“Bu ən böyük arzumuz idi” - Muğam müsabiqəsi işğaldan azad olunmuş bölgələrdə də keçiriləcək?

“Muğamımız hər zaman ucalarda olub. Bu gün də istər dövlətimiz, istərsə də xalqımız tərəfindən diqqət mərkəzindədir, sevilir. Muğam Allahın bizə, Azərbaycan xalqına bəxş etdiyi bir xəzinədir. Bunu illərlə ustadlarımız gətirib bu günlərə çıxarıb. Bu günün ustadları da çalışır ki, özlərindən sonrakı nəsillərə ötürsünlər. Amma bunu qeyd etmək lazımdır ki, xalq arasında muğamımız illərlə, əsrlərlə sevilsə də, bu gün onun şöhrət tapmasında, dünya səhnələrində bütün tamaşaçıları ram etməsində, dünya xalqları tərəfindən tanınmasında, sevilməsində əlbəttə ki, ölkəmizin Birinci Xanımı Mehriban xanım Əliyevanın sayəsindədir. Onun qayğısı, təşəbbüsü ilə muğamımız bu gün öz lazımı yerindədir”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Səkinə İsmayılova deyib. O daha sonra əlavə edib:

“Çox şükürlər olsun ki, ilk Muğam Mərkəzi 2008-ci ildə açıldı və onun ardı olaraq bir neçə gün əvvəl Ağdamda Muğam Mərkəzinin açılışı baş tutdu. Təbii ki, bu çox qürurverici bir hiss idi. Həm də böyük bir mədəniyyət hadisəsidir. Mən deyərdim ki, bu ümumilikdə bütün Azərbaycana, muğamsevərlərə, qəlbində, ruhunda xalq musiqisinə, keçmişinə, gələcəyinə sevgisi olan, muğamlarımızı sevən, muğam ifaçılarına bir hədiyyə idi. Özü də misilsiz hədiyyə. İnşallah ki, orada gözəl tədbirlər, konsertlər keçirilər. Bildiyiniz kimi may ayının 13-də artıq Televiziya Muğam Müsabiqəsi başlayır. Yəqin ki, bizim o torpaqlara da səfərlərimiz olacaq. Çünki hər zaman arzumuz bu idi ki, işğaldan azad olunmuş ərazilərdə də Muğam Müsabiqəsi keçirilsin. Şükür Allaha ki, bu arzularımız yavaş-yavaş yerinə yetir” deyə xalq artisti bildirib.

Xalq artisti Nəzakət Teymurova bildirib ki, öz doğma torpağında çıxış etmək həm məsuliyyətli, həm də həyəcanlı idi:

“Çox sevindirici haldır ki, muğamımızın beşiyi olan Qarabağda yenidən milli musiqilərimiz səslənir. Viran qalmış torpaqlarımız yenidən abadlaşır. Cənab prezidentimizin, birinci xanımımızın muğama bu cür böyük dəstək və qayğı göstərməsi bizi həqiqətən də çox sevindirir. Bundan gözəl nə ola bilər ki? Ağdamdakı Muğam Mərkəzi çox möhtəşəmdir, sanki saraydır. Hər bir detalına qədər incəliklə işlənilib. Mən də Ağdam torpağının yetirməsi, bir sakini kimi özümə borc bildim ki, bu açılışda səhnəyə çıxıb, ifa edim. Gözəl də qarşılandı. Ömür boyu biz xalqımıza, dövlət başçımıza, əsgərlərimizə borcluyuq. Nə vaxtsa xəyalımızdan da keçirə bilməzdik ki, biz o torpaqlara qayıdacağıq” deyə sənətkar bildirib.

“Hər şey çox möhtəşəm, gözəl idi. Muğam Mərkəzinin açılışı yüksək səviyyədə keçdi. Biz Mədəniyyət Nazirliyi tərəfindən tamaşaçı qismində dəvət olunmuşduq. Hisslərimi sözlə ifadə edə bilmirəm. Elə bil ki, göyün yeddinci qatında idik. Ağdamda hər yerdə dəhşətli dərəcədə abadlıq işləri gedirdi. Axşam gedib Şuşada qaldıq. İl yarım ərzində orada elə gözəl otel tikilib ki.. Allah bütün əsgərlərimizi qorusun, şəhidlərimizə rəhmət etsin. Cənab prezidentimizə də Allah can sağlığı versin ki, o bizim millətimizi, xalqımızı bütün dünyaya tanıtdırdı. O sübut etdi ki, biz zəif millət deyilik. İnanın ki, Qarabağa gedəndə bir saniyə də olsun gözümü qırpmadım. Sağa-sola, bütün evlərə, yollara baxırdım ki, necə gözəl abadlıq işləri gedir. Bu az müddətdə bir bilsəniz nələr yaradılıb? Hələ bu harasıdır ki? Ürəyim sözlə doludur” deyə sənətkar bildirib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin