Şuşanın bu iki məntəqəsindəki ermənilər tam qanunsuz məskunlaşdırılıb...- Ona görə də...

“Hesab edirik ki, keçmiş Dağlıq Qarabağ və ətraf rayonlarımızda 1988-ci ilədək ermənilərin yaşamış olmadığı yaşayış məntəqələrimizin dəqiq siyahıları tutulmalı və yaxın gələcək onların boşaldılaraq əsil sahiblərinə, yəni 30 ildən çoxdur məcburi köçkün həyatı yaşayan soydaşlarımıza qaytarılması təmin edilməlidir...”

Azərbaycanın eko-fəallarının 2022-ci il dekabrın 12-də Laçın-Şuşa-Xankəndi yolunda məlum aksiyaya başlamasından sonra Şuşa rayonunun Böyük və Kiçik Qaladərəsi, Sarıbaba, Onverst kəndlərində, eləcə də Turşsu qəsəbəsində məskunlaşdırılmış hayklar daha çox şikayətlənməyə başlamışdılar. O səbəbdən ki, guya bu aksiya onların Xankəndi ilə əlaqəsini kəsir. 

Moderator.az xəbər verir ki, Azərbaycan dövləti Ermənistanla sərhəddə - Laçın-Xankəndi yolunun girişində sərhəd və gömrük postları qurduqdan sonra erməni mediasında Şuşanın bəhs edilən kəndlərindəki haykların şikayətləri daha çoxalıb. Belə ki, bu dəfə onlar ikiqat “bloka”dada olmaqdan, ərzaqsız, həkimsiz, dərmansız qalmaqdan və s. şikayətlənirlər.

Əvvəla, dəfələrlə dediyimiz kimi, Qarabağdakı haykların gediş-gəlişinə mane olan öz separatçı-terrorçu rejimlərinin “polis”ləri və sevimli böyük qardaşlarının “sülhməramlı” hərbçiləridir. Xankəndi yolundakı aksiyaçılarımız da, Həkəri çayı üzərindəki körpüdə dayanan sərhədçilərimiz də Qarabağdakı silahsız, terrorçu, diversant siyahılarında adı olmayan ermənilərin Ermənistana gediş-gəlişinə heç bir maneə törətmir. Hazırda Ermənistan ərazisində qalanlar isə buyursunlar, sənəd-sübutlarını, yüklərini yoxladıb Azərbaycan ərazisinə keçsinlər...

İkincisi də, Birinci və İkinci Qarabağ savaşlarından sonra Qarabağda tam qanunsuz olaraq minlərlə erməni məskunlaşıb.  Keçmiş Dağlıq Qarabağın 1991-1992-ci ilədək yalnız azərbaycanlılar yaşadığı bir sıra kəndlərində də hazırda qeyri-qanuni olaraq hayklar yaşayır. Həmin kəndlərdən azı ikisi  məhz Şuşa rayonundadır. Onlardan biri Xankəndinə, demək olar ki, bitişik olan və 1992-ci ilin fevralında azərbaycanlı əhalisi qırğına məruz qoyularaq qovulmuş Malıbəyli kəndi, digəri isə Şuşa-Laçın yolunun üzərindəki Turşsu qəsəbəsidir.  2020-ci ilin dekabrından bəri Malıbəylidə 44 günlük savaşdan sonra Şuşa və Hadrutdan köçmüş ermənilər üçün yaşayış binaları tikilir. Turşsudakı hayklar isə 1992-ci ilin mayında Şuşa və Laçının işğalından sonra tam qanunsuz şəkildə orada yerləşiblər. Yəni bu qəsəbədə 1988-ci ilədək bir erməni də yaşamayıb. Amma bu gün “ikiqat blokada”dan ən çox şikayətlənən məhz həmin qəsəbəmizdəki hayklardır. Onlara öncə xatırlatmaq gərəkdir ki, siz Turşsuda qanunsuz məskunlaşmısız, odur ki, hələlik şükür edib, səsinizi çıxarmayın... 

Eyni zamanda onu da xatırlatmaq gərəkdir ki, Şuşa rayonunun adını çəkdiyimiz digər kəndlərindəki ermənilərin xeyli hissəsi də I və II Qarabağ savaşından sonra qanunsuz olaraq məskunlaşanlardır. Bu haqda saytımızda mütəmadi olaraq məlumatlar vermişik. 

Ümumiyyətlə, hesab edirik ki, keçmiş Dağlıq Qarabağ və ətraf rayonlarımızda 1988-ci ilədək ermənilərin yaşamış olmadığı yaşayış məntəqələrimizin dəqiq siyahıları tutulmalı və yaxın gələcək onların boşaldılaraq əsil sahiblərinə, yəni 30 ildən çoxdur məcburi köçkün həyatı yaşayan soydaşlarımıza qaytarılması təmin edilməlidir. Belə məntəqələrimizə misal olaraq Kəlbəcər rayonunun Çərəktar, Ağdam rayonunun Sırxavənd və s. də misal çəkmək olar...

Sultan Laçın

Rəylər

Aşağıdakı məlumatları qeyd edin