"Rakov"dakı dəyişiklik "Qarabağ" üçün üstünlük ola bilər"

Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ" ötən gün 1-ci təsniat mərhələsinin Bakıdakı cavab görüşündə Cəbəllütariq "Linkoln"unu darmadağın etdi - 4:0. Ağdam təmsilçisi ümumi hesabda da rəqibi qabaqlayaraq (6:1) növbəti mərhələyə adladı. 2-ci təsnifat mərhələsində "Qarabağ" Polşa "Rakov"u ilə üz-üzə gələcək.

Qol.az "Qarabağ"ın "Linkon"la matçları, həmçinin "Rakov"a qarşı keçirəcəyi görüşlər haqda mütəxəssislərin fikirlərini öyrənib.

 

"Səbail"in sabiq baş məşqçisi, bir neçə gün əvvəl "Qarabağ" Futbol Akademiyasına koordinator təyin olunan Afdandil Hacıyev "Qarabağ"ın öz təcrübəsi hesabına ilk mərhələni asanlıqla keçə bildiyini qeyd edib: "İki komanda arasında kifayət qədər böyük fərq var idi. Oyun baxımından "Qarabağ" ilk təsnifat mərhələsinin matçlarını daha rahat keçirə bilir. Bu da komandanın təcrübəsinə əsaslanır. Ümumiyyətlə, dünənki cavab oyununda daha çox hücumda olan "Qarabağ" gördük. Bol qollu bir qarşılaşma oldu. Bir matçda 4 qolun olması azarkeşlər üçün də maraqlıdır. Qarşıda bizi daha çətin rəqiblər gözləyir. Amma bu oyunlar komanda üçün faydalı olur".

O, Polşa "Rakov"unu belə dəyərləndirib: "Polşa klubları atletik baxımdan güclü olurlar. Çünki artıq onların da kifayət qədər avrokubok təcrübəsi var. "Rakov" son vaxtlar Polşanın öndə gedən komandalarındandır. İlk mərhələ ilə növbəti mərhələdəki rəqib arasında böyük fərq var. Məşqçilər heyəti komandanı lazım olan səviyyəyə çatdırmağa çalışacaqlar".

AFFA-nın skautu İlqar Qurbanov isə "Linkoln"un "Qarabağ"la müqayisədə zəif komanda olduğunu vurğulayıb: "Yaxşı bir oyun izlədik. Dünən "Qarabağ" demək olar ki, rəqibə şans tanımadı. Rəqib də o qədər də güclü deyildi. Amma "Qarabağ" ümumiyyətlə, onlara şans vermədi".

Mütəxəssis "Rakov"a qarşı matçların çox çətin keçəcəyini deyib: "Rakov" çox ciddi rəqibdir. Bildiyim qədəri ilə, komandada baş məşqçi dəyişikliyi olub. Bu, "Qarabağ" üçün avantaj ola bilər. Çünki məşqçi təzədir, sistemi dəyişdirə bilər. Ondan əvvəlki məşqçi uzun illər orada işləyib. "Qarabağ"ın "Rakov"la yoxlama oyununu Antalyada canlı izləmişəm. Antalyada gördüyüm komanda fiziki cəhətdən güclü idi. 1 topa 2 nəfər gedirdi. Çox yaxşı legionerləri var idi. Açığı, "Qarabağ"ı çətin matçlar gözləyir". 

Qeyd edək ki, "Qarabağ"la "Rakov" arasındakı ilk matç  iyulun 26-da Polşada keçiriləcək və Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Cavab qarşılaşması isə avqustun 2-də Bakı Olimpiya Stadionunda olacaq və yerli vaxtla saat 20:00-da start götürəcək.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin