“Rus sülhməramlının ailəsi Xankəndindən Ermənistana keçdi” - AKSİYANIN 9-CU GÜNÜ

“Aksiya dinc şəraitdə keçirilir, sülhməramlılara qarşı hər hansı bir kənar hərəkətlərə yol verilmir. Əsas diqqəti çəkən məqam isə yolu aksiya iştirakçıları yox, məhz sülhməramlılar bağlamasıdır. Mən aksiyada iştirak edən zaman səhərə yaxın bir sülhməramlının ailəsi Xankəndindən Ermənistan ərazisinə keçmək istədi, aksiya iştirakçıları tərəfindən onların keçidinə heç bir maneə törədilmədi. Əksinə keçidə şərait yaradıldı”.

Bu sözləri Ednews-a hazırda Laçın yolunda davam edən aksiya iştirakçısı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov bildirib. Onun sözlərinə görə aksiya iştirakçılarının əhval-ruhiyyəsi yüksək səviyyədə, tələblərinin yerinə yetirilməsində qarşılarına qoyulan məqsədə çatmalarında israrlıdırlar. Əsas tələb ərazilərimizdə aparılan ekoloji terrora son qoyulmasıdır.

“Milli sərvətlərimizin talanılmasına son qoyulmalı, həmin ərazilərdə monitorinqlərin aparılmasına şərait yaradılmalıdır. Xankəndində qanunsuz özlərini rəhbər elan etmiş separatçı şəxslər Azərbaycan ərazilərindən çıxarılmalıdır. Sülhməramlılar öz missiyasını 10 noyabr Aktının tələblərinə uyğun olaraq yerinə yetirməlidir. Qarabağa qanunsuz səfərlərin qarşısı alınmalı Laçın dəhlizində Azərbaycana məxsus gömrük və nəzarət postları qurulmalıdır. Erməni xalqına qarşı azərbaycanlıların heç bir düşmənçiliyi yoxdur, əksinə bu dinc etiraz aksiyası elə onların da maraqlarını müdafiə edir. Onları cinayətkar rəhbərlərdən xilas etməyə çalışır”.

Xatırladaq ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdə yerləşən yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı etiraz aksiyası keçirirlər.

Oğuz Ayvaz 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin