"Braqa"ya qarşı oynamış Romao "Qarabağ"ın qələbə qazana biləcəyini düşünür

"Qarabağ"ın yarımmüdafiəçisi Julio Romao Portuqaliya futboluna bələd simalardandır.

O, 2 il - 2020-ci ilin avqustundan 2022-ci ilin iyul ayına qədər bu ölkənin "Santa Klara" klubunun üzvü olub. Sonra Ağdam klubuna transfer olunub. Braziliyalı futbolçu "Qarabağ"ın fevralda Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı "Braqa"ya qarşı matçda da bir dəfə iştirak edib. 2021-ci ilin sentyabrında liqanın həmin matçı 1:1 hesabı ilə yekunlaşıb. Romao həmin oyunda 26 dəqiqə meydanda olub.

25 yaşlı futbolçu QOL.az saytına verdiyi müsahibədə "Braqa" barədə danışarkən deyib ki, rəqib çox səviyyəli komandadır: "Topla davranışları, topa sahib olmaları çox yaxşıdır. Digər tərəfdən, həddən artıq hücumameyilli komandadır. Əsas diqqəti hücuma verirlər". 

Bununla belə, futbolçu özləri barədə də müsbət fiklirdədir: "Qarabağ"ın da yaxşı komanda olduğumuzu düşünürəm. Biz onlara qarşı həddən artıq diqqətli və konsentrasiyalı olmalıyıq. Yaxşı nəticə qazanmaq məhz bundan çox asılı olacaq. Əgər onlara qarşı meydanda təmkin və diqqət nümayiş etdirə bilsək, təbii ki, qalib gələ bilərik". 

Xatırladaq ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində ilk oyununa fevralın 15-də səfərdə, cavab görüşünü fevralın 22-si Bakıda keçirəcək.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin