Siyasi paytaxtın nəbzi Mədəniyyət paytaxtı ilə bir vurmayanda…

8 may 1992-ci il - Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Şuşa şəhərini işğal etdiyi gündür. Əlbəttə, bu işğal iki amillə şərtlənirdi:

1) Ermənistanı müdafiə edən, hər cür hərbi, texniki-təşkilati dəstək verən (yaxındakı və uzaqdakı) güclü himayədarlarının olması;
2) Çox təəssüflər ki, Azərbaycanda siyasi hakimiyyət uğrunda kəskin mübarizənin getməsi…

Ermənilər Şuşanı işğal edib, "Dağlarda toy" edəndə, nə yazıqlar ki, vəzifəyə toy evi kimi baxanlar Bakıda siyasi hakimiyyət qovğası içindəydi…
O zaman da vətəncanlı oğullarımız vuruşurdu - son silah, son daraq, son güllə, son süngü, son nəfəsədək… Ancaq siyasi paytaxt mədəniyyət paytaxtı ilə nəfəs almalıydı!.. Belə olmadığı üçün elə oldu - Tehran güneydən, Moskva quzeydən, Paris-maris də uzaqlardan ermənilərin “Dağlarda toy”una şabaş, nəmər… göndərməkdəydi…

Getsin gəlməsin!!!
Əziz Şuşa üç onillik boyunca işğal altında qaldı.

İllər keçir, ermənilər Şuşanı danışıqlar masasında təsəvvür belə etmirdi. Biz üzülürdük, üzülürdük… Üzüntümüz ömrümüzə hopur, kimində sonuncu ümid də ölür, kimi özü həyata gözlərini yumur, kimi də havalanırdı… Havalıydıq havamız çatmırdı…

Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan ağla, ruha, sevdaya… tərs gəlirdi. Olmurdu, alınmırdı. Artıq yalnız möcüzə baş verməliydi ki, Şuşa öz əsl yiyəsinin nəfəsinə isinsin, torpağına gül-çiçək, quruyan bulağına su, göyünə ay-yıldızlı bayraq, minarəsinə azan qayıtsın!..

Bəli, biz möcüzə gözləyirdik! O möcüzədən nə gözləyirdiksə, onlar Dəmir Yumruq, siyasi iradə, dövlət-xalq birliyi hesabına oldu!
Haqq incəldi, üzülmədi!

Təqvimimizdəki 8 may utancı başqa bir 8-lə və qürurla əbədi əvəzləndi!
Qədim Azərbaycan-Türk təqvimi ilə səkkizinci ayın 8-də - 2020-ci il noyabrın 8-də tarixə keçən o möhtəşəm sözləri qulağımızla yox, ruhumuzla, bütün varlığımızla, necə deyərlər, vəhdəti-vücudla eşidirdik! - Şəhidlər Xiyabanından Xalqa müraciət edərək, Şuşanın qurtuluşunun sevincini bölüşən

Müzəffər Ali Baş Komandan deyirdi:

“Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!

Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır!
Gözün aydın olsun, Azərbaycan!

Gözünüz aydın olsun, dünya azərbaycanlıları”!
Tanrı bu sözləri eşitməyi, bu günləri görməyi bizə nəsib etdi!
İndi Şuşadan Zəngəzur, Göyçə görünür!

Necə və neçə “Olmaz” “Olar!” edən Azərbaycan dövləti, xalqı daha necə və neçə mümkünsüzü mümkün qılacaq! Azərbaycan haqq etdiyini alacaq, “hər tərəfdən öz torpaqları ilə çevrələnmiş ölkə” olmaqdan qurtulacaq, böyüyəcəyik!

Əkbər Qoşalı

Rəylər

Aşağıdakı məlumatları qeyd edin