"Qarabağ" yeni futbolçu ilə razılaşıbmı?

"Qarabağ" transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış yeni futbolçu almaq üçün danışıqları davam etdirir.

Bu barədə Qol.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib. O, son anadək futbolçularla danışıqlar aparacaqlarını, lakin hazırda heç bir oyunçu ilə razılaşmadıqlarını deyib: 

"Transfer üçün son anadək danışıqlarımız davam edəcək. Ancaq hazırda keç kimlə razılıq əldə olunmayıb. Bu gün saat 21:00-adək vaxtımız var. Daha sonra isə Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim etməliyik". 

Qeyd edək ki, daha əvvəl komandanın baş məşqçisi Qurban Qurbanov yeni qapıçı transfer etməyə çalışdıqlarını, fevralın 2-dək danışıqlar aparacaqlarını bildirmişdi. Ağdam təmsilçisi bu qış transfer pəncərəsində heyətinə üç futbolçu qatıb. "Qarabağ" Redon Cica, Adama Diakabi və Yassin Benzianı sıralarına cəlb edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin