Yeni baş məşqçi “Xankəndi”nin əsas hədəfini açıqladı
“Xankəndi” klubunda baş məşqçi dəyişikliyi baş verib. Röyal Nəcəfov komandanın sükanı arxasına gətirlib. Yeni baş məşqçinin rəhbərliyi ilə klubun fəaliyyətinin necə davam etdiriləcəyi maraq doğurur. Hazırda “Xankəndi” FK-nın gələcək fəaliyyət strategiyası müzakirə olunur.
Yeni baş məşqçi Röyal Nəcəfov Modern.az-a açıqlama verib:
"“Xankəndi”yə baş məşqçi təyin olunmaq mənim üçün böyük məsuliyyətdir. Çünki “Xankəndi” adı özü böyük bir tarix və məna daşıyır. Əsas məqsədimiz komandanın mövcud vəziyyətini yaxşılaşdırmaq, I Liqada mövqeyimizi möhkəmləndirmək və mümkün qədər yuxarı pillələr uğrunda mübarizə aparmaqdır. Qarşıdakı mövsümlərdə isə daha böyük hədəflərimiz olacaq".
Onun sözlərinə görə, hazırda əsas diqqət komandanın oyun sisteminin formalaşdırılmasına və futbolçuların potensialından maksimum istifadə etməyə yönəlib. Baş məşqçi bildirib ki, məqsəd meydanda mübarizə aparan, intizamlı və öz oyun fəlsəfəsi olan komanda formalaşdırmaqdır. O qeyd edib ki, komandada sağlam və peşəkar struktur qurmaq, mövcud çatışmazlıqları aradan qaldırmaq və düzgün sistem yaratmaq üçün müəyyən zamana ehtiyac var.
"“Xankəndi” elə bir addır ki, bütün sahələrdə daim yüksəkdə olmalıdır. Komandanın mərhələli şəkildə inkişaf etdirilməsi və davamlı inkişafın təmin olunması əsas prioritetlərdəndir. Bu prosesin davamında əsas hədəflərimizdən biri Premyer Liqaya yüksəlmək olacaq”, – deyə baş məşqçi qeyd edib.
0 Rəy