“Qarabağ”ın sabiq baş məşqçisi: “Nyukasl”ın təzyiqindən çıxmaq üçün sürətli keçidlər vacibdir

“Qarabağ” rəqibin təzyiqindən düzgün çıxsa, uğur qazana bilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın sabiq baş məşqçisi Elşad Əhmədov Ağdam klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin "Nyukasl" komandası ilə keçirəcəyi oyunla bağlı danışarkən deyib.

Mütəxəssis qarşılaşmanın çox çətin keçəcəyini söyləyib: “Nyukasl” rəqibin müdafiədən rahat oyun qurmasına imkan vermir və əsasən ön xətdə yüksək pressinq tətbiq edir. Çox yaxşı mübarizə aparırlar, fiziki cəhətdən güclüdürlər və sürətli futbol oynayırlar. Əgər irəlidə pressinq tətbiq etsələr, “Qarabağ”ın işi xeyli çətin olacaq. Lakin komandamız rəqibin təzyiqindən düzgün və sürətli ötürmələrlə çıxa bilsə, daha rahat oyun nümayiş etdirə bilər. Komandamızın oyunu alınsa, hətta qələbə qazanmaq da mümkündür”.

Elşad Əhmədov İngiltərə klubları ilə oyunların yerli futbolçular üçün niyə çətin keçdiyinə də toxunub: “İngiltərə təmsilçiləri ilə qarşılaşmaların əsas çətinliyi mübarizə, güc və sürətdir. Onlar hər epizodda sona qədər mübarizə aparırlar. Bu amillər oyunun tempini xeyli artırır”.

O, qarşılaşma ilə bağlı ümumi proqnoz verməkdə çətinlik çəkdiyini bildirib: “Üstünlük, əlbəttə ki, rəqib tərəfdədir. Konkret proqnoz vermək istəməzdim. Amma inanıram ki, təmsilçimiz doğma meydanda azarkeşlərin dəstəyi ilə layiqli mübarizə aparacaq”.

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin