2023-cü ilin yanvar-iyun aylarında Şuşa rayonunun sosial-iqtisadi inkişafı haqqında

Ümumi məhsul buraxılışı və onun istifadəsi haqqında. 2023-cü ilin yanvar-iyun aylarında Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, tikinti-quraşdırma işləri, nəqliyyat və anbar təsərrüfatı) məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən  189,4  faiz artaraq, 161476,5 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 5630,6 manat təşkil etmişdir. 

Rayonda istehsalın ümumi həcminin artmasının əsas səbəbi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə sənaye müəssisələrinin işlərinin 93,8 faiz,  kənd təsərrüfatı üzrə 23,9 faiz, tikinti-quraşdırma işləri üzrə 202,2 faiz artmasıdır. 

Məhsulun 2807,8 min manatı sənayedə, 3330,5 min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 154999,2 min manatı tikinti-quraşdırma işləri sahəsində,  339,0  min manatı nəqliyyat və anbar təsərrüfatı sahələrində olmuşdur. 

 

Demoqrafik vəziyyət haqqında.  Şuşa rayonunun ərazisi 310,0 kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 93 nəfər təşkil edir. 

2023-cü ilin iyulun 1-i vəziyyətinə Şuşa rayonunun əhalisi 28762 nəfər olmuşdur. 2023-cü ilin yanvar-iyun ayları ərzində Şuşa rayonunda 164 nəfər doğum, 79 nəfər ölüm, 85 nəfər təbii artım qeydə alınmışdır. Bundan başqa Şuşa rayonunda 90 nigah , 37 boşanma olmuşdur.

       

 İqtisadiyyatda muzdla çalışan işçilər və əməkhaqqı barədə.   Şuşa rayonunda 01 iyul 2023-cü  il tarixinə 15 və yuxarı yaşda olan əmək qabiliyyətli əhalinin 75,3  faizini  iqtisadi fəal əhali təşkil etmişdir. İqtisadi fəal əhalinin tərkibində məşğul olanların xüsusi çəkisi  93,6 faiz olmuşdur.

2023-cü ilin yanvar-iyun aylarında  rayonun  iqtisadiyyatında muzdla çalışan işçilər üzrə orta aylıq nominal əməkhaqqı 814,0 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövründə isə orta aylıq nominal əməkhaqqı 691,1 manat təşkil etmişdir. Orta aylıq nominal əməkhaqqı ötən ilin altı ayı ilə müqayisədə 17,8 faiz artmışdır. 

 

Yeni iş yerləri haqqında. 2023-cü  ilin yanvar-iyun  aylarında rayonda  177 vahid yeni iş yeri açılmışdır ki, onların da hamısı daimi yeni iş yeri olmuşdur. Açılan yeni iş yerlərindən 45-i mövcud müəssisə və təşkilatlarda, 132-i isə  yeni yaradılmış hüquqi şəxslərin payına düşür.

 

Sənaye. Rayon üzrə sənaye təşkilatlarının 2023-cü ilin yanvar-iyun  aylarında malların istehsalı və xidmətlərin göstərilməsi işlərinin dəyəri 2807,8 min manat olmuşdur. Bundan 465,4 min manatı emal sənayesi istehsalı, 2342,4 min manatı isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı sahəsinə aiddir.

         Ötən ilin müvafiq dövründə yerinə yetirilmiş işlərinin dəyəri 1449,1 min manat olmuşdur. Baxılan dövrdə yerinə yetirilmiş podrat işlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən  93,8 faiz çox olmuşdur.   

Sənaye  təşkilatlarında  ilin  əvvəlindən 137  nəfər çalışmışdır. Onlara 1165,2 min manat əməkhaqqı fondu hesablanmışdır. Bir işçiyə düşən orta aylıq əməkhaqqı 1421,0 manat olmuşdur.

   

Tikinti. Rayon üzrə tikinti təşkilatlarının 2023-cü ilin yanvar-iyun  ayları ərzində tikinti quraşdırma işləri 154999,2 min manat olmuşdur ki, onun da 154095,2 min manatını dövlət mülkiyyəti, 904,0 min manatı isə qeyri-dövlət mülkiyyəti üzrə yerinə yetirilmişdi.

2022-ci ilin yanvar-iyun aylarında tikinti işlərinin dəyəri 51298,6 min manat olmuşdur.

2023-cü ilin yanvar-iyun ayları ərzində yerinə yetirilmiş tikinti quraşdırma işlərinin həcmi 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 103700,6 min manat, yəni 202,2 faiz artmışdır.

2023-cü ilin yanvar-iyun ayları ərzində əsas kapitala 155679,9 min manat investisiya yönəldilmişdir.

 

Kənd təsərrüfatı işlərinin gedişi haqqında. Şuşa rayon əhalisi məcburi köçkün olaraq respublikamızın müxtəlif rayon və şəhərlərində məskunlaşmış və həmin ərazilərdə bu və ya digər formada torpaqdan istifadə etməklə müxtəlif növ kənd təsərrüfatı bitkilərinin əkinini aparmışlar.

Şuşa rayonu üzrə 2023-cü ilin kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir. Məlum olmuşdur ki,  Şuşa rayonu üzrə 2023-cü ilin məhsulu üçün 01 yanvar 2023-cü il vəziyyətinə 2306,8 hektar sahədə şumlama işi aparılmış, ondan 744,9 hektarında buğda, 1232,8 hektarında arpa, 112,6 hektarında  isə yaşıl yem üçün  xəsil əkilmişdir. Məhsul yığımı üçün yaz əkininin sonunadək salamat qalan sahə 549,1 hektar buğda sahəsi və 561,6 hektar arpa sahəsi olmuşdur.

2023-cü ilin məhsulu üçün rayon üzrə yazlıq əkin də aparılmışdır. Yazlıq əkindən 10,8 hektar sahədə dən üçün qarğıdalı, 67,9 hektar sahədə tərəvəz, 2,7 hektar sahədə kartof, 15,8 hektar sahədə isə yazlıq yonca və 82,0 hektar sahədə ərzaq üçün bostan bitkiləri (52,0 hektar yemiş, 30,0 hektar qarpız)  əkilmişdir.

Beləliklə, 2023-cü ilin məhsulu üçün 1473,1 hektar əkin sahəsi vardır. Bunun 1223,3 hektarı payızlıq, 179,2 hektarı yazlıq və 70,6 hektarı  isə keçən illərdən qalmış yonca sahəsidir.

Bundan başqa rayonumuzda 12,5 hektar bağ sahəsi vardır. 

2022-ci ildə 2038,0 hektar, bu il isə 1121,5 hektar sahədə dənli və dənli paxlalı bitkilər əkilmişdir ki, bu da keçən ilə nisbətən 916,5 hektar, yəni 55,0 faiz  azalmışdır. 

2022-ci ildə 154,5 hektar, bu il isə 152,6 hektar sahədə kartof, tərəvəz və bostan bitkisi əkilmişdir ki, bu da keçən ilə nisbətən 1,9 hektar, yəni 1,2 faiz azalmışdır.

2022-ci ildə 77,8 hektar, bu il isə 112,6 hektar yaşıl yem, yəni xəsil əkilmişdir ki, bu da keçən ilə nisbətən  34,8 hektar, yəni 44,7 faiz artmışdır.

2022-ci ildən qalma 70,6 hektar və yeni əkilmiş 15,8 hektar yonca sahəsi olmaqla, cəmi 86,4 hektar yonca sahəsi vardır.

2022-ci ildə 142,9 hektar, bu il isə 86,4 hektar yonca sahəsi vardır ki, bu da keçən ilə nisbətən 56,5 hektar, yəni 39,5 faiz  azalmışdır. 

01 iyul 2023-cü il tarixinə rayon üzrə 549,1 hektar buğda sahəsindən 207,0 hektarında məhsul yığımı aparılmış və 5094,4 sentner məhsul əldə edilmişdir.

01 iyul 2023-cü il tarixinə rayon üzrə 561,6 hektar arpa sahəsindən 449,0 hektarında məhsul yığımı aparılmış və 9748,0 sentner məhsul əldə edilmişdir.

01 iyul 2023-cü il tarixinə heyvandarlıq sahəsində rayon üzrə bütün  təsərrüfat kateqoriyalarında 4767 baş iribuynuzlu mal-qara, o cümlədən 2321 baş inək və camış, 35057 baş qoyun və keçi mövcud olmuşdur.

01 iyul 2023-cü il tarixinə mövcud olan mal-qaranın baş sayı ötən ilin müvafiq dövrü  ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 149 baş, o cümlədən inək və camışların sayı 102 baş, qoyun və keçilərin sayı isə 1268 baş az olmuşdur.

Hesabat dövrünə rayon üzrə ət istehsalı 1995,0 sentner (diri çəkidə), süd istehsalı 12427,0 sentner, yumurta istehsalı 635,0 min ədəd, yun istehsalı isə 540,0 sentner olmuşdur. Bu da keçən ilin müvafiq dövrünə nisbətən ət 7,0 sentner, yəni 0,4 faiz çox, süd 2,0 sentner, yəni 0,02 faiz çox, yumurta 7,0 min ədəd, yəni 1,1 faiz çox, yun 60,0 sentner, yəni 12,5 faiz çox olmuşdur.

2023-cü  ilin yanvar- iyun aylarında  kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 3330,5 min manat, yəni keçən ilin müvafiq dövrünə nisbətən 23,9 faiz çox olmuşdur. 

 

Nəqliyyat və anbar təsərrüfatı sektorunun inkişafı haqqında.   Rayon üzrə 2023-cü ilin yanvar-iyun aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində işin həcmi 339,0 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz azdır. 

 

 Şuşa Rayon Statistika İdarəsinin rəisi

 Anar Xəlilov

Rəylər

Aşağıdakı məlumatları qeyd edin