"Onların "Qarabağ"a uyğunlaşması üçün vaxt lazımdır"

“Son turun oyunlarının əksəriyyətində hesab oyuna görə oldu. Bir təsadüfi nəticə “Sumqayıt”ın qələbəsidir. “Səbail”lə “Sumqayıt”ın oyunu (0:1) heç-heçə olmalı idi. Matçın gedişatı onu göstərirdi”.

Bu sözləri Qol.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

Misli Premyer Liqasının 25-ci turunun oyunları ilə bağlı danışan təcrübəli mütəxəssis komandaların ayrı-ayrılıqda durumu ilə bağlı da fikirlərini bildirib:

“Turan Tovuz” nəsə düşünür. Onların qarşıda “Neftçi” ilə kubok oyunları da var. Ola bilər ki, Ayxan Abbasov hansısa taktiki gedişlər edir. Oyuna baxanda “Neftçi”nin üstün olması görünürdü. Hesab da bunu göstərir. Amma mən “Neftçi”də oyun baxımından inkişaf görmürəm. “Qarabağ” ən zəif oyununu oynayanda da düşünürsən ki, komandanın öz oyunu var. Mən istərdim ki, klublarımız öz oyunlarını inkişaf etdirsinlər. Belə olanda məşqçilər də inkişaf edir. “Neftçi”nin 4:0 udmağı o demək deyil ki, hər şey əladır. Həmişə deyirəm ki, “Neftçi”də problemlər var. Hər mövqedə, əsasən də oyun üslubunda çatışmazlıq görünür. Əgər yaya qədər bu məsələlər həll olunmasa, yenə də avrokuboklarda problemləri olacaq.

Ağasəlim Mircavadov

“Turan Tovuz” azarkeşlərinin məğlubiyyətə baxmayaraq, komandaya o cür dəstək verməsi çox yaxşıdır. Komandalar futbolu azarkeşlər üçün oynayır. Azarkeşlər də əsasən bölgələrdədir. Ona görə də bölgə klubları çempionatımıza rəng qatır.

“Qarabağ”ın “Qəbələ”yə qalib gəlməsi (3:1) gözlənilən idi. “Qarabağ” transfer işində nadir hallarda səhv edir. Hazırda bu oyunçuları seçiblər, onların güclərini bilirlər. Bu futbolçuların komandaya uyğunlaşması üçün vaxt lazımdır. Bəzilərində tez, bəzisində gec ola bilər. Oynamağı bacarırlar, amma gərək “Qarabağ”ın üslubuna uyğunlaşsınlar. Mən düşünürəm ki, “Qarabağ”ın avrokuboklara hazırlıq baxımından bir problemləri olmayacaq. “Qəbələ” də yaxşı mübarizə aparır. Heyətlərində yaxşı oyunçular var. Komandada istək də hiss olunur.

“Şamaxı”nın oyunu çox xoşuma gəlir. Bizim uşaqlığımız küçədə keçib. Yəni futbola görə belə olub. Məktəbdən gəlirdik, bir az çörək, pomidor, xiyar yeyib qaçırdıq futbola. Həmişə böyüklərlə oynayırdıq. İstəkli olmuşuq. Əslində məhəllə futbolu futbolun akademiyasıdır. “Şamaxı”nın da istəkli olması xoşuma gəlir. Səhvləri var, amma gəlin baxaq ki, onlarda kimlər oynayır. Əksəriyyəti başqa klublara lazım olmayan oyunçulardır. Çox yaxşı da oynayırlar. İstək onların zəif cəhətlərini örtür. Bu istəyin hesabına xallar qazanırlar. Buna görə komandanı təbrik edirəm. “Zirə” ilə oyunda (2:2) da əzmkarlıq göstərdilər. Komanda hesabda geri olanda ruhdan düşmür. Bu, çox yaxşı haldır. 

“Zirə”də sabit oynamaq üçün heyəti tam hazırlamaq lazımdır. Baş məşqçi Rəşad Sadıqov həmişə axtarışdadır. Oyunçuların mövqeyində də dəyişiklik edir. Axtardığını tapmaq istəyir. Bu, yaxşı qərardır. Biz “Zirə”nin gücünü avrokuboklarda görəcəyik. Məncə, “Zirə” Konfrans Liqasına vəsiqə qazanacaq. 

“Sabah”da sabit oyun yoxdur. Amma öz yollarını tutublar. Onlar üçün düzgün yoldur. Düşünürəm ki, “Sabah”da 1-2 mövqeyə oyunçu lazım olacaq. Özləri də axtarışdadır. “Sabah” sürətli oynamaq istəyir. Ola bilər ki, baş məşqçi hələ istədiyi heyəti tam qura bilməyib. “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldilər. Əvəlki turlarda isə uduzmuşdular. Komanda nəsə etmək istəyir.
Gəncə futbolu həmişə olub, olmalıdır. Orada söz-söhbətlər var. Elə bunlar “Kəpəz”in oynamağına imkan vermir. Orada olan futbol veteranları ilə komanda arasında birlik yaranmalıdır. Onda uğur ola bilər. Komanda da bir ailədir. Gərək dedi-qodu qırağa çıxmasın. Ailənin böyüyü olduğu kimi, klubda da prezident və baş məşqçinin sözü keçməlidir. Gəncədə həmişə futbol olub. Niyə də indi olmasın?”  

Rəylər

Aşağıdakı məlumatları qeyd edin