"Qarabağ" hücumçu aldı - Braziliyalı artıq Bakıdadır

"Qarabağ" bu yay ikinci transferini gerçəkləşdirmək ərəfəsindədir.

Qol.az-ın əldə etdiyi xəbərə görə, braziliyalı Olavia Viera dos Santos Junior (qısa adı Juninyo) Ağdam klubu ilə müqavilə imzalamaq üçün Bakıya gəlib. 26 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. Əldə etdiyimiz xəbərə görə, Juninyonun doğma mövqeyi sağ vinger olsa da, baş məşqçi Qurban Qurbanov onu sırf mərkəz hücumçusu oynatmağı düşünür. Braziliyalı Portuqaliya liqasında bu mövqedə də çıxış edib.

Qeyd edək ki, Juninyo Braziliyada "Atletiko PR" klubunun yetirməsidir. O, "Atkletiko" ilə yanaşı müxtəlif illərdə ölkəsində "Brazil", "Novurizontino", "Fiqeyrense", "Vila Nova" komandalarında da oynayıb. 2020-ci ilin oktyabrında Portuqaliya yüksək liqa təmsilçisi "Şaviş"ə keçib. Ötən mövsüm o, əsas heyət üzvü olduğu"Şaviş"lə Premyer Liqada 30 oyunda meydana çıxıb, 4 qol vurub.  Onun klubu ilə müqaviləsi 2024-cü ildə başa çatır. "Qarabağ" bu transfer üçün qarşı tərəfə təzminat ödəyəcək.

Hələlik müqavilənin müddəti və təzminatın məbləği barədə məlumat yoxdur.

Qeyd edək ki, "Qarabağ" bu yay transferində son mövsümü "Zirə"də keçirmiş Hamidu Keytanı da heyətinə qatıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin