“Bəlkə Laçındakı qanunsuz erməni kilsəsində də haykların ibadətini təmin edək?..”

Mübariz Qurbanlı: "Xudavəng birmənalı alban kilsəsidir, çünki Kəlbəcərdə heç vaxt ermənilər yaşamayıb..."

“İnanırıq ki, tezliklə Dini Komitə rəhbərinin dilindən “Laçındakı qanunsuz erməni kilsəsi sökülməlidir” tələbini də eşidəcəyik...”

-FİKİR SAVAŞI...-

Dünən – mayın 2-i günorta saatlarında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  "Heydər Əliyev 100: azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfransdan sonra jurnalistlərə açıqlamasında Kəlbəcər rayonunun Vəng kəndi yaxınlığındakı qədim Xudavəng məbədimizdə hələ də fəaliyyət göstərən erməni keşişləri barədə belə bir tamamilə haqlı və ədalətli fikir səsləndirdi:

“Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir. Çünki onların həmin monastıra heç bir aidiyyəti yoxdur. Əminəm ki, onlar oradan çıxıb gedəcəklər. Xudavəng monastrı Qafqaz Albaniyasına məxsus abidədir. Gec-tez Alban-udi icması tərəfindən hər şey yerinə qaytarılacaq”.

Bu haqda xəbər Azərbaycan saytlarında yayıldıqdan sonra erməni mediasında və sosial şəbəkələrin erməni seqmentində hay-küy qaldırıldı ki, ay aman, erməni keşişlər Azərbaycandan qovulur və guya Azərbaycanda ermənilərin hüquqları, o cümlədən dini ayinləri icra etmə azadlığı pozulur. Bununla paralel Kəlbəcərdəki bəhs edilən Xudavəng məbədində qanunsuz fəaliyyət göstərən keşişlərin I Qarabağ savaşı və Aprel döyüşlərində iştirak etmiş terrorçu rəhbəri Ter-Hovanes Hovanesyan açıqlama verərək “öz torpağında, öz kilsəsində olduğunu və buranı heç vaxt tərk etməyəcəyini” bildirdi.

Axşam saatlarında isə, görünür, Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aktiv danışıqlarının getdiyi və məhz hər iki ölkədəki milli azlıqların(təbii ki, Azərbaycandakı ermənilərin də) hüquqlarının da əsas müzakirə movzularından biri olduğu həssas bir məqamı nəzərə alan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri mediaya əlavə bir açıqlama da verərək ölkəmizdə milli və dini azlıqların, o cümlədən ermənilərin hüquqlarının kifayət qədər təmin edildiyini vurğulayıb. Mübariz Qurbanlı bir az öncə söylədiyi fikirlərinin düzgün anlaşılmadığını bildirərək Bakıdakı erməni kilsəsinə diqqət çəkməklə belə deyib:

“Azərbaycan multikultural və tolerant dəyərlərə yüksək yer verən ölkədir və Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərir... Bu gün Azərbaycanda pravoslav kilsəsi, yəhudi sinaqoqları və digərləri azad formada fəaliyyət göstərir. Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə yaşayan ermənilərin də öz dini ayinlərini icra etməsi üçün heç bir problem yoxdur".

Erməni saytları dərhal “Azərbaycan Dini Komitəsinin rəhbəri öz əvvəlki açıqlamasında ermənilərə qarşı hədələrini redaktə edib” yazaraq Mübariz Qurbanlının sonuncu açıqlamasını da tirajlayıb.

Revanşist xislətli hayklar elə anlayıblar ki, bununla Azərbaycan Kəlbəcərdəki Xudavəng məbədində qanunsuz fəaliyyət göstərən erməni keşişlərin çıxarılması tələbindən geri çəkilib. 

Halbuki söhbət sovet dövründən bəri Qarabağın dağlıq hissəsində yaşayan və hazırda Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olan ermənilərin dini ayinlərini icra etməsindəki azadlığından gedir. 

Xatırladırıq ki, hörmətli Mübariz Qurbanlı  bundan əvvəlki çıxışlarında da bir neçə dəfə Kəlbəcər rayonu ərazisində tarixən ermənilərin yaşamadığını, sözügedən məbədlə ermənilərin heç bir əlaqəsinin olmadığını və həmin məbəddəki keşişləri Azərbaycanın alban-udin icması nümayəndələrinin əvəzləməsinin zəruriliyini vurğulayıb.

Məsələn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin 21 fevral 2021-ci il tarixində  “Report”a müsahibəsindən sitatları diqqətinizə çatdırırıq(bax://scwra.gov.az/az/view/news/9699/mubariz-qurbanli-xudaveng-birmenali-alban-kilsesidir-chunki-kelbecerde-hech-vaxt-ermeniler-yashamayib?):

"Xudavəng birmənalı alban kilsəsidir, çünki Kəlbəcərdə heç vaxt ermənilər yaşamayıb".

"Keçmiş Dağlıq Qarabağdakı xristian dini abidələri Erməni qriqoryan-Kilsəsinə aid idisə, nəyə görə ermənilər bu məbədlərlə nə çar Rusiyası, nə də SSRİ dövründə maraqlanmırdılar?"...

Bəli, Dini Komitə rəhbərimizin vurğuladığı kimi, tarixən Kəlbəcər rayonu ərazisində nə toplu şəkildə ermənilər yaşayıb, nə də onların orada kilsəsi olub...

Yoxsa, son 100 ildən çox bir dövrdə  torpaqlarımızın işğalında, soydaşlarımızın soyqırıma uğramasında əsas ideoloq və təşkilatçılardan olan erməni kilsəsinin ürəyindən keçir ki, Kəlbəcər rayonunun əsil, azərbaycanlı, türk sakinləri öz doğma dədə-baba yurdlarına qayıtdıqdan sonra da Xudavəngdəki keşişlər yerlərində qalsınlar? Bəlkə Laçın şəhərindəki, 1997-ci ildə, yəni işğal dövründə həmin şəhərin azərbaycanlı sakinlərindən  birinin evinin yerində qanunsuz olaraq tikilmiş erməni kilsəsində də haykların ibadətini təmin edək?

Erməni dairələrinin də, beynəlxalq təşkilatların da birdəfəlik diqqətinə çatdırmaq gərəkdir ki, Kəlbəcərdəki Xudavəng məbədi işğal dövründə erməniləşdirilib, Laçındakı kilsə də işğal dövründə tikilib. Və inanırıq ki, tezliklə Dini Komitə rəhbərinin dilindən “Laçındakı qanunsuz erməni kilsəsi sökülməlidir” tələbini də eşidəcəyik...

Sultan Laçın

Rəylər

Aşağıdakı məlumatları qeyd edin