, qaçqın və məcburi köçkünlər də pərakəndə şəkildə ölkənin müxtəlif regionlarına səpələnmişdilər. Təsadüfi deyil ki, həmin illərdə Azərbaycan  iqtisadi və siyasi cəhətdən tamamilə çökmüş vəziyyətdə idi. Bu siyasi pərakəndəlik də bir-bir Azərbaycan torpaqlarının işğalına gətirib çıxarmışdı. Bu da ölkənin müstəqilliyini təhlükə altına salmışdı. Amma Heydər Əliyev meydana çıxaraq, həm siyasi pərakəndəliyi yatırdı, həm torpaqlarımızın işğalını dayandırdı, həm də ki, məcburi köçkünlərin müxtəlif ərazilərdə məskunlaşdırılması işinə böyük diqqət ayırdı. Heydər Əliyevi məcburi köçkünlərin sosial problemləri daim narahat edirdi. O, dəfələrlə çadır şəhərciklərinə gəlmiş, onların yaşayış şəraiti ilə tanış olmuşdu. Ulu öndər müxtəlif ölkələrin dövlət başçıları, rəsmi şəxsləri ilə keçirilən çoxsaylı görüşlərində, beynəlxalq və yerli qurumlarda etdiyi çıxışlarında qaçqın və məcburi köçkünlərin  məsələsinə  mütləq toxunurdu. Bu insanların səsi dünya ictimaiyyətinə çatdırılırdı. Qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində davamlı siyasət həyata keçirən Ümummilli lider bunu özünün bir nömrəli problemi adlandırırdı. Ulu Öndər deyirdi: “…İşğal olunmuş, bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir”.

Hələ 1998-ci ildə Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin sərəncamına əsasən “Qaçqınların və Məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 1999-cu ildə isə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə dünya təcrübəsində ilk olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edilmişdir.

Ulu Öndərin daxili siyasətində yer tutan əsas məsələlərdən biri yurd-yuvalarından didərgin düşmüş insanların qayğısına qalmaq, onların həyat səviyyəsini yüngülləşdirmək, müvəqqəti yerləşdikləri yerlərdə maksimum şəraitlə təmin etmək idi. Bu məqsədlə ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan hüquqi baza yaradılmış, Ulu Öndər Heydər Əliyev tərəfindən 20-dən çox fərman və sərəncam imzalanmışdır. Həmçinin "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir.

Məlum olduğu kimi, ölkəmizdə mövcud olan və məcburi köçkünlərin olduqca ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi ideyası xalqımızın Ümummilli lideri Heydər Əliyevə məxsus idi. Məhz onun müvafiq fərman və sərəncamlarına əsasən, ölkədə yaradılmış Neft Fondundan ilk vəsait məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldildi. İlk çadır düşərgələrinin ləğvi prosesi 2003-cü ildə Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsindən başlandı.

Ulu Öndərin siyasi kursunun uğurlu davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev hakimiyyətdə olduğu dövrdə bu problemə xüsusi önəm vermiş, bir neçə dövlət proqramı imzalamışdır. 2004-cü il iyulun 1-də möhtərəm Prezidentimizin imzaladığı “Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” 2005- 2007-ci illəri əhatə edirdi. O, reallaşandan sonra, 2007-ci il oktyabrın 31-də həmin proqrama əlavələr edilməsi ilə bağlı cənab Prezidentin xüsusi sərəncamı oldu. Məhz möhtərəm Prezidentimizin səyi, qayğısı nəticəsində Azərbaycanda  çadır şəhərcikləri ləğv edildi.

Qarabağın mədəniyyət beşiyi olan Şuşa şəhərinin inkişafında Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. 1923-cü ildə DQMV yaradılması nəticəsində Qarabağın mərkəzi statusunu itirmiş Şuşada ermənilərin siyasəti nəticəsində əhalinin sayı təxminən, 50 il ərzində 3 dəfədən də çox azalmışdı. Belə ki, 1917-ci ildə Şuşada 43869 nəfər əhali yaşadığı halda, 1970-ci ildə onların sayı azalıb 13664 nəfərə enmişdi.

Şuşanın yenidən dirçəlməsi yalnız 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gətirilməsindən sonra mümkün oldu. 1977-ci ildə Azərbaycan SSR Nazirlər Soveti «Şuşa şəhərinin tarixi hissəsinin tarix-memarlıq qoruğu elan etmək haqqında» qərar qəbul etdi. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Bütün bu tədbirlər nəticəsində şəhərdə əhalinin sayı artaraq 1989-cu ildə 20579 nəfərə çatdı. Şuşa isə kurort şəhəri kimi Azərbaycanın gözəl bir guşəsinə çevrildi.

Ümummilli lider Heydər Əliyev deyirdi: ”Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir. Əziz bir qaladır, əziz bir abidədir”.

Ümummilli liderin vəsiyyəti də cənab Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun gücü ilə yerinə yetirildi. Şuşa mənfur düşməndən azad edildi. Bu gün Şuşa yenidən qurulur və  dirçəlir.

Heydər Əliyev təkcə Şuşaya deyil Qarabağın bütün azərbaycanlılar yaşayan kənd və qəsəbələrinə də daim diqqət və qayğı göstərmişdir.

Heydər Əliyevin bütün sahələrlə bərabər qaçqınlara və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalqımız əmindir ki, Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş şəhər və kəndlərimiz tez bir zamanda bərpa olunacaq və keçmiş məcburi köçkünlərin hamısı öz yurdlarına geri dönəcəkdir.

Bu gün Azərbaycan elə bir inkişaf səviyyəsinə gəlib çatıb ki, ölkənin qaçqın və məcburi köçkün təbəqəsi Ermənistanın paytaxtındakı əhalidən sosial və iqtisadi cəhətdən dəfələrlə artıq yaşayır. Bu da bizə deməyə əsas verir ki, bu gün Azərbaycanın ən ağır sosial problemlərlə üzləşən təbəqəsi Ermənistan elitasından yaxşı yaşayırsa, deməli, bütün bunlar aparılmış məqsədyönlü siyasətin bariz nümunəsidir. Ümummilli liderimiz elə bir bünövrə, elə bir strategiya qoyub ki, biz həmin siyasətlə sürətlə inkişaf edirik.

Ümummilli liderin layiqli davamçısı İlham Əliyevin onun qoyduğu dövlətçilik bünövrəsinin üzərində müasir, güclü Azərbaycan qurur. Azərbaycan artıq regionun bir nömrəli dövlətinə çevrilib. Apardığı siyasəti, islahatları, güclü iqtisadiyyatı və ordusu ilə Azərbaycan dünyada nümunə predmetinə çevrilir. Məhz bunun sayəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. 44 gün ərzində bütün Ermənistan ordusu məhv edildi. Düşmən uzun illər başına endirilən “Dəmir yumruğu” unutmayacaq. Artıq fəxrlə deyə bilərik ki, Azərbaycanda məcburi köçkün anlayışı tarixin arxivinə atıldı. İndi keçmiş məcburi köçkünləri bərpa olunmuş doğma yurdlarına Böyük qayıdış gözləyir.

Azərbaycan Ümummilli lider Heydər Əliyevin yolu ilə irəliləyərək inamla  inkişaf edir.  Müstəqil Azərbaycanın inamlı inkişaf yolu olan bu siyasi yol  Ümummilli lider Heydər Əliyevin  yoludur.

 

Anar Xəlilov

Şuşa Rayon Statistika İdarəsinin rəisi

 

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin