Şəxsi arxivlərdən muzey eksponatlarına - Laçınlıların 30 il qoruyub saxladıqları xatirələr
Laçın şəhər 2 nömrəli tam orta məktəbdə “Məktəb Muzeyi” yaradılıb. Muzey eyniadlı Respublika müsabiqəsi çərçivəsində qısa müddətdə – cəmi iki ay ərzində formalaşdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, muzeyin ekspozisiyası təhsil ocağının təxminən 50 illik tarixini əhatə edir. Burada məktəbin fəaliyyətə başladığı ilk illərdən məcburi köçkünlük dövrünə, eləcə də Böyük Qayıdış mərhələsinə qədər uzanan şərəfli yol ardıcıllıqla təqdim olunur. Muzeyin yaradılması təşəbbüsü məktəb kollektivinin birgə səyi nəticəsində reallaşıb. Şagirdlərin tədqiqat bacarıqları, müəllimlərin təşəbbüskarlığı və valideynlərin fəal dəstəyi sayəsində qısa müddətdə yüzlərlə eksponat toplanıb və sistemləşdirilərək ziyarətçilərin ixtiyarına verilib.
Toplanan eksponatlar arasında medallar, vəsiqələr, döş nişanları, “Son zəng” dəvətnamələri, müxtəlif illərə aid qəzet materialları, işə qəbul sənədləri, müəllimlərin istifadə etdiyi dərs vəsaitləri, planlaşdırma sənədləri və digər qiymətli xatirə əşyaları yer alır. Bu eksponatlar məktəbin keçdiyi tarixi yolu, müəllim və şagird kollektivinin fəaliyyətini, eləcə də müxtəlif dövrlərin sosial-mədəni mühitini əyani şəkildə əks etdirir.
Laçın şəhər iki nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edən Şəbnəm Uğurlu bildirib ki, muzeyin yaradılması ideyası müsabiqənin elanından sonra formalaşıb: “Qarşımıza məqsəd qoyduq ki, məktəbimizin yaranmasından məcburi köçkünlük dövrünə qədər olan tarixi toplayaq və onu şanlı qayıdışımızla birləşdirək. Bu prosesdə şagirdlərimizin araşdırmaları, müəllimlərin fəallığı və valideynlərin böyük dəstəyi sayəsində yüzlərlə eksponat toplandı”.

Şəbnəm Uğurlu qeyd edib ki, muzeydə nümayiş olunan eksponatların böyük əksəriyyəti uzun illər ərzində şəxsi arxivlərdə qorunub saxlanılmış əşyalardır: “İnsanlar məcburi köçkün düşdükləri o çətin gecədə özləri ilə götürdükləri ən dəyərli xatirələri - medalları, sənədləri, döş nişanlarını və digər əşyaları muzeyə təqdim ediblər. Bu, sadəcə eksponat deyil, hər biri bir ailənin, bir nəslin yaddaşıdır”.
Onun sözlərinə görə, muzeyin formalaşdırılması prosesində bir sıra təsirli məqamlar da yaşanıb. “Qarlı bir qış günündə müəllimlərimizdən birinin eksponatlarla dolu çanta ilə məktəbə gəlməsi, ən kiçik şagirdlərin belə öz babalarına və nənələrinə məxsus xatirələri sevə-sevə gətirməsi, dünyasını dəyişmiş müəllimlərin övladlarının onların əşyalarını məktəbə təqdim etməsi bu işin nə qədər böyük mənəvi dəyərə malik olduğunu bir daha göstərir”, - deyə Şəbnəm Uğurlu bildirib.
Muzeyin ekspozisiyası həm tarixi, həm də emosional bağları ilə diqqət çəkir. Şəbnəm Uğurlu bildirib ki, burada toplanan hər bir eksponat məktəbin keçmişini bu günü ilə birləşdirir. Muzeyin ən maraqlı nümunələri arasında bir vaxtlar məktəb həyatını kadrlaşdıran “Zenit” fotoaparatı və 1985-ci ilə aid kimya dəftəri də yer alır. Eksponatlar sırasında xüsusi duyğular yaşadan bir nümunə isə Sankt-Peterburqdan göndərilib. Məktəbin məzunlarından birinin 1987-ci ildə üzərinə səmimi arzularını yazdığı məzun önlüyü muzeyin ən dəyərli guşələrindən birini bəzəyir.
Yaradılan “Məktəb Muzeyi” yalnız təhsil ocağının tarixini əks etdirmir, eyni zamanda, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyə olunmasına, tarixi yaddaşın qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.
0 Rəy